ABŞ diktatorlara münasibəti sərtləşdirəcək

Rahim Hacıyev: “Təkliflər ciddi şəkildə nəzərə alınacaq və son illərdə aparılan prosesin daha da güclənməsi ilə nəticələnəcək”

“Freedom House”, Insan Hüquqları Işçi Qrupu və “Connect US Fund”un hazırladığı sənəd bunu tələb edir

Dünyanın bir neçə nüfuzlu təşkilatı ABŞ-da qarşıdakı seçkidə seçiləcək yeni prezident üçün şərtlər müəyyən edib. “Freedom House”, Insan Hüquqları Işçi Qrupu və “Connect US Fund”un hazırladığı sənəddə deyilir ki, ABŞ-ın insan hüquqları ilə bağlı siyasətinin yenidən nəzərdən keçirilməsi baxımından növbəti prezident seçkisi həlledici an olacaq.
Növbəti administrasiyanın xarici siyasətdəki uğuru insan hüquqlarını səmərəli müdafiə etmək qabiliyyətindən asılı olacaq. Sənədi imzalayan təşkilatlar növbəti administrasiya qarşısında duran 10 prioritet məsələni sadalayır. Bunlar əsasən insan hüquqlarına hörmət, kütləvi qırğınların və terrorun qarşısının alınması, demokratiya və insan hüquqları problemləri ilə fəal məşğul olmaq, bu hüquqları pozan hökumətlərlə ABŞ-ın əlaqələrini və müttəfiqliyini nəzərdən keçirməkdən ibarətdir. Bütün bunlar ABŞ prezidenti Barak Obama və prezidentliyə digər namizəd Romney ilə müzakirə olunacaq. Bəs bu məsələlər qarşıdakı seçkilərdə prioritet ola bilərmi?
Siyasi ekspert Rahim Hacıyev bütün dünyada insan hüquqları sahəsində böyük nüfuz qazanmış, bu sahədə xidmətləri və uğurları olan təşkilatların hazırladığı təkliflərin bir neçə cəhətdən diqqəti cəlb etdiyini deyir. Bu tipli təşkilatların ABŞ dövlətinin siyasətinə olduqca ciddi təsiri var. Bunlar artıq bir sistemin müəyyən elementləridir.
Ekspertin sözlərinə görə, 2010-cu ildən başlayaraq ABŞ dünyada genişmiqyaslı demokratikləşmə dalğasının getməsində olduqca ciddi rol oynayır. Bu müddət ərzində azadlıq uğrunda mübarizə aparan xalqlara dəstək verib və bu proses davam edir. Bu tipli təşkilatların da ABŞ-ın siyasətində qlobal miqyasda kəskin dəyişiklik etməsində əhəmiyyətli rolu var. Məhz həmin təşkilatların tövsiyyələri, araşdırmaları, onların hökumətlə kontaktları nəticəsində ABŞ-ın bu siyasəti formalaşıb və bu siyasətin dönməz xarakter alacağı da şübhə doğurmur.
Ekspert istər Obama administrasiyası, istərsə də digər namizədin tövsiyyələri diqqətlə öyrənəcəyini və onların həyata keçirilməsi üçün ciddi səylər göstərəcəyini deyir: “Hələ bir neçə il bundan əvvəl ”növbəti inqilab hadisəsi harda baş verə bilər” sualına ABŞ-ın konqresində demokrat partiyasının rəhbərinin cavabı belə olmuşdu ki, “Freedom House” hesabatlarını izləmək lazımdı. Bu açıq şəkildə o deməkdir ki, bu tip təşkilatların ABŞ-ın xarici siyasətində olduqca böyük rolu var. Bu baxımdan təkliflər ciddi şəkildə nəzərə alınacaq və son illərdə aparılan prosesin daha da güclənməsi ilə nəticələnəcək”.

Fizzə