TQDK niyə canfəşanlıq edir?

“Azadlıq” qəzetində avqustun 1-də dərc edilmiş “Testlərdəki yanlışlıqlar” adlı yazıma Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bir neçə əməkdaşının imzasıyla redaksiyaya cavab məktubu göndərilib. Bu cavab həmçinin TQDK-nın saytında da yerləşdirilib. Ilk növbədə adamı heyrətləndirən məktuba imza atan əməkdar müəllimlərin hiddət dərəcəsi və cavab mədəniyyətidir. Onların fikrincə, mən etik normaları pozmuşam. Halbuki, mən ciddi-elmi metodiki səhvləri etika xatirinə yumşaldaraq, “yanlışlıqlar” kimi təqdim etmişəm.
Bu komissiyanın fəaliyyəti haqqında heç də pis fikirdə olmamışam. Təbii ki, nöqsanlarını deməkdən də çəkinməmişəm. Buna qədər də həm “Azadlıq” qəzetində, həm də “Azadlıq” radiosunda dərsliklər, dərs vəsaitləri və komissiya üzvlərinin reklam roliklərindəki elmi-metodik səhvlər barədə yazmışam. Lakin TQDK heç bir təklifi qəbul etməyə hazır görünməyib. Məhz bu səbəbdən irad tutulan konkret nümunələri  ört-basdır etmək üçün sadaladığım nöqsanları sıra ilə deyil, qarışıq təhlil etməyə cəhd göstəriblər. Amma yenə sağ olsunlar, 3 müəllim 8 gün ərzində cavab hazırlayıb vəziyyətdən çıxmağa çalışıb. Elə məsələlər üzərində dayanıblar ki, öz vəsaitlərinə istinad edib o divar-bu divara vura bilsinlər. Amma sadaladığım iradların böyük əksəriyyətinə “mıkk” eləmək imkanları olmayıb. Məsələn, “Əvəzlik hansı cümlə üzvüdür?” kimi dil qüsuruna cavab tapa bilməzlər. Yaxud “qoluzorlu” sözünü əlamət bildirən sifətlərə aid etməklərinə nə şərh versinlər?
Sıranı hələ çox davam etmək olar. Ona görə də sonda vəziyyətdən çıxmaq üçün “qalan testləri təhlil etməyə lüzum olmadığını” nümayiş etdirmək istəyiblər. Amma hər bir mütəxəssis yaxşı başa düşür ki, bunlar suda boğulan adamın saman çöpündən yapışmaq cəhdinə bənzəyir. Bütün bunlara baxmayaraq, kin və küdurətlə dolu cavablarında mənimlə polemika aparmağa cəhd etsələr də, bilik səviyyəmə kölgə salmaqla diqqəti öz səhvlərindən yayındırmaq məqsədi güdüblər. Bəs onda müzakirə aparmaq üçün məni TQDK-nın elmi- metodik seminarlarına niyə dəvət edirlər?
Yeri gəlmişkən, qurumun əlaqə üçün göstərdiyi telefon nömrəsinə (4403009) dəfələrlə zəng etsəm də, cavab verən olmayıb. Cavab məktubunun yüksək əda ilə yazılmasına  baxmayaraq, mən öz fikirlərimin dəqiq elmi mənbələrə əsaslandığını isbat etməyə çalışacağam.

***

1. VI sinif, səh. 11; test 7.
Müəlliflər məni testlərin şərtini təhrif etməkdə, testdəki hökmləri tam verməməkdə günühlandırırlar. Bəli, bəzi hallarda qəzetin imkanlarını nəzərə alıb şərtin məğzini qısa ifadə etmişəm. Bunun məsələyə nə dəxli var ki? Söhbət “daxil olmaq” felinin ilkin mənadan (addımlayaraq içəri keçmək) uzaqlaşıb-uzaqlaşmamasından gedir. Fakt budur ki, ali məktəbə oxumaq üçün daxil olmaq ilkin mənadan uzaqlaşıb, deməli, həqiqi mənada deyil. Bundan ötrü qrammatik qaydaları yersiz təkrar etməyə nə lüzum var?
2. Səh. 56; 1 saylı test tapşırığı.
Əvvəla, komissiya üzvləri indiyə qədər mövqe və kombinator dəyişmələri bir-birindən fərqləndirməyi bacarmırlar. Əgər bacarsaydılar, bilərdilər ki, dillərin böyük əksəriyyətində sözün sonu cingiltili səslər üçün zəif mövqe sayılır və onlar kar qarışıqları ilə əvəz olunur. Necə ola bilər ki, “kənd” sözü “kənt” kimi deyilir (TQDK), “kooperativ” sözündə isə əvəzlənmə baş vermir? Ən maraqlısı budur ki, müəlliflər  cavab üçün TQDK-nın vəsaitinə istinad edirlər.
3.Səh. 43; 6-cı tapşırıq.
Mübahisə “-ca2″ şəkilçisinin yaratdığı məna ətrafındadır. ”Xırdaca”, “balaca” sözlərinin mənası lüğətdə öz əksini tapıb. Yox, əgər müəlliflər xalqın dilinə korrektə etmək istəyirlərsə, bu başqa məsələ. Bu barədə verdiyim izahlar kifayət qədər aydın təsəvvür yaradır. Bəli, sizin dediyiniz kimi, əlamət qabardılır, lakin azaltma olanda daha az, çoxaltma olanda isə daha çox şəkildə ifadə edilir. Və hesab edirəm ki, dərslikdən nümunə yersiz görünür, çünki bu yanlışlığın dərslikdə də öz əksini tapdığını bildirmişəm.
4. Səh 77; 6-cı test.
Qəribədir, mənim iradıma qarşı arqument tapa bilməyəndə müəlliflər “subyektiv fikirlərini ifadə edir” cümləsilə kifayətlənirlər. Mən deyirəm: “Nə olsun ki, termin kimi ”ümumiləşdirici söz” götürülüb, “yekunlaşdırıcı söz” anlayışı da cavaba mahiyyətcə uyğundur”.
Gəl, indi şagirdə başa sal ki, uyğun deyil, xüsusilə də bu nümunədə, yəni, postpozitiv şəraitdə. Test tərtibatçıları fikri elə yolla çatdırmalıdırlar ki, onu yanlış başa düşmək mümkün olmasın.
5. IX sinif səh. 8; 3-cü test
Əvvəlki yazımda mexaniki olaraq, bunu 2-ci test yazmışam və az qalıb ki, bu texniki qüsura görə məni beynəlxalq məhkəməyə versinlər.
Söhbət nədən gedir? Məlum olduğu kimi, qrammatik omonimlər bir nitq hissəsi daxilində və ümumiyyətlə bir neçə nitq hissəsi daxilində ola bilər. Verilən nümunədə 1-ci və 3-cü cümlələrdəki “kimi” sözü qeyri-müəyyən əvəzlik və qoşma rolunda çıxış edirsə, 1-ci və 2-ci cümlələrdə də əvəzlikdaxili omonimlər var (qeyri- müəyyən əvəzlik və sual əvəzliyi). Testin nasazlığı bundadır ki, şagird əvəzlikdaxili omonimi əsas gətirib 1 və 2-ci cümlədəki sözün də omonimliyini iddia edə bilər. O ki qaldı testin yaddaşa əsaslanmasına, həqiqətən, omonimlərə dair verilən testlərin, demək olar ki, hamısı bu qəbildəndir, yəni, şagirdin əlinin altında həmişə lüğət kitabı olmalıdır ki, suala cavab versin. Əks halda, sözləri əzbər bilməlidir.
6. Səh.24; 4-cü test.
Burada da komissiya üzvləri məni şərti təhrif etməkdə günahlandırıb. Şərt belədir: “Budaq cümləsi baş cümləyə bağlayıcı sözlə bağlanan tabeli mürəkkəb cümləni göstərin”.
Indi deyin görək bağlayıcı sözü tapmadan həmin tabeli mürəkkəb cümləni tapmaq olar? “Bağlayıcı söz” anlayışı 2005-ci ilin dərsliyində yoxdur. 2010-cu ildə nəşr edilmiş dərslikdə olmasını istisna etmirəm. Axı bu il imtahan verən abituriyentlərin böyük əksəriyyəti əvvəlki dərslikdən yararlanıblar. Ən nəhayət, dərslik müəlliflərinin mübahisəsi abituriyentin başında niyə çatlamalıdır?
7. Səh. 28; 3-cü tapşırıq.
Bu cümlə (o səbəbə qalın geyinmişdi ki, donmasın) bədii ədəbiyyat nümunəsi deyil, müəllifin özünün inşa etdiyi (yəni, qurduğu və dodaq büzməyin də yeri yoxdur) cümlədir. Əslində, “o məqsədlə” olmalıydı, “səbəb” sözü ilə əvəz etmək şagirdi çaşdırmaq məqsədi daşıyır ki, şagird “səbəb” sözünə aldanıb budaq cümlənin tipini yanlış müəyyən etsin.
8. Səh 43; 16-cı test.
“Yazın o vaxtları idi ki, Abşeron bağlarında gilənar çiçəklərini tökür, nar ağacları təzəcə çiçək açırdı” cümləsi ilə bağlı verilmiş hökmlərdən səhv olanını tapmaq tələb olunur. Bu da həmin hökmlərdən biri: baş cümlə budaq cümlədən əvvəl gəlib.
Belə fikir hasil olur ki, cümlənin bir budaq komponenti var. Əslində isə, bir neçə budaq cümləli tabeli mürəkkəb cümlədir. Təəssüf ki, müəlliflər qarışıq tipli mürəkkəb cümlələrin orta məktəbdə öyrənildiyini iddia edirlər, halbuki, bu, ağ yalandır.
9. Buraxılış imtahanında istifadə edilən 14 saylı test tapşırığı ilə bağlı mübahisə “düzü” modal sözünün növü ilə bağlıdır.
Müəlliflər TQDK vəsaitindəki təsnifatı əsas götürsələr də, 2010-cu ilin dərsliyinə istinad edirlər. Axı 2010-cu ildə builki məzunlar 9-cu sinifdə oxuyublar. Deməli, vaxtilə 2005-ci ilin dərsliyindən yararlanıblar. Bir də ki, ədalət naminə etiraf etmək lazımdır: “düzü” sözü öz məna çalarına görə “düzdür” modal sözündən ciddi fərqlənir.
Burada etiraf daha çox üstünlük təşkil edir. Onda məsələnin mübahisəli olduğunu nəzərə alıb bu tipli testlərdən yan keçmək lazım idi. Mübahisəni uzatmamaq üçün sözün yəqinlik bildirən modal sözlər qrupuna aid olduğunu daha bir etibarlı mənbəyə istinad etməklə göstərirəm: Qəzənfər Kazımıv, Morfologiya, səh 385.
10. Komissiya üzvlərinin razılaşmadığı iradlardan biri də təyinlə xəbərin əlaqəsinə aiddir.
Söhbət əgər ümimiləşdirici testlərdən gedirsə, onu məqbul saymaq olar. Təəssüf ki, belə deyil.  
11. Növbəti test tapşırığına yenidən diqqət edin.
Ədat haqqındakı fikirlərdən biri səhvdir:
A) Bəzi ədatlar sözün son saitinin ahənginə uyğun olaraq 2 və ya 4 cür yazılır;
B) Ədatlar söz və ya cümlənin mənasını qüvvətləndirməyə xidmət edir;
C) Cümlənin ortasında gələn ədatın hər iki tərəfində vergül qoyulur;
D) “Bəs” sual ədatıdır;
E) “Ki” ədatı həm qüvvətləndirmə, həm də sual bildirir.
Mən deyirəm ki, sizin düzgün hesab etdiyiniz cavab (cümlənin ortasında gələn ədatın hər iki tərəfindən vergül qoyulur) özünü doğrultmur. Çünki “bəli”, “hə”, “xeyr” təsdiq ədatları cümlənin ortasında gələndə hər iki tərəfdən vergüllə ayrılır. Siz nə deyirsiniz? Siz mənə modal sözlərdən danışırsınız.
Düzü, mən heç vaxt həqiqətə iddialı olmamışam. Gözləyirdim ki, bəzi məsələlərdə testlərin düzgün tərtib edildiyinə məni inandıracaqlar. Təəssüf ki, bircə tutarlı cavab ala bilmədim. Ona görə təəssüf edirəm. Belə çıxır ki, TQDK heç bir qurumun nəzarətində olmamasından istifadə edib özbaşınalığını davam etdirəcək.
Daha bir sual: həmişə fəaliyyətinin şəffaf olduğunu bəyan edən bir qurum niyə sual kitabçalarını öz saytında yerləşdirmir (buraxılış imtahanından ikisi istisna olmaqla), gizlədir? Belə olsa, daha nələrin aşkarlanacağını təsəvvür etmək elə də çətin deyil.

Nabatəli Qulamoğlu