İctimai Palatanın Koordinasiya Şurası 55 yaşı olması münasibətilə qurumun üzvü Pənah Hüseyni təbrik edib. Təbrikdə deyilir:
Hörmətli Pənah bəy!
XX əsrin sonlarında Azərbaycan Demokratik Hərəkatının və bu hərəkatın ən böyük qələbəsi olan II Cumhuriyyətin yaranması müasir siyasi tariximizin ən şərəfli səhifələrindən biridir. Bu tarixin yaranmasında, onun qələbəyə çevrilməsində müstəsna rolu olan dövlət xadimlərimizdən biri, heç şübhəsiz, Siz olmusunuz.
Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin ən sadiq silahdaşlarından biri kimi, sonradan isə onun prezidenti olduğu müstəqil Azərbaycan Respublikasının baş naziri kimi fəaliyyətiniz dövründə mühüm islahatların memarı kimi tanınmısınız. Çox qısa bir zaman kəsimində Azərbaycan hökumətinə başçılıq etməyinizə baxmayaraq, millətin mənafeyi naminə atdığınız addımlar yüksək vətənpərvərlik hisslərinizdən xəbər verir. Hazırda Azərbaycanın siyasi səhnəsində müxalifət liderlərindən biri olaraq fəaliyyətiniz və prinsipiallığınız orta və gənc nəsil üçün gözəl bir nümunədir.
Mübaliğəsiz demək olar ki, bu gün Aərbaycanın siyasi səhnəsini Sizsiz təsəvvür etmək mümkün deyil.
Müxalifətin ən böyük güc mərkəzi olan Ictimai Palatanın yaradılmasında, onun taktika və strategiyasının müəyyən edilməsində əvəzsiz xidmətləriniz danılmazdır.
Hörmətli Pənah bəy!
Sizi 55 illik yubileyiniz münasibəti ilə təbrik edir, sizə ən şirin nemət olan can sağlığı və ailə səadəti, mübarizə yolunda uğurlar arzulayırıq.