…bir də “azərbaycanlı”nın açması
Bu gün müxalif düşərgənin barəsində mənfi fikirlər səsləndirən üç-beş adamdan biridir Siyavuş Novruzov. Etiraf edim, Siyavuş müəllimin müxalifət barəsində izhar etdikləri nə təəccübümə səbəb olur, nə də qeyzlənirəm. Nə üçün? Ona görə ki, Siyavuş Novruzov məhz bu rejimin sayəsində Milli Məclisdə oturur, komfort dolanışığını təmin edib. Və rejimdən bəhrələnən bir şəxsin rejimin əleyhinə çıxmasının nə ilə nəticələndiyini çox gözəl bilir. Işdir, Siyavuş Novruzovun dilindən bir gün eşitsək ki, təhsil çöküb, səhiyyə bərbad vəziyyətdədir, rüşvət çiçəklənib, korrupsiya tüğyan edir, o zaman təəccüblənməyə dəyər.
Bir şeyi də yazım ki, Siyavuş müəllimin ölkədə baş verənlərdən, deyək ki, vəzifəli şəxslərin sahib olduqları milyonluq villalar, obyektlər haqqında məlumatı bizdən qat-qat artıqdır. Məgər o bilmir ki, Dubayda kimlər villa alıb, Çovdar qızıl yataqlarında kimlərin payı var, hansı oliqarx-nazirin oğlu hansı holdinqin sahibidir, offşor zonalara kimlər milyonlar keçirib?
Bilir, özü də çox yaxşı bilir. Və bildiyi halda da rejimin ağırlığını çiyninə çəkən üç-beş yapçıdan biridir, bütün körpüləri yandırmaq taktikasına üstünlük verir, aşırı sarkazmı ilə onun kimi düşünməyən soydaşlarını aşağılamaqdan məmnunluq duyur. Bunu nədən edir? Məni düşündürən sadəcə, budur.
***
Türkiyədə çox məşhur olan bu müğənninin Azərbaycanda da heyranları çoxdur. Söhbət Mahsun Kırmızıgüldən gedir. Hərdən mən də onun mahnılarını dinləyirəm və o qənaətdəyəm ki, tərəzinin bir gözünə Mahsun bəyin bir neçə mahnısını, o biri gözünə Azərbaycanın beş-on “Xalq artisti”nin bütün oxuduqları qoyulsa, türk müğənninin o bir neçə mahnısı ağır gələr.
Ünlü sənətkarın sözləri və musiqisi özünə məxsus “Yoruldum” adlı bir şərqisi isə ayrı aləmdir. Bu şərqi ilə müğənni keçdiyi keşməkeşli həyat yoluna, müəyyən zaman kəsimində ölkəsindəki siyasi duruma, insani münasibətlərin hansı vəziyyətdə olduğuna ayna tutur. Və o şərqinin ortasında Mahsun bəy çox əsəbi vəziyyətdə bir bənd şeir deyir. Güman edirəm ki, o mahnıda səslənən o bir bənd şeir bu günün Azərbaycanında siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsi düşünməyə vadar edir. Nədən ki, Azərbaycanda son zamanlar mənəvi dəyərlərin sürətlə devalvasiyası müşahidə olunur. Xülasə, ən yaxşısı odur ki, Mahsun Kırmızıgülün “Yoruldum”unu internetdə bu bağlantıdan (http://www.youtube.com/watch?v=xc7mPwO1Gb8) dinləyin, xüsusən, o bir bənd şeirə diqqət yetirin və nələrdən yorulduğunuzu saf-çürük edin…
***
Mən bilən dünyada ən uzun adı olan millət bizim millətin adıdır. Ola bilər ki, səhv edirəm, maraq edənlər internetdə axtarış saytlarına baş vursunlar, bəlkə də adı 12 hərfdən ibarət başqa bir millət də var. Bu uzunluqda da millət adı olar? Görmüşük ki, millətin adı 3 hərfdən, 4 hərfdən, 5 hərfdən, lap belə səkkiz hərfdən ibarətdir. Yəni rus milləti var, türk milləti var, ingilis milləti, fransız milləti var. 12 hərfli “azərbaycanlı” nə deməkdir, qardaşım? Bəlkə ən uzun adımızı da analoqsuz inkişafımıza əlavə edək?
– Haralısan?
– Azərbaycanlı.
– Millətinin adı nədir?
– Azərbaycanlı.
Anlamı nədir, bu “azərbaycanlı” kəlamının?
Budur. Tərkibi 91% azərbaycanlı (oxu: ADSIZ MILLƏT), 2% ləzgi, 1,3% erməni, 1,3% rus, 1,3% talış, 0,6% avar, 0,4% türk(mehseti), 0,3% tatar, 0,3% tat, 0,3% ukraynalı, müvafiq olaraq 0,1% saxur, gürcü, yəhudi, kürd, 0,04% qrız, 0,04% udin, 0,02% xınalıqlar və 0,1% digər millətlərdən ibarət olan topluma AZƏRBAYCANLI deyilir.
Paradoksa diqqət edin, 2 faizin, 0,6 faizin, 0,3 faizin, hətta, 0,02 faizin adı var, ancaq 91 faiz adsızdır. Nədən belədir?

Siyavuş Novruzov və Mahsun Kırmızıgülün “Yoruldum” şərqisi…
•