Repressiya olunan Daxili Işlər naziri

Inam bəslədiyi sistemin qurbanı

Məlum olduğu kimi, 30-cu illər repressiyaları yalnız sovet sisteminə qarşı olan, onunla barışmayan insanları deyil, həm də sistemin özünə inam bəsləyən, ona xidmət edən şəxsləri də hədəf almışdı. Azərbaycanda o dövrün qurbanı olan şəxslər sırasında da yüzlərlə belə insanların adına rast gəlmək mümkündür. Həmin şəxslərdən biri də 1927-1929-cu illərdə Azərbaycanın daxili işlər naziri olmuş Novruz Rzayevdir.
Novruz Kərim oğlu Rzayevÿ1886-cı ildəÿOrdubadÿşəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, əmək fəaliyyətinə fəhlə kimi başlayaraq xalq komissarı vəzifəsinədək yüksəlmişdi. 1905-ci ildən inqilabi fəaliyyətə başlayan Novruz Rzayev həmin ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şosse yolunda müxtəlif vəzifələrdə çalışıb. Bu dövrdə o, Iran Azərbaycanında baş verən milli özünüdərk proseslərində iştirak edib və çar rejiminin təqibləri ilə üzləşib. Sonralar ona qarşı sovet cəza aparatı tərəfindən irəli sürülmüş qondarma ittihamların ayrılmaz tərkib hissəsini də həyatının bu dövrü təşkil edirdi. Oktyabr inqilabı və Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra uzun müddət sovet partiya orqanlarında rəhbər vəzifələrdə çalışan Novruz Rzayev 1927-ci il mayın 22-dən(2 il) Fövqəladə Komissiyadan sonra adını dəyişərək Dövlət Siyasi Idarəsi kimi fəaliyyət göstərmiş təhlükəsizlik orqanına başçılıq etmişdir. Amma burada dəyişən yalnız forma idi, məzmun dəyişməmişdi və bu orqanlar dövlətin yürütdüyü ideoloji xəttə qulluq edən repressiya aləti idi.
Novruz Rzayev sovet ideologiyasına ürəkdən inanır və bu sistemin onun xalqının əsas problemlərini həll edəcəyinə ümid bəsləyirdi. Amma getdikcə onun bu inamı sarsılır, hər keçən gün ona yanıldığı barədə açıq sübutlar göstərirdi. N.Rzayev öz vəzifəsində çalışdığı müddətdə müvafiq orqanda özünü büruzə verən nöqsanları kəskin şəkildə tənqid etmiş və onların aradan qaldırılması üçün əlindən gələn səyləri göstərməyə çalışmışdır. O, mərkəzə yazdığı məktublarda dəfələrlə repressiyalara, xalqımıza qarşı həyata keçirilən əsassız siyasi təqiblərə qəti etirazını bildirmişdir. Lakin o inanmaq istəmirdi ki, milli mənlik şüurunun oyanmasının və başqa respublikalara yayılmasının qarşısını almaq üçün bolşevik hökuməti kütləvi repressiyaları zəruri hesab edirdi. Buna rəhbərlik edən və yol açan mərkəzi hökumət nəinki onun müraciətlərinə biganə qalır, ziyalı insanları sıradan çıxarmaqla xalqları kütlə psixologiyası ilə idarə etməyə yönəlmiş siyasət yürüdürdü. Belə bir şəraitdə Novruz Rzayev də inam bəslədiyi qəddar rejimin qəzəbinə gəlir.
Yuxarılara etiraz məktubları
Ona qarşı saxta ittihamlar baş alıb gedir. Hətta mərkəzi mətbuat orqanı olan “Izvestiya” qəzeti onunla bağlı “Sovet aparatında jandarmlar” adlı məqalə dərc etdirir. Bu, sifariş əsasında yazılmış məqalədə Novruz Rzayev əksinqilabçı təşkilatlarla əlaqədə, dövlət əmlakına laqeyd münasibət bəsləməkdə ittiham olunur. Bu haqsızlığa dözməyən N.Rzayev Moskvaya – Orconokidzeyə, Molotova, Yaroslavskiyə ünvanladığı məktubda özünə qarşı irəli sürülmüş ittihamları təkzib edir. Hətta 1956-cı ildəÿMircəfər Bağırovunÿcəza qrupunun məhkəməsi zamanı Novruz Rzayevin istintaq işinin içindən onun Stalinə göndərdiyi bir məktubu çıxmışdır. Həmin məktubda onun 1937-38-ci illərdə baş verən kütləvi repressiyalara qarşı etirazı yer alır.
O, əsaslı dəlillər gətirərək, adını ləkələməyə çalışanların susdurulmasını tələb edir. Amma suyu bulandıranlar elə onun müraciət etdiyi orqanlarda oturmuşdu.
Çalışdığı təhlükəsizlik orqanlarında dövlətin birbaşa həyata keçirdiyi repressiyaların forma və metodlarını bilən Novruz Rzayev artıq yuxarılara əngəl olmağa başlamışdı. O, Moskvanın çirkin planlarının həyata keçirilməsinə ciddi maneçilik törədirdi. Elə buna görə də 1929-cu ilin oktyabrında onu Dövlət Siyasi Idarəsinin rəhbərliyindən uzaqlaşdırdılar. Amma bu planı quran şəxslər onu siyasi sistemdən tam kənarlaşdırmağa müvəffəq ola bilmədilər. Bu faktı N.Rzayevin sonradan partiya-təsərrüfat orqanlarında yenidən yüksək vəzifələrə irəli çəkilməsi təsdiqləyir.
1930-cu ilin fevralında Azərbaycan Kommunist Partiyasının razılığı ilə Rzayev Perm şəhərinə getmiş və orada Meşə Sənaye Təsərrüfatının direktoru vəzifəsində işləmişdi. 1931-ci ildə o, Sverdlovsk şəhərində trest müdiri təyin edilmişdir. 1933-cü ilin fevralında isə o, Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən Cənubi Qazaxıstan Vilayət Icraiyyə Komitəsinin sədr müavini vəzifəsinə göndərilmişdir. Qazaxıstana partiya işinə onu həmin vilayətin icraiyyə komitəsinin sədri vəzifəsində çalışanÿMirzoyanÿdəvət etmişdir. Burada erməni hiyləsinin izləri özünü göstərməkdədir. Məlumdur ki, Azərbaycan ziyalılarına, məmurlarına qarşı başlanılmış istintaq işlərinin əksəriyyətini erməni müstəntiqləri aparmışlar. Onlar bir qayda olaraq, bolşevik, menşevik, daşnak kimi adlarla pərdələnsə də, millətimizə qarşı düşmənçilik hissləri hər zaman özünü büruzə verib.
Erməni fitvası ilə güllələnmə qərarı
N.Rzayev 1937-ci il oktyabr ayının 31-də Alma-Ata şəhərində Azərbaycan SSR Xalq Daxili Işlər Komissarlığının qərarı ilə həbs edilərək Bakıya gətirilir. Təsadüfi deyil ki, onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqqında qərara da Azərbaycan SSR Xalq Daxili Işlər Komissarlığının Dövlət Təhlükəsizliyi Idarəsinin 2-ci şöbəsinin rəisi Qriqoryan razılıq verir. Istintaq materiallarından məlum olur ki, Novruz Rzayev ilə üzləşdirmədə Mirzoyan ona qarşı çıxır. O, Rzayevin Qazaxıstan millətçiləri ilə əlaqədə olduğu barədə ittihamlar irəli sürür. Buradan belə qənaətə gəlmək olar ki, azərbaycanlılara qarşı repressiyalar əslində düşünülmüş bir planın tərkib hissəsidir. Təbii ki, həmin çirkin plan Azərbaycanın düşünən beynini aradan qaldırıb, sonradan onun taleyini yad şəxslərin əlinə vermək məqsədi daşıyırdı. Onun işini aparan müstəntiqlərin savadsızlığının və qondarma işi tələm-tələsik bitirmək marağında olmasının parlaq nümunəsi kimi bir faktı göstərmək yerinə düşər. Müttəhimin həbsi haqqında qərarda məhkumun doğulduğu Ordubad şəhərinin belə Irana mənsub olması göstərilib.
Novruz Rzayev 1939-cu il avqustun 2-də Qazaxıstan SSR Xalq Daxili Işlər Komissarlığı qoşunlarının Hərbi tribunalının məhkəməsinin qərarına əsasən bəraət alıb. Amma 1940-cı il yanvarın 5-də saxtalaşdırılmış sənədlər əsasında təkrar həbs olunaraq, SSRI Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü iləÿ1941-ci il iyunun 30-da ölüm cəzasına məhkum edilib. 1955-ci il mart ayının 19-da o, SSRI Ali Məhkəməsinin Hərbi Kollegiyasının Sərəncamı ilə bəraət almışdır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir