İctimai Palata həbsxanalardakı durumu müzakirəyə çıxaracaq

Qurum həyatın hər sahəsini əhatə edən geniş platformanı ictimaiyyətə təqdim edəcək

Ictimai Palatanın Koordinasiya Şurasının ötən gün iclası keçirilib. Iclasda bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və qərarlar qəbul edilib.
Iclasa sədrlik edən AXCP sədri Əli Kərimli “Azadlıq”a açıqlamasında bildirdi ki, Koordinasiya Şurasının iclasında ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib: “Xüsusilə son günlər daha bir inanclı insanın – Hacı Mehdi Şamillinin narkotika ittihamı ilə həbs olunması Ictimai Palatanın etirazına səbəb oldu. Hacı Mehdi Şamilli vaxtilə Xalq Hərəkatında iştirak etmiş inanclı şəxsdir və Bakı kəndlərinin tanınmış ictimai xadimlərdən biridir. Biz Ictimai Palata olaraq hesab edirik ki, onun da narkotika ittihamıyla həbs olunması bu ilin əvvəlindən inanclı şəxslərə qarşı başlanmış repressiyaların tərkib hissəsidir. Biz ictimai-siyasi xadimlərin belə qurama narkotik ittihamlarıyla həbs olunması prakatikasını qəti şəkildə pisləyirik. Qanunsuz həbs olunmuş başqa şəxslər kimi Hacı Mehdi Şamillinin azad olunmasını tələb edirik”.
Əli Kərimlinin sözlərinə görə, iclasda avqustun 7-də Ictimai Palatanın təhsillə bağlı keçirdiyi dinləmənin nəticələri müzakirə olunub: “Qərara gəldik ki, yaxın günlərdə təhsildəki acınacaqlı vəziyyətdən çıxış yollarını nəzərdə tutan Ictimai Palatanın təkliflər paketini ictimaiyyətə təqdim edək. Bu məqsədlə müvafiq qərarlar qəbul olundu.  Müzakirələrdən sonra belə qərara gəlindi ki, Ictimai Palatanın platformasının üzərində iş aparılsın. Ictimai Palatanın həyatın hər sahəsini əhatə edən geniş platforması hazırlanıb ictimaiyyətə təqdim olunsun. Bunula bağlı yaxın həftələrdə müvafiq iş aparılması üçün prinsipial qərar qəbul olundu. Iclasda həmçinin qərara gəlindi ki, gələn həftə daha mühüm bir mövzuda Ictimai Palata dinləmələr təşkil edək. Gələn həftənin ikinci günü saat 12-də Müsavat Partiyasının qərargahında həbsxanalardakı vəziyyəti ictimai müzakirəyə çıxaracağıq. Həbsxanalarda mövcud durum və eyni zamanda siyasi məhbusların vəziyyəti növbəti dəfə diqqət mərkəzində olacaq. Hesab edirik ki, bu da olduqca aktual məsələlərdən biridir”.

Ramin DEKO