Siyasi və ictimai fəalları böhtanla həbs edənləri 3 ildən 8 ilə qədər həbs gözləyir
Müzəffər Baxış: “Bu şəxsləri hökmən cinayət məsuliyyətinə cəlb etmək lazımdır”
Azərbaycanda siyasi mənsubiyyətinə və ictimai fəaliyyətinə görə həsb edilən şəxslərin əksəriyyətinin ittihamı oxşar olur. Bu şəxslər ya narkotik, ya silah saxlamaqda ittiham olunaraq, ya da şərlənərək həbs edilir. Narkotiklə həbs edilənlər arasında AXCP gənclər komitəsinin üzvü Cabbar Savalanlı, satirik-şair Mirzə Sakiti göstərmək olar.
Ictimai Palatanın mitinqində fəallığı ilə seçilən Şirinbacı Rzayevanın oğlu Ilqar Rzayev də, bu günlərdə həbs edilən Azərbaycan Islam Partiyasının keçmiş sədr müavini Hacı Mehdi Şamilli də eyni ittihamla həbs edilib. Hüquq müdafiəçisi Ilham Əmiraslanov isə qanunsuz silah saxlamaqda ittiham edilib. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev isə iğtişaşlara təhrik etməkdə günahlandırılıb. Vaxtilə şərlənib həbs edilənlər arasında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də var. Bu siyahını uzatmaq da olar və gələcəkdə də ora yeni adların əlavə ediləcəyi istisna deyil. Bu şəxslərin hər birinin həbsində və məhkəmə proseslərində əsassız ittihamlarla yanaşı yalançı şahidlər də olub. Hakimlər isə hökmü məhz əsassız ittiham və yalan ifadə əsasında çıxarıb. Böhtan isə xoşagəlməz əməllə yanaşı, həm də cinayət sayılır. Belə olan halda günahsız insanların həbsinə bais olan istintaq orqanlarının əməkdaşlarını, onların işinə yarayan yalançı şahidləri və əsassız hökm çıxaran hakimləri hansı cəza gözləyə bilər?
“Əsassız ittiham edənlər 7 ilə qədər cəza ala bilər”
Hüquqşunas Müzəffər Baxış bütün bu əməllərə görə cinayət məsuliyyətinin nəzərdə tutulduğunu deyir. Belə ki, təqsirli olmadığını bilə-bilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 290.1 maddəsi 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Eyni əməllər şəxsin ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı olduqda isə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“Sübutları saxtalaşdıranlara 3 il cəza düşür”
Eyni zamanda Cinayət Məcəlləsində sübutları saxtalaşdırmağa görə cinayət məsuliyyəti nəzərdə tutulub. Cinayət Məcəlləsinin 294.2 maddəsinə görə, cinayət işi üzrə təhqiqatçı, müstəntiq, prokuror və ya müdafiəçi tərəfindən sübutların saxtalaşdırılması 3 ilə qədər müəyyən vəzifə tutmaq, müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etməklə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Yaxud Cinayət Məcəlləsinin 294.3 maddəsinə görə, ağır və xüsusilə ağır cinayətlər haqqında cinayət işinin və sübutların, digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda 3 ilədək müddətdə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
“Ədalətsiz hökm çıxaran hakimlərə 8 il iş düşür”
Ekspert bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardar çıxarmağa görə də cinayət məsuliyyətinin nəzərdə tutulduğunu deyir. Cinayət Məcəlləsinin 295.2-ci maddəsinə əsasən, hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardar çıxarması, eyni əməllərlə azadlıqdan məhrumetmə ilə bağlı qanunsuz hökm olduqda 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
“Yalan ifadə verənlər 6 illik həbsə gedə bilər”
Həmin qondarma işlər üzrə yalan ifadə, yalan rəy verən, yanlış tərcümə edən də cinayət məsuliyyətinə cəlb olunur. Buna görə 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Insanların qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsini ciddi problem kimi qiymətləndirən ekspert müəyyən müddət keçdikdən sonra qanunsuz həbsləri həyata keçirən, əsassız hökm çıxaran şəxsləri cinayət məsuliyyətinə cəlb etməyin çətin olacağını da vurğuladı: “Amma Azərbaycanda hakimiyyət dəyişikliyi olanda bu şəxsləri hökmən cinayət məsuliyyətinə cəlb etmək lazımdır ki, başqalarına da görk olsun və onlar gələcəkdə belə siyasi sifarişlər yerinə yetirməsinlər. Bilsinlər ki, belə siyasi sifariş yerinə yetirən şəxslərin əməlləri onların son nəticədə həbsxanada oturmasına gətirib çıxaracaq”.
Fizzə