Şok iddia: Naxçıvanda ölən əsgərin beynini çıxarıblar

Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N“ saylı hərbi hissəsində 1994-cü il təvəllüdlü Bəyov Tayfur Hacıkərim oğlu vəfat edib. Rəsmi məlumatlarda onun hemoqradik vaskulit xəstəliyindən hospitalda vəfat etdiyi bildirilir.

Amma ailəsi Tayfurun meyiti üzərində işgəncə izləri olduğu üçün döyülərək öldürüldüyünü iddia edir. Mərhum əsgərin əmisi oğlu Rövşən Bəyov “milaz.info” portalına açıqlamasında əsgərin döyülərək öldürüldüyünü və hər hansı xəstəlikdən söhbət getmədiyini bildirib.

R.Bəyov bildirib ki, avqustun 4-də Tayfur Bəyov atasına zəng edərək 15 manat göndərməsini istəyib. Atası bu pulu dünən övladına göndərib. “Dünən axşam saat 11-də hərbi hissədən atasına zəng edib bildirdilər ki, oğlunuzun vəziyyəti pisdir və bu səbəbdən onu Bakıdakı hərbi hospitala gətirirlər. Daha sonra gecə saat 4-də bildirdilər ki, əsgər dünyasını dəyişib”, – deyən R.Bəyov bildirib ki, avqustun 7-də gündüz saat 12-dək əsgərin dünyasını dəyişməsinin səbəbləri valideynlərinə açıqlanmayıb.

“Saat 12-də zəng edib dedilər ki, böyrək çatışmazlığından vəfat edib. Bundan sonra əsgərin meyitini evlərinə gətiriblər. Bu zaman onun beyni və daxili orqanları çıxarılmışdı. Valideynlərinin razılığı olmadan onun daxili orqanlarını çıxardıblar”, – deyə R.Bəyov bildirdi.

Onun sözlərinə görə, əsgərin meyitinin üzərində olan çoxsaylı ləkələr döyülərək öldürülməsindən xəbər verir. “Biz sona qədər mübarizə aparacağıq ki, əsgəri öldürən cinayətkarlar cəzalarını alsınlar”, – deyə o bildirdi.