İlham Əliyevin əmisi oğlunun mühafizəçisi Ramal Bayramov narkodilleri müdafiə edirmiş?
Onu qətlə yetirən Rəşad Mirələmovun vəkili ilginc hadisə ilə bağlı faktlar açıqladı
“1001 gecə” istirahət mərkəzində baş verən qətllə bağlı müxtəlif məlumatlar yayılıb. Bunlardan biri də qətlin kriminal avtoritet Rövşən Lənkəranski və “Qoca” ləqəbli Əlibala Həmidov arasında münaqişəsinin nəticəsi olmasıdır.
Vəkil Kamandar Nəsibov Vesti.az-a müsahibəsində bu versiyanı təkzib edib. O, qətldə həqiqətən də Rövşən Lənkaranskinin adının hallandığını da qeyd edib. Kamandar Nəsibov hadisə nəticəsində saxlanılan, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun qardaşı oğlu, Rəşad Mirələmovun maraqlarını müdafiə edir. “Mənim hüquqlarının müdafiə etdiyim şəxslə yanaşı faktla bağlı daha 3 nəfər, Elmar Süleymanov, Elnur Qasımov və əlindən təsadüf nəticəsin yaralanmış Səməd Mənsimov saxlanılıb. Bu 3 nəfər həmin gecə mərhum Ramal Bayramovla birlikdə olublar. Onlarla bərabər Elman adlı şəxs də olub. Hazırda həmin şəxs axtarışdadır. Daha dəqiq desək, Elman adlı şəxs Rövşən Lənkəranskiyə məxsus ”Neon” restoranının idarə edir. Istintaq nəticəsində məlum olub ki, Rəşad Mirələmovdan başqa adı çəkilən şəxslər kriminal avtoritet Caniyevin adamlarıdır”, – deyə vəkil bildirib.
Vəkilin sözlərinə görə, “1001 gecə” istirahət mərkəzindəki qətlin guya bu ilin martında “VIP House” çay evində baş vermiş atışmanın davamı olması ilə bağlı məlumatlar əsassızdır. Xatırladaq ki, həmin hadisə nəticəsində Ramal Bayramov adlı şəxs yaralanıb. Bayramovun adı bir sıra xoşagəlməz hadisələrdə hallanır, həmişə ətrafına öz nüfüzünü göstərmək istəyib: “Hər şey narkotik satışı ilə məşğul olan Firdovsi Bağırov adlı şəxsdən başlayıb, hansını ki, bu günlərdə Azərbaycan Daxili Işlər Nazirliyini narkotiklərlə mübarizə üzrə Cənub Reginol Şöbəsinin əməkdaşları saxlayıb. O, Lənkəran şəhərində narkotiklərin satışı ilə məşğul olub və Rəşad ona dəfələrlə xəbərdarlıq edib ki, bu işi dayandırmasa, onu cəzalandıracaq. Bağırov hətta öz oğlu vasitəsilə Mirələmov barəsində polis orqanlarına şikayət də edib. Lakin axtarışlar bir nəticə verməyib. Sonra qonşusu Rəşada kömək məqsədilə müraciət edib, o bildirib ki, hazırda həbsdə olan qardaşı ilə Bağırovun ortaq işi olub və Bağırovun ona müəyyən məbləğdə borcu qalıb. Qonşu Rəşaddan Firdovsiyə pulu onun evində işləyən ustalara verməsi üçün təzyiq etməyini xahiş edib. Rəşad dəfələrlə Bağırova pulun ustalara verilməsini bildirib. Amma məsələ nəticəsiz qalıb. Hətta Firdovsi ondan Ramal Bayramova da şikayət edəcəyini bildirib. Bax elə burdan da Ramal Bayramovla Rəşad Mirələmov arasında konflikt yaranıb”, – deyə vəkil bildirib.
Vəkil deyib ki, Bayramov Mirələmova zəng etməyə və onu öldürməklə hədələməyə başlayıb. O, dəfələrlə Mirələmova görüş yeri təyin edib. Rəşad bunun heç də yaxşı nəticə verməyəcəyini bildiyi üçün hər dəfə onunla görüşdən imtina edib: “Lakin sonradan Mirələmov onunla görüşdən qaça bilməyəcəyini anlayanda, Ramalla ”1001 gecə” restoranında görüşməyə qərar verir. O bununla da görüşün daha təhlükəsiz keçəcəyini ehtimal edib. Bütün bunlar onu göstərir ki, Bayramovla görüşü öz yaxın qohumunun obyektində təyin edən Mirələmovun qətl törətmək fikri olmayıb.
Ona qarşı qaldırılan qəsdən adam öldürmək, adam öldürməyə cəhd və qanunsuz olaraq pul tələb etmək ittihamları tamamılə əsassızdır. Mirələmov sadəcə Bağırovdan pulu ustalara verməsini istəyib. Firdovsi Bağırovda, istintaq zamanı Mirələmovun sözlərini faktiki olaraq təsdiqləyib. Mirələmov və Bayramov arasında münaqişənin yaranmasının səbəbi Firdovsi olub. Onu da qeyd etmek lazımdır ki, onun qardaşı da narkotik alüdəçisidir”.
Vəkil bildirir ki, R.Mirələmovun kimisə öldürmək barədə fikri belə olmayıb. Bayramov özü birinci ona hücum edib, döyməyə başlayıb sonra ölümcül xəsarət yetirmək məqsədilə cibindən bıçaq çıxarıb. Bu zaman yerə sərilən R. Mirələmov odlu silahı göturərək, Bayramov çox yaxın dayandığından, onun döş qəfəsinə atəş açır. Onun dostlarının qisas alacağından qorxan Mirələmov qəsdən hec kimi nişan almadan atəş açmağa başlayıb. Nəticədə isə güllə Mənsimova dəyib.
Vəkilin sözlərinə görə, R. Mirələmovun kriminal aləmlə heç bir əlaqəsi yoxdur. Hazırda faktla bağlı cianyət işi davam edir. Istinaq orqanlarına isə Mirələmov və digər saxlanılan şəxslər arasında münasibətləri araşdırmaq qalır (“Qafqazinfo”).
Bu arada “Bizim Yol” qəzeti məlumat yayıb ki, Hüseynbala Mirələmovun bu hadisə ilə bağlı baş prokuror Zakir Qaralovla görüşmək istəyi baş tutmayıb. Görüş üçün baş prokurora telefon açan deputat ondan müsbət cavab ala bilməyib. Belə ki, Zakir Qaralov “uyğun zamanda köməkçi sizinlə əlaqə saxlayar, gələrsiniz” deyə Hüseynlabala Mirələmova cavab verib.
Zakir Qaralovun Hüseynbala Mirələmovu qəbul etmək isməməsi Ramal Bayramovun mühafizəçisi olduğu Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevlə bağlı ola bilər. Məlumat üçün deyək ki, Ilqar Əliyev hakim ailənin üzvü olmaqla bərabər Respublika Prokurorluğunda çalışır.