Dünən II qrup üzrə qəbul imtahanlarının da nəticələri açıqlandı, bu dəfə də keçid balının 150-yə endirildiyi məlum oldu. Artıq Azərbaycanda təhsilin “t”si haqqında belə, yalnız özünə hörmət hissini itirmiş, vicdan və ədalət kimi duyğulardan məhrum olanlar danışa bilərlər.
Biz ölkənin sürətlə cəhalətə təslim edildiyi, kütləvi savadsızlıq dövrünün qayıtdığı barədə çoxdan danışırdıq, həyəcan təbili çalırdıq. Amma həmişəki kimi qarşılığında da “erməni dəyirmanına su tökdüyümüz”, “Azərbaycanı istəməyən qüvvələrə işlədiyimiz”, “vətən xaini”, “millət düşməni” olduğumuz barədə hərzəvü-hədyanlar eşidirdik. Açığı, belə hədyanların heç biri heç vaxt şəxsən mənim yumşaq yerimə də olmayıb, sadəcə, indi soruşuram: bəs qəbul imtahanlarının ortaya çıxardığı rəzalətə görə kimdir günahkar? Buna kim cavab verəcək?
Ilham Əliyev müxalifəti “elementlər” adlandırır, amma eyni vaxtda da Azərbaycanda Mendeleyevin elementlər cədvəlinin nə olduğunu bilməyən nəsil yetişdirir. O, bunun sonunun necə olacağının fərqindədirmi? Bəli, ola bilsin bu gün savadsızlıq, cəhalət Əliyevə öz rejimini qorumaq, onun ömrünü uzatmaq imkanı verir; kitaba nifrət edən, qəzet-jurnalı sevməyən, oxumayan, düşünməyən, soruşmayan, sorğulamayan, qafası ilə deyil, qarnı ilə yaşayan bir kütlə bəlkə də (elə bəlkəsiz də!) hakimiyyətə sərf edir. Onun ayaqda qalma səbəblərindən biri rolunu oynayır.
Amma yaptokratlar əsla və əsla unutmasın: hər şeyin çubuq kimi iki başı var. Etiraz etmirik, tamamilə mümkündür ki, bu gün cahil, savadsız bir toplum formalaşdırmaq sizin quldur və quldar təbiətli rejiminizin xeyrinədir, ancaq sabah bunun ilk cəzasını da elə siz özünüz çəkəcəksiniz. Onlar sizinlə haqq-hesabı yaratdığınız cəngəlliyin qanunları ilə çürüdəcəklər. Tıpkı Qəzzafi kimi.
Bəli, normal ölkədə heç kim, hətta ən qansız cəllad, ən qatı terrorçu, ən qəddar qatil də Qəzzafi kimi cəzalandırılmamalı idi. Amma kimsə düşünürmü ki, bu, Qəzzafiyə qarşı niyə baş verdi? O, nə vaxt uyğar bir cəmiyyət yaratmaq istədi Liviyada, nə vaxt çağdaş, modern, elmə, bilgiyə dayanan toplum yaratmaq istədi ki, indi də kimlərsə onun o cür amansızlıqla öldürülməsindən heyrətlənirlər. Başqa necə olmalı idi axı? Kütlə başqa necə davrana bilərdi ki?
Yaptokratiya da indi eyni yolu gedir. Bu gün cəmiyyəti nə qədər savadsızlaşdırsalar, ölkəni də o qədər rahat idarə edə biləcəklərini düşünürlər, amma bir gün çarx tərsinə dönəndə neyləyəcəklər? Məsələn, ölkədə dişə dəyən bir hüquqçu yetişməzsə, sabah bu adamların əməllərinə hüquqi qiyməti kim verəcək? O zaman dövriyyəyə kütlənin qəzəbi, beyinsizləşdirilmiş, elmdən, bilgidən məhrum olan toplum girəndə kimsə çıxıb bunu hansı haqla qınayacaq? Necə deyə biləcəklər ki, gərək daş-qalaqla yox, məhkəmə ilə cəzalandırılaydılar?
Adamdan soruşmazlarmı, hansə məhkəmə ilə? Məhkəmələrdə məhkəməlikmi qoydu bunlar? Indi Prezident Administrasiyasında işə götürməyə savadlı hüquqşünas tapa bilmirlər, sabah bunları hüquqla cəzalandırmaq üçün hüquqşünas hardan tapılacaq?
Dediyim odur ki, bəli, ağıllı adamlar təhsilin Azərbaycanda rəsmən ləğv edilməsindən narahatdırlar, həyəcan keçirirlər, çünki bunun ölkəyə və xalqa hansı ağır yaralar vurduğunu bilirlər. Amma ən çox narahat keçirməli, əndişələnməli olanlar elə təhsili bu günlərə gətirib çıxaranlar, bu duruma salanlardır. Onlar təhsilsizliyin, savadsızlığın şallağını, daş-qalağını öz bədənlərində hiss edəndə bu əməllərinə görə hamıdan çox üzüləcəklər. Savadsız bir toplum yaratmağın ən ağır zərbəsi onların özünə dəyəndə anlayacaqlar təhsili ləğv etməklə nə qədər dəhşətli bir iş gördüklərini.
Amma onda da gec olacaq.
Məndən söyləməsi, sonra deməyin ki, deməmişdiniz.

Təhsilsizlik necə cəzalandırır?
•
•