Daxili İşlər Nazirliyi sovet ənənələri ruhunda işləyir

Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. Quba və Mingəçevir “ASAN xidmət” mərkəzlərində 38 vakant yer tutmaq məqsədilə keçirilən müsabiqədə orta, orta-ixtisas və ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı olan qadın vətəndaşlar iştirak edə bilər. Məlumatda diqqətçəkən məqam odur ki, bu müsabiqədə özü və yaxın qohumları məhkum olunmamış qadın vətəndaşlar iştirak edə bilərlər.
Vəkil Vidadi Mirkamal deyir ki, sözügedən tələbin qoyulması məsuliyyətin fərdiliyi prinsipiylə daban-dabana ziddir. Vəkilə görə, işə qəbulda vətəndaşın özünün və yaxud qohum-əqrəbasının məhkumluğunun olmaması sovetdənqalma tələbdir. Həmsöhbətimizə görə, işə götürüləcək şəxsin özünün və ya qohumunun həbsdə olması guya ki onun bitərəfliliyinə, qərəzsizliyinə təsir edə bilərdi. Lakin indiki dövrdə belə tələblərin irəli sürülməsi heş bir məntiqə sığmır. Yeri gəlmişkən, postsovet məkanında yeganə ölkə Azərbaycandır ki, sovetdən qalma bu cür əcaib, prinsipləri pozan qaydalar işlənilir:
“Əlbəttə, belə qaydaların hələ də qalması utanc gətirən məsələdir. Hər bir şəxs başqasına deyil, yalnız özünə cavabdehdir. Avropaya inteqrasiya dövründə hələ də belə tələblər irəli sürmək qətiyyən yolverilməzdir”.

azadlıq.info