“Burada bir niyyət var – qəzetləri çökdürmək”
“Xeyriyyəçilik arzusuna düşən bunu qəzetin yox, öz pulu hesabına edər”
Son aylar qəzetlərə qarşı məhkəmə iddiaları qaldıran məmurların, iş adamlarının tələb etdikləri cərimələrin məbləği sözün əsl mənasında fantastik həddə olur. Son olaraq “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova qəzetimizi məhkəməyə verərək 150 min manat təzminat tələb edib.
Bundan əvvəl metropoliten rəisi Tağı Əhmədov da oxşar tələblə çıxış etmiş və nəticədə məhkəmə “Azadlıq”a 30 min manat cərimə kəsmişdi. Paralel olaraq bugünlərdə “Yeni Müsavat” qəzeti “Gilan” Holdinqin iddiası əsasında 50 min manat cərimələnmişdi. Hər iki qəzetin nəqliyyat nazirinin oğlu Anar Məmmədovun iddiası əsasında cərimələnməsi də yaxın vaxtlara təsadüf edir.
Qəribəsi odur ki, iddiaçılar cərimələrin məbləğini müəyyən edərkən qəzetlərin maddi imkanlarını sözün əsl mənasında heçə sayırlar. Əks halda, maddi vəziyyəti çətin olan mətbuat orqanlarından fanktastik məbləğli təzminatlar tələb etməzdilər. Məsələnin ən maraqlı tərəfi isə alınan cərimələrin yönəldiləcəyi yerlərdir. Nədənsə, iddiaçıların hamısı qəzetlərin hesabına xeyriyyəçilik etmək arzusuna düşürlər. Kimisi, qəzetdən alınacaq cərimənin uşaq evinə, kimisi də qocalar evinə köçürüləcəyini bildirir.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, cərimələrin məbləğinin bu qədər yüksək olmasının arxasında bir niyyət dayanır – o da qəzetləri çökdürmək: “Tələb olunun cərimələr qəzetlərin maddi imkanlarına adekvat deyil. Bu yolla qəzetləri çökdürmək istəyirlər. Bilirlər ki, onların bu pulu ödəməyə imkanları yoxdur. Cərimələrin uşaq evlərinə və s. yerlərə köçürüləcəyinə gəlincə, bu məsələ mütləq araşdırılmalıdır. Müəyyən edilməlidir ki, həmin adamlar buna qədər hansısa xeyriyyəçilik fəaliyyəti ilə məşğul olublarmı? Yaxud həmin müəssisələrə nə vaxtsa yardım ediblərmi? Əgər həqiqətən canları yanırsa, buna qədər də həmin yardımları etməli idilər. Şəxsən mən buna inanmıram və cəfəngiyyat hesab edirəm”.
Media Haqları Institutunun direktoru Rəşid Hacılı baş verənləri qəzetlərə qarşı planlı və qorxulu tendensiya kimi qiymətləndirir: “Bir tərəfdən hökumət KIV-ə Dəstək Fondunun vasitəsilə qəzetlərə müəyyən məbləğdə pul ayırır. Və bu puldan az da olsa, tənqidi mediaya da pay düşür. Bu biri tərəfdən də müxtəlif bəhanələrlə bu məbləği onlardan çıxartmağa çalışır. Bu cür iddialar adətən hökumətə birbaşa və dolayısı ilə bağlılığı olan şəxslər və müəssisələr tərəfindən qaldırılır. Məsələn, Anar Məmmədov, Tağı Əhmədov, ”Gilan” Holdinq və s. Bu şəxslərlə bağlı materiallar bütün qəzetlərdə gedir. Amma iddiaların məhz tənqidi mediaya qarşı qaldırılması bunun kampaniya olduğunu göstərir. Bu çox təhlükəli prosesdir. Məhkəmələrin kəsdiyi cəriməni həmin qəzetlər bəlkə bir il ərzində qazana bilmirlər. Bu yolla qəzetləri çökdürmək, onları maddi cəhətdən asılı vəziyyətdə saxlamaq istəyirlər”.
R.Hacılı onu da bildirib ki, xeyriyyəçilik arzusuna düşən bunu qəzetin yox, öz pulu hesabına etməlidir: “Bu adamlar doğrudanmı xeyriyyəçidirlər? Doğurdanmı bu illər ərzində həmin müəssisələrə yardım ediblər? Bunların araşdırılması çox maraqlı olar. Insan xeyriyyəçiliyi başqalarının yox, özünün hesabına etməlidir. Bu onun göstəricisidir ki, onlar mənəvi zərərə görə kompensasiya tələb etmirlər, sadəcə qəzetləri cəzalandırmaq istəyirlər”.