Bu gün İranda həbsdə saxlanılan Azərbaycan şairlərinin – Fərid Hüseyn və Şəhriyar Hacızadənin məhkəmə prosesi keçirilib.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan tərəfinin səyləri ilə bu gün keçirilən prosesdə ölkəmizin Təbrizdəki Baş Konsulluğunun iki əməkdaşı və şairlərin yaxın ailə üzvləri iştirak edib.
Prosesdə şairlər onlara verilən sualları cavablandırıb, günahkar olmadıqlarını bir daha vurğulayıblar. Şairlər İrana səfər etməkdə hər hansı cinayət xarakterli niyyətlərinin olmadığını qeyd ediblər.
XİN-in məlumatına görə, Azərbaycan vətəndaşlarına verilən suallar İrana səfərin məqsədi və mahiyyəti ilə əlaqədar olub.
Məhkəmənin hakimi şairlərin konkret olaraq hansı maddələrlə ittiham olunmaları barədə heç bir məlumat verməyib və yaxın günlərdə məhkəmənin qərarının açıqlanacağını deyib.
***
Bu gün Iranda üç ay əvvəl həbs olunmuş azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin məhkəməsi başlayır. Məhkəmə prosesində soydaşlarımızın hüquqlarını yerli, yaxud xarici vəkilin qoruyacağı məlum deyil. Prosesi izləyənlər arasında Azərbaycanın Təbrizdəki konsulluğunun nümayəndələri də olacaq.
Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Iran tərəfi ilə əldə olunan ilkin razılaşmaya əsasən, məhkəmə prosesinə ittiham olunan şəxslərin birinci dərəcəli ailə üzvləri və konsulluğumuzun əməkdaşları qatıla bilərlər.
Qeyd edək ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə şeir festivalında iştirak üçün getdikləri Iranda həbs olunublar. Iran tərəfi uzun müddət azərbaycanlı şairlərin saxlanması xəbərini təsdiqləməyib. Daha sonra hər iki azərbaycanlının həbsxanada saxlandığı məlum olub. Azərbaycan Xarici Işlər Nazirliyi baş verən hadisəyə aydınlıq gətirilməsi tələbi ilə Irana bir neçə dəfə rəsmi nota verib. Lakin Iran tərəfi bu notaları cavablandırmayıb. Tehranın kütləvi informasiya vasitələri soydaşlarımızın Iran əleyhinə casusluq fəaliyyətində günahlandırıldığını iddia etsələr də, sonradan bu məlumat təsdiqlənməyib. Iran tərəfi ilə əldə olunan razılaşmaya əsasən Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinin əməkdaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə görüşməyə müvəffəq olublar. Görüş zaman hər iki şəxs onların Iran ərazisinə qanunsuz şəkildə daxil olmaqda ittiham edildiklərini deyiblər. Iran xarici işlər nazirinin müavini Arakçının Azərbaycana səfəri zamanı həbs olunan şairlərlə bağlı məsələnin müzakirə olunacağı gözlənilsə də, səfər iki dəfə təxirə salınıb.
Iran xarici işlər nazirinin digər müavini Hüseyn Əmir Abdullaxiyan ötən həftə Moskvada keçirdiyi mətbuat konfransında şairlərlə bağlı sualını cavablandırmaqdan boyun qaçırıb: “Iranda azərbaycanlı şairlərin həbsindən xəbərim yoxdur. Məsələnin detalları barədə heç nə bilmirəm”.