Quba rayonunun Afurca kənd orta məktəbində müəllimlərdən pul yığılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, Təhsil Nazirliyi tərəfindən məktəbdə yoxlamaların aparılmaması üçün 3 min manat pul tələbi qoyulub.
“Qubanın Afurca kəndində direktor müəllimlərdən 150 manat pul yığır. Səbəb kimi də yoxlamaların aparılmaması üçün hər məktəbin üzərinə 3 min AZN pul öhdəliyi qoyulmasını göstərir. Direktor deyir ki, bu pulu Təhsil Nazirliyi istəyir”, – deyə şikayətdə bildirilir.
Məktəb direktoru bu məlumatın iftira olduğunu bildirib. Onun sözlərinə görə, məlumatı yayan adam məktəbdə işləmir: “Bu yanlış məlumatdır. Bizim məktəbdə pul yığılmır. Mənə bayaq zəng edib sosial şəbəkələrdə belə şikayətin yayıldığını dedilər. Ümumiyyətlə, mən demək istəyirəm ki, o adda adam tanımıram, bizim məktəbdə elə adam işləmir. Bizə iftira atırlar”, – deyə direktor bildirib.
Məktəb direktoru həmçinin nə Təhsil Nazirliyi, nə də Rayon Təhsil Şöbəsi tərəfindən məktəbdə hər hansı yoxlama aparılmadığını deyib.
Yayılmış qalmaqallı məlumatla bağlı, Nazirliyin mətbuat xidmətindən virtualaz.org-un sorğusuna cavab olaraq bildirilib ki, Təhsil Nazirliyi və onun struktur bölmələri tərəfindən Quba rayonu ərazisində yerləşən heç bir təhsil müəssisəsində yoxlama aparılmır.