Həyat fəlsəfəsini tarazlaya bilməyənlər

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

“Qara zon” olmamasına baxmayaraq, 17-ci “zon”dan “kars”a və PKT-yə “yol” işləyirdi, “kars”dan çıxanlara təcili humanitar yardım göstərilirdi, xəstəxanaya, “raskrutka”ya “etap” olunanlar necə lazımdır, diqqət altında idi, avtoritetli dustaqların sözü qəbul edilirdi. Burası “qırmızı zon” olmasa da, “suka”lar aşkar fəaliyyət göstərirdilər, “kozyol”lar boykot olunmurdu, “ment”lərlə xüsusi şübhəli münasibətlərdən ötrü kimisə sorğu-suala çəkmirdilər və sairə. Oğru və rejim qaydalarının dinc yanaşı mövcudluğu vardı. “Qırmızı zon”larda düşərgədaxili hərəkət hökmən cərgə ilə olmalıdır – burada belə şey yox idi; “Qara zon”da pul bütün rejim qaydalarını alır – burada isə pulla yalnız ayrı-ayrı qayda pozuntularını silmək olardı. Hərdən, hətta ən dəhşətli qayda pozuntularını da müdiriyyətin gözündən yayındırmaq olurdu. Bu o demək idi ki, xəbərçilik sisteminin özü bir mexanizm olaraq yaxşı işləmirdi. Xəbərçilərə də, axı, stimul lazımdır. Hamı yalnız “qorxuram”dan ötrü xəbərçi olmur. Onların əksəriyyətinin praqmatik maraqları var. Məsələn, pulsuz siqaret, bəzən hətta “larok”dan pulsuz ərzaq, rejim qaydaları üzrə xüsusi imtiyazlar, komendatura rejiminə keçmək üçün pulsuz məhkəmə (bunun da nə demək olduğunu biləcəksiz) və başqa maraqlar…
Pulsuz siqaret və ya çay problem deyildi. Burada elə adamlar vardı ki, aylarla görüşünə gələn olmurdu, amma siqaret korluğu çəkmirdi. Ümumi rejim mentaliteti öz işini görürdü. Görüşə çıxanlar “bedolaqa”ları nəzərə alır, onlara siqaretdən, şirniyyatdan nəsə ayırırdılar. Rejim qaydaları üzrə imtiyazları demək olar ki, hamı əldə etmişdi. Birinci 6 aydan sonra məlum oldu ki, açıq rejimə (komendatura) keçmək üçün pulsuz məhkəmə heç kimə, hətta komendantlara belə əlçatan deyil. Bu şəraitdə xəbərçilik etmək üçün, gərək, sadəcə olaraq patoloji, genetik əclaf olaydın. Genetik əclaflar var, təbii ki; amma müdiriyyətin də bəzən özünü görməzliyə vurduğu şübhəsiz idi. Bunu kim bilməsə də, mən bilirəm. Buna görə də “17″dəki olub-bitənləri obyektiv şəkildə danışıramsa, gərək, həbsxana rəhbərliyi barədə münasibətim də tamam-kamal gerçək olsun! Mən rəis Eyvaz Əsgərovu və onun birinci müavini Samir Əliyevi (Samir müəllimin soyadını düzgün yazmadımsa, bağışlayar, hər halda) pozitiv şəxsiyyətlər olaraq dəyərləndirirəm…
Komendant Sabir (müəllim) bizim korpusdan çıxarıldı. Yataq dəstini qoltuğuna alıb başqa korpusa atıldı. Amma korpus komendantsız qala bilməzdi ki! Əlbəttə, bizim korpusdan da kimisə komendant qoya bilərdilər. Məsələn, özünü hansısa yollarla “koptorq”a sırıyan Kəmaləddin (onun soyadının Heydərov olmadığı dəqiq idi) komendant olmaq üçün sinov gedirdi. “Koptorq” – dustaqların şəxsi əşyalarının, çantalarının saxlandığı xüsusi bir otaqdır. “Koptorq” da nomenklatura sayılır, burada oturmaq üçün müdiriyyət qarşısında öhdəliklər götürülməlidir. Amma Kəmaləddin bu vəzifə ilə qane olmurdu. Komendant – ayrı məsələdir. Bu vəzifədə, hətta, hakimiyyət elementləri də var. Idarənin dustaqlar arasındakı bir nömrəli adamı sayılır. Hətta bu vəzifə üçün maaş da nəzərdə tutulur. Amma bu şahlıq quşu bizim korpusdakılardan heç birinin başına qonmadı. Onu kənardan, başqa korpusdan gətirdilər. Cəmi yarım saat əvvəl əşyaları ilə birlikdə korpusa gətirilən Əli axşam yoxlaması zamanı sıranın önünə çıxarıldı və korpus camaatına təqdim edildi: “Bu gündən etibarən o, sizin komendantınızdır. Amma elə hesab etməyin ki, onu sizin üzərinizə briqadir qoyuruq. O da dustaqdır və bütün dustaqların üzərində olan öhdəliklər və vəzifələr ona da aiddir”.
Vəssalam. Əli sıradan ayrılıb kənarda dayandı və beləliklə də bütün dustaqlar üçün nəzərdə tutulan ilk “öhdəlik və vəzifəni” pozmaqla oldu komendant.
Əli Bərdədən idi. 177-nin 2-ci bəndinə görə (oğurluq, 3 ildən 7 ilə qədər) həbs edilmiş, 4 il cəza almışdı. Amma bu “177″ mənasız iş idi, əslində, onu ”234″ə (narkotik) görə həbs etməliydilər, yəqin ki! Komendant olanda 48 yaşı vardı. Adi kənd müəlliminə oxşayırdı – amma həyətyanı təsərrüfatında davamlı olaraq ağır işlər görən kənd müəlliminə. Yəni, o qədər də ziyalı görünüşü yox idi. Bir müddət sonra öyrəndik ki, Əli 15-20 il əvvəl mühafizə polisində işləyibmiş, Ucardakı dəmiryolunun hansısa hissəsində yük vaqonlarını mühafizə etməli imiş. Amma kənd oğrularına qoşulub yük vaqonlarını sistemli şəkildə yardığına görə işdən bayıra atılıb və o vaxtdan indiyə qədər həyat fəlsəfəsini tarazlaya bilmir.
Mənim bu komendant-“koptorq”çu tayfasından o qədər də xoşum gəlməz. Sadəcə, Taleh məni təhrik etdi ki, Əli ilə münasibət qurum. Həm də bunu ciddi şəkildə əsaslandırdı. Mənim də ağlıma batdı ki, bu adamla münasibətlər qurmaq bəd olmaz. Olur da, korpusda dustaqlar əlli hoqqadan çıxırlar. Əli ilə münasibətlər qaydasında olsa, birini görəndə, “üçünü görmə” deyərik, o da “görməz”. Insafən, belə də oldu və bütün şüurlu komendant fəaliyyəti boyu Əli dustaqların bir çox əməllərinin üstünü basdırdı. Buna görə onu alqışlamağa dəyər, amma “mast”ına lənət. Əli, Kəmaləddinin komendant olmaq iddialarını öyrənincə onun hansısa “çp”-sini tutub Idarədə bir keçi qiymətinə satdı və Kəmaləddini qırağa tulladılar. Amma öz adamını “koptorq”a qoya bilmədi. 4-cü korpusdan Ilhamiz adlı bir dustağı gətirib bizim “koptorq”a qoydular. 4-cü korpusda ciddi rejim idi, orada ağır cinayətlərdə ittiham olunanlar saxlanılırdı. Ilhamizin hansı ağır cinayət törədə biləcəyini axıra qədər təsəvvür edə bilmədim. Amma qaqaş dil-boğaza qoymurdu. “Koptorq”da oturub elə söhbətlər edirdi ki, guya bu dəqiqə “sxodka”dan gəlib. Nə təhər lazımdı, bərk gedirdi.
Ilhamizin çox ürəyəyatan və yaddaqalan quruluşu vardı. Bədəni xırda idi. Başı bədəninə nisbətən bir qədər, amma çox yox, sadəcə, bir qədər qeyri-mütənasib idi – böyük görünürdü. Boynu, hətta bu xırdaca bədəninə nisbətən də nazik idi. Bunun müqabilində əng sümükləri enli idi və elə təəssürat yaranırdı ki, başı əvvəllər onun özünə məxsus olmayıb və başqa bir adamın bədənindən kəsilərək Ilhamizin boynuna bərkidilib. Amma boğazı da nazik olduğundan bu əməliyyatın necə həyata keçirildiyi bir sirr olaraq qalırdı. Hərçənd, onun boğazında başın sonradan bərkidildiyini təsdiq edəcək heç bir cızıq, şırım yox idi: orada hər şey öz qaydasında idi. Qaydasında olan daha bir detal Ilhamizin qulaqlarıydı. Bu qulaqlar tam yerində idi – hamıda olduğu kimi. Amma burada da bir qaydasızlıq vardı ki, bu lənətə gəlmiş qulaqlar olmalı ölçüsündən böyük görünürdü. Ya da, elə böyük idi, vəssalam! Qulağın yuxarı tərəfi enlənə-enlənə gedirdi. Çiyindən yuxarı hissənin bu disharmoniyası adamın təsəvvürlərində elə qatılaşmış təsəvvür düzəldirdi ki, bu başın üzərində hansı qaşın, hansı gözün, hansı burunun olması yadda saxlanılacaq deyildi. Lap deyək ki, qələmlə çəkilmiş kimi qara gözlər! Amma bu gözlər həmin görünən kontur xətlərinin üzərində hansı cəlbediciliyin mənbəyi ola bilərdi ki? Uzaqbaşı deyərdin ki, qələmin ucunu yaxşı yonmayıblar…

ardı var