Vəkil Əlayif Həsənov: “Bu cür siyasi motivli işlərdə ”yuxarıdan” hansı göstəriş gəlirsə, hakim də onu rəsmiləşdirir”
Avqustun 7-də həbsdə olan vicdan məhbusu, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin apellyasiya şikayətinə baxılıb.
Qeyd edək ki, Şahin Həsənli cəzasının çəkilməmiş hissəsindən azad olunmaqla bağlı Qaradağ rayon məhkəməsinə müraciət etmiş və bu məhkəmə 22 iyun 2012-ci il tarixli qərarı ilə müraciətə rədd cavabı vermişdi. Vicdan məhbusu sözügedən qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.
Dünənki məhkəmə prosesi hakim Həsən Əhmədovun sədrliyilə keçirilirdi. Məhkəməyə vicdan məhbsunun özü də gətirilmişdi. Onun hüquqlarını vəkil Əlayif Həsənov müdafiə edirdi.
Şahin Həsənliyə dəstəyini ifadə etmək üçün keçmiş vicdan məhbusları və AXCP yetkililəri də məhkəmə iclasına qatılmışdılar.
Iş üzrə məhkəmənin hazırlıq iclası çox qısa çəkdi. Məhkəmə apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasını avqustun 22-nə təyin etdi.
Vəkil Əlayif Həsənov bildirib ki, siyasi motivlərlə həbs olunan şəxslərin işində məhkəmələrin müstəqil qərar qəbul etməsi halına rast gəlməyib. Bu cür işlərdə “yuxarıdan” hansı göstəriş verilirsə, məhkəmə də onu rəsmiləşdirir.
Xatırladaq ki, Şahin Həsənli Ictimai Palatanın ötən il aprelin 2-də keçirdiyi aksiyadan əvvəl Şəmkir rayonunda saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanıb. 21 iyul 2011-ci ildə Şəmkir rayon məhkəməsi Şahin Həsənlinin 2 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. Oktyabrın 4-də isə Gəncə Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.
Şahin Həsənlinin həbsindən az sonra beynəlxalq hüquq-müdafiə təşkilatları onu “vicdan məhbusu” elan edilib. Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin hesabatında da Şahin Həsənlinin adı siyasi məhbus kimi yer alıb.
Natiq
***
Bu gün Şahin Həsənlinin məhkəməsidir
“Həbsdəki iki vicdan məhbusu azad edilməsə, hakimiyyət AŞPA-nın sessiyasında kəskin tənqidlərlə üzləşəcək”
Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü, vicdan məhbusu Şahin Həsənlinin şikayətinə baxılacaq. Ötən ilin aprel ayında 2 il müddətinə azadlıqdan məhrum edilən Ş.Həsənli cəzasının yarıdan çoxunu başa vurub. Elə məhkəməyə də cəzanın yerdə qalan hissəsindən azad olunmaq üçün müraciət edib.
Hüquq müdafiəçisi Emin Hüseynov hesab edir ki, hakimiyyət fürsətdən istifadə edib vicdan məhbusunu azad etməlidir: “Sözün düzü, Şahin Həsənlinin və Vidadi Isgəndərlinin niyə o biri vicdan məhbusları ilə birgə azad edilmədiyi məni təəccübləndirmişdi. Görünür, bu iki adamın fəaliyyəti hakimiyyəti daha çox qəzəbləndiribmiş. Amma hakimiyyət onların hər ikisini tez bir zamanda azad etməlidir. Çünki oktyabrın əvvəlində AŞPA-da növbəti sessiya olacaq. Şahin Həsənli və Vidadi Isgəndərlini azad etməsə, hakimiyyət bu sessiyada kəskin tənqidlərlə üzləşəcək. Iki vicdan məhbusunun hələ də həbsdə qalması bu tənqidlər üçün kifayət qədər əsas yaradır. Azərbaycan hakimiyyətinin imicini iflasdan xilas etməyin bir yolu həm vicdan məhbuslarını, həm də siyasi məhbusları azad etməkdir”.