hesen kerimov1

Hakimiyyət xalqa 48 milyardın izahatını verməlidir

hesen kerimov1“Bununla bağlı dövlət başçısının məsuliyyət məsələsi ortaya qoyulmalıdır”

Bugünkü müsahibimiz AXCP Ali Məclisinin sədri Həsən Kərimovdur. H.Kərimovla müsahibəmizə neçə gündür mətbuatda əsas mövzulardan biri olan hakim rejimin 1993-2000-ci illərdə offşor zonalara 48 milyard dollar çıxardığı ilə bağlı xəbərə münasibətini öyrənməklə başladıq. Belə ki, bu İnformasiya istər yerli, istər xarici mətbuatda geniş rezonans doğursa da iqtidarın baş verənlərə reaksiyası olmadı:

– Hakimiyyətin başında duran İlham Əliyev bu hadisələrin birbaşa iştirakçısıdır. Çünki dövlət başçısının icazəsi olmadan bu miqdarda vəsaitin offşor zonalara köçürülməsi qeyri-mümkündür. Bu, birbaşa onun göstərişi və tapşırığı ilə həyata keçirilmiş əməliyyatdır. Hakimiyyətin buna cavab verməməsi artıq bu faktların təsdiqi deməkdir. Özü də 17 il ərzində ölkədən çıxarılan pullar bununla məhdudlaşmır. Bura MDB məkanında alınan, Azərbaycanda yiyələndikləri daşınmaz əmlakları, zavodları, fabrikləri, Dubay vilallarını, Londondakı evləri də əlavə etsək, düşünürəm ki, bu 48 milyard 100 milyard civarında ola bilər. Bütün bunlar isə hakimiyyətin siyasi mahiyyətindən, talançılıq niyyətindən irəli gəlir. Ona görə də burada birbaşa dövlət başçısının məsuliyyət məsələsi ortaya qoyulmalıdır.

– Azərbaycanın Olipiadada iştirakı qalmaqalsız ötüşmədi. Öncə Azərbaycan rəsmisi bilet satışına görə ölkədən çıxarıldı, daha sonra isə Ağacan Əbiyevlə bağlı rüşvət qalmaqalı gündəmə gəldi. Bütün bunlar nə dərəcədə gözlənilən idi?
– Hakimiyyət bir çox istəklərini pul ilə həyata keçirib. Düzdür, idmanda da pul ilə həyata keçirdikləri “uğurları” olub. Vaxtilə sizin qəzetdə gedən İnformasiyaya uyğun olaraq bəzi mətləblər meydana çıxdı. Hələ xeyli müddət əvvəl bildirilmişdi ki, azərbaycanlı idmançıların qələbə qazanması üçün Beynəlxalq Boks Federasiyasına müəyyən pullar verilib. Indi də BBC-nin və yerli mətbuatın vaxtilə yazdıqları təsdiqini tapdı. Azərbaycan hakimiyyəti elə bilirdi ki, bir sıra beynəlxalq təşkilatları pul ilə ələ aldığı kimi idmanda da eyni “uğurunu” təkrarlaya bilər. Bu hakimiyyət o qədər oğurluğa, korrupsiyaya uğradığınadn, düşünür ki, hər şeyi pul ilə həll etmək olar. Ona görə beynəlxalq arenada bu cür addımın atılması Azərbaycanın korrupsiyadan korlanmış imicinə növbəti sarsıdıcı zərbə olacaqdır. Düşünürəm ki, məsələ bununla bitməyəcək. Yarışma başa çatdıqdan sonra bu məsələ Beynəlxalq Olimpiya Komitəsində müzakirə olunacaq. Bildiyiniz kimi ölkə başçısı həm də Milli Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidentidir. Düşünürəm ki, bu baxımdan İlham Əliyevin məsuliyyət məsələsi də qoyulacaq. Və Azərbaycan hakimlərinin, mütəxəssislərinin beynəlxalq yarışlara dəvət olunması müəyyən şübhələr yaradacaqdır. Nəticədə Londonda törədilənlər Azərbaycan idmanına, onun imicinə böyük zərbə olacaqdır.

Beynəlxalq təşkilatlar İlham Əliyevi yaxşı tanıyırlar

– “Eurovision” yarışmasında Azərbaycanda insan hüquqları və demokratiya məsələləri gündəmə gələndə hakimiyyət Azərbaycanın inkişafını istəməyənlərin əməli adlandırırdı bunları. Bəs London Olimpiadasında baş verənləri kimin ayağına yazmalı?
– Təbii ki, bu gün müxalifəti baş verənlərdə ittiham edə bilməzlər. Azərbaycan müxalifəti də istərdi ki, idmançılarımız Londonda uğurla çıxış etsin və bayrağımız yüksəklərə qaldırılsın. Bu tip ümummilli məsələrdə müxalifət və iqtidar söhbəti getmir. Ümummilli məsələlərdə müxalifət xalqın xeyrinə olacaq, ona əlavə imic gətirə biləcək addımları alqışlayır və ona uğurlar arzulayır. London Olimpiadasındakı məlumatlar da bir daha göstərir ki, bu qədər korrupsiya və rüşvət onları təmin etmir. London küçələrində çiynində Azərbaycan bayrağı tutub bilet satmaq ölkəmizin imicinə elə bir öldürücü zərbə vurdu ki, buna izahat vermək çətin olacaq. Çox zaman idmanı siyasətə qatmırlar. Amma indi dünyanın düzəni dəyişib və idmanda da müəyyən siyasi amillər rol oynayır. Ona görə də London Olimiyadasında Azərbaycanda insan haqlarının pozulması, söz və demokratiyaya hücumlar ön plana çəkildi. Belarus prezidenti Lukaşenkoya məhz demokratiyanın ölkəsindəki durumuna görə Londona gəlməsinə icazə verilmədi. Azərbaycan prezidentinin isə hansı dövlət başçıları ilə bir cərgəyə qoyulduğu və necə qarşılandığı hamıya məlumdur. Ona görə Azərbaycan hakimiyyəti və İlham Əliyev düşünməlidir ki, gələcək addımlarında söz və demokratik azadlıqların təmin edilməsi istiqamətində addımlar atılmalıdır. Artıq sözdən işə keçməyin vaxtı çatıb. 2013-cü ildə dünyanın Azərbaycandan tələbləri başqa olacaq. Artıq beynəlxalq təşkilatların qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsinin vaxtıdır. Beynəlxalq təşkilatlar imitasiya ilə məşğul olan dövlət başçılarını, o cümlədən İlham Əliyevi yaxşı tanıyırlar.

Cəmiyyətin təpkisizliyi məlumatsızlıqla bağlıdır

– Hakimiyyət barədə yayılan şok İnformasiyalara iqtidarın nəyə görə cavab vermədiyi anlaşılandır. Amma cəmiyyət, sizcə, nəyə görə proseslərə susqun yanaşır?
– Bu, hakimiyyətin cəmiyyəti bu vəziyyətə salmasının nəticəsidir. Müxalifətin televiziyaya buraxılmaması, aksiyaların keçirilməsinə şəraitin yaradılmaması ona gətirib çıxarır ki, cəmiyyət hakimiyyətin bir çox əməllərindən xəbərsizdir. Bir çox hallarda hakimiyyətin əməllərini ifşa edəndə məlum olur ki, xalq bütün bunlardan xəbərsizdir. Hakimiyyət bütövlükdə cəmiyyəti İnformasiya blokadasına alıb və toplum baş verənlərdən kifayət qədər məlumatlandırılmayıb. Müxalifət növbəti aksiyalarının birində 48 milyardlıq məbləğin ölkədən çıxarılması və digər məlumatlarla bağlı dövlət başçısından izahat tələb etməlidir. Müxalifət topluma səslənə biləcək efir vaxtı alarsa, hakimiyyət barədə gerçəkliklər hamıya məlum olacaq. Cəmiyyətin bu məsələlərdə təpkisinin az olması ilə razılaşıram və bu reaksiya sırf məlumatsızlıqdan irəli gəlir.

– İctimai Palata yayılan xəbərlərlə bağlı ayrıca bir tədbir keçirdi. Ölkənin aparıcı müxalifət təşkilatı kimi dövlət başçısından və prokurorluqdan izahat tələb olunacaqmı?
– İctimai Palata bununla bağlı beynəlxalq qurumlara, Avropa Birliyinə və Avropa Şurasına müraciət edəcək. Təbii ki, Ictimai Palata olaraq biz həm prokurorluğa, həm də hökumətə sorğu göndərəcəyik. Hakimiyyət xalqdan talanan 48 milyard barəsində xalqa izahat verməlidir. AXCP olaraq biz bu məsələlərin həllində, çözülməsində israrlı olacağıq.

Aksiyalara ciddi hazırlaşırıq

– Pənah Hüseyn Ictimai Palatanın 2 aydan sonra kütləvi aksiyalarla bağlı qərar verəcəyini bəyan edib. AXCP Ictimai Palatanın daha yaxşı təşkil olunmuş və izdihamlı aksiyalar keçirməsinin tərəfdarıdır. Bu istiqamətdə AXCP hansı addımları atacaq?
– AXCP heç zaman aksiyaların əleyhinə olmayıb. Müəyyən siyasi qüvvələr AXCP-nin kütləvi aksiyaların əleyhinə olduğunu cəmiyyətə təqdim etmək istəyirdilər. Biz sadəcə olaraq aksiyaların yaxşı təşkil edilmiş və davamlı olmasını istəyirik. Aksiyaları şəkil çəkdirmək, görüntü yaratmaq xətrinə keçirmək istəmirik. Ona görə AXCP yayda da təşkilatlanma istiqamətində işlərin davam etdirir və birinci vəzifəmiz ictimai-siyasi aksiyalara hazırlıq, Ictimai Palatanın regional şöbələrinin hazırlanmasıdır. AXCP rayon şöbələrinin gücləndirilməsi, qəbul olunan yeni üzvlərlə işlərin aparılması, məhəllə, qəsəbə və kəndlərdə görüşlərin keçirilməsi AXCP-nin əsas fəaliyyət istiqamətlərindən biridir. Biz bu gün kütləvi siyasi aksiyalara hazırlaşırıq. Biz bu aksiyaları sönük keçirərək hakimiyyətin əlinə bəhanə vermək istəmirik. Ictimai Palatanın qəbul etdiyi qərara uyğun olaraq aksiyanı keçirəcəyik. Hamı çox gözəl bilir ki, Ictimai Palatanın keçirdiyi aksiyaların əsas donoru AXCP-dir. AXCP də bu istiqamətdə işlərini davam etdirir.

– Qarşıdan 2013-cü il prezident seçkisi gəlir. Azərbaycanda seçki komissiyaları hakimiyyətin ciddi nəzarəti altındadır. Hakimiyyət komissiyaları dəyişməyə həvəsli görünmür. Məntəqələrdə təmsil olunmaq üçün 5000-dən artıq məntəqəni əhatə etmək lazımdır?
– AXCP seçkilərə bir il qalmış deyil, daha öncədən hazırlaşır. Artıq bu istiqamətdə partiyada ciddi müzakirələr aparılır. Biz seçki zamanı ölkə üzrə məntəqələrin əhatə olunmasının böyük məsuliyyət olduğunu dərk edirik. Azərbaycanın bütün rayonlar üzrə strukturları var. Həmin üzvlərimizin məntəqələrdə təmsilçiliyi ilə bağlı hər hansı problemimiz yoxdur. Biz sadəcə olaraq həmin üzvlərimizlə seçkiyə bir neçə ay qalmış seminarlar keçirəcəyik. Seçki Məcəlləsi dəyişdirilərsə, ona müvafiq müəyyən təlimatlar hazırlanacaqdır. AXCP-nin seçki qərargahı bu istiqamətdə öz işini görür. Mənə elə gəlir ki, AXCP-nin bu istiqamətdə hər hansı problemi yoxdur. Ictimai Palata olaraq qarşımıza məqsəd kimi 2013-cü ildə məcəllənin dəyişdirilməsini, Azərbaycanda ədalətli seçki mühitinin yaradılmasına yönəltmişik.

Hakimiyyətdə namizədlik məsələsində vahid mövqe yoxdur

– Bir sıra YAP-çı funksionerlər partiyanın qurultayı keçirilməmiş İlham Əliyevi namizədləri kimi elan ediblər. Amma İlham Əliyevin namizədliyi ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Bəzi fərziyyələrə görə, hakimiyyətin namizədi başqa şəxs də ola bilər. Bu baş verərsə, hansı proseslər müşahidə oluna bilər?
– YAP funksionerlərinin qurultay olmadan, dövlət başçısının birmənalı fikir söyləmədən bu cür açıqlamalar verməsi onu göstərir ki, hakimiyyətdə prezidentliyə namizədlik məsələsində vahid mövqe yoxdur. Mətbuata sızan məlumatlar da bunu təsdiqləyir. Hakimiyyət daxilində qruplaşmaların əvvəldən bu cür bəyanatla çıxış etməsi ortaq məxrəcin olmamasına dəlalət edir. Bu isə onu deməyə əsas verir ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi şübhə altındadır. Əgər bu hadisə baş verərsə, mərkəzdənqaçma prosesi sürətlənəcək. Nəticədə hakimiyyət daxilində müəyyən qrupların müxalifətə meyilənməsinə, regionların müxalifət ətrafında inteqrasiyasına şərait yaranacaq. Hazırda hakimiyyət daxilində ciddi fikir ayrılığı var. Hadisələr belə cəryan edərsə, ciddi parçalanmanı müşahidə edə bilərik.

– Bir müddət əvvəl Ziyalılar Forumunun üzvü Rafiq Əliyevə qarşı aparılan kampaniya hazırda Rüstəm İbrahimbəyova qarşı aparılır. Maraqlıdır ki, bəzən bu kampaniyada tanınmış ziyalılarımızla bir ranqda olmayan şəxslərdən istifadə olunur?
– Rafiq Əliyev və Rüstəm İbrahimbəyov Azərbaycanın tanınmış ziyalılarından dır. Müxalifətindən, iqtidarından asılı olmayaraq bu insanlarla bütün Azərbaycan xalqı fəxr etməlidir. Rafiq Əliyev elə bir ziyalıdır ki, onun adı dünya miqyasında tanınır. Rüstəm İbrahimbəyov isə Azərbaycandan yeganə kinorejissordur ki, Oskar mükafatı alıb. Belə adamlara qarşı kampaniya aparmaq yolverilməzdir. Bu şəxslər hakimiyyətin mövqeyini müdafiə etmirsə, cəmiyyətin problemlərini ifadə edirsə, hakimiyyət islah yolunu tutaraq, bu tövsiyyələrə qulaq asmalıdır. Yoxsa bu şəxslərə qarşı kampaniya aparmaq mənəviyyatsızlıqdır və hakimiyyətin gücsüzlüyünü göstərir.

Xəyal