Hökumətin təsdiqlədiyi yeni sənəddə valideynlərin məktəblərə maddi yardım etməsi rəsmiləşdirilib
Ümumtəhsil məktəbləri fiziki və hüquqi şəxslərə ödənişli təhsil xidmətləri göstərəcək
Azərbaycanda ümumtəhsil məktəbinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə məktəbdə idarə və özünüidarə orqanları yaradıla bilər.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə nəzərdə tutulub. Bu orqanlar ümumi yığıncaq, himayəçilər, pedaqoji, elmi-metodiki, valideynlər, təhsilalanlar, valideyn şuraları və s. ola bilər.
Nizamnaməyə əsasən, ümumtəhsil məktəbləri fiziki və hüquqi şəxslərə ödənişli təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Özü də bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir.
Məktəb rəhbərliyi həmin vəsaitlərdən nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edir. Sənədə əsasən, dövlət ümumtəhsil məktəbinin maliyyələşdirilməsi müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir.
Bununla yanaşı, təhsil sahəsinin inkişafının prioritet istiqamətlərinə uyğun olaraq, Təhsil Nazirliyinin qərarı ilə azkomplektli dövlət ümumtəhsil məktəbi mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.
Nizamnaməyə görə, dövlət və bələdiyyə ümumtəhsil məktəbləri uyğun olaraq dövlət və yerli büdcənin vəsaitləri ilə yanaşı, məktəblərin göstərdiyi pullu xidmətlərin əldə edilən vəsaitlər və digər mənbələr, o cümlədən hüquqi və fiziki şəxslərin ianələri və yardımları hesabına maliyyələşdirilə bilər. Yeri gəlmişkən, bu nizamnamədə şagirdlərin valideynlərinin məktəblərə yardım etmək hüququ təsdiqlənib.
Bundan başqa, məktəblərin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər də onların maliyyələşdirilməsində istifadə olunur.
Nizamnaməyə görə, ümumtəhsil məktəbinin əmlakı özəlləşdirilə və icarəyə verilə bilməz.
Məktəbin maddi-texniki bazasına binalar, torpaq sahələri, müxtəlif qurğular, maşın və avadanlıqlar, tibb, iaşə və idman obyektləri və digər əmlak daxildir.