Ömürlük məhbusa edilən işgəncələrlə bağlı məhkəmə keçirilib

Nişanlısı Lamiyə Quliyevaa ilə birlikdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyevlə bağlı yaxın günlərdə bir neçə məhkəmə prosesi keçirilib.

Valideynlərinin  azadliq.info-ya verdiyi məlumata görə  Vüqar həbs olunan zaman polis tərəfindən işgəncələrlə üzləşib. O zaman Aslan Aslanov vəzifədə olduğu üçün bütün şikayətlər rədd edilib. Ruslan Aslanovun ölümündə təqsirli bilinən Lamiyə Quliyeva azadlığa çıxdıqdan sonra Vüqar Əliyevin də azadlığa qovuşmağa ümidi artıb. Buna görə də işgəncələrə məruz qalamsı barədə prokrorluğa şikayət verib. Cinayət işinin başlanması rədd edildikdə Vüqar Əliyev məhkəməyə müraciət edib.

İyulun 28-də Şəmkir  rayon məhkəməsində hakim Nemət Paşayevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb.

Vüqar Əliyev apellyasiya şikayəti verib. Avqustun 4-nə təyin olunmuş ilkin baxış iclasında  Vüqar Əliyev vəsatətlər versə də, heç biri təmin olunmayıb. Məhkəmə baxışı avqustun 7-də davam etdirilib.

Vüqar Əliyev Xəyyam Vəliyev (sonradan avtoqəza nətiçəsində həlak olub), Vüqar Məmmədli, Fəxri Aslanov adlı polislər tərəfindən ona işgəncə verildiyini bildirib.  Dişləri sındırılıb. Lakin ekspert rəyində bütün bunların yalan olduğu göstərilib. 2003-cü il həmin hadisə zamanı vəkil olmuş Xalidə İsayeva bu dəfə də Vüqar Əliyevə vəkil təyin edilib.  Vüqar Əliyev onun işgəncəyə məruz qalmasına vəkilin də şahid olduğunu deyib. Xalidə İsayeva işgəncə faktlarını görmədiyini bildirib. Buna görə də şikayətçi  vəkildən imtina edib.

İşgəncələrə məruz qalma barədə şikayət araşdırmadığını görən Vüqar Əliyev hakimlərə də etiraz edib. Vəsatət baxılmamış saxlanılsa da, yekunda  şikayət təmin olunmayıb.

Ömürlük məhbusun valideynlərinin bildirdiyinə görə hakim qeyri-rəsmi şəkildə Vüqar Əliyeva bildirib ki, əgər sənin şikayətin təmin olunsa gərək onlarla adam həbs oluna, buna görə də bu mümkünsüzdür.

Azadliq.info