İrandan Türkiyəyə ağır ittiham

Tehran rəsmisi: “Suriyalılar Ankara və Dohanın dəstəyi olmadan 48 zəvvarı qaçıra bilməzlər”

İran parlamentininin sədri Əli Laricaninin xarici siyasət üzrə müşaviri Hüseyn Şeyxülislam Suriyanın paytaxtı Dəməşqdə 48 iranlı zəvvarın qaçırılmasına görə Türkiyə və Qətəri günahlandırıb. İranda ərəbcə yayımlanan dövlət televiziyası “Əl Aləm”ə açıqlama verən Şeyxülislam, Suriyadakı silahlıların Türkiyədə öyrədildiyini əsas gətirərək onların Ankaranın təlimatı olmadan belə bir işə qol qoymasının mümkün olmadığını bildirib.

“Qətər üsyançılara maliyyə dəstəyi verir. Türkiyədəki bəzi bazalar üsyançıların ixtiyarına verilib. Ankara onlara lazımi hərbi təlimlər keçir. Türkiyə və Qətərin dəstəyi olmadan suriyalı üsyançılar iranlıları qaçıra bilməzdilər” deyən müşavir Ankaranın qaçırılan iranlıların təhlükəsizliyi və ölkələrinə qayıtması üçün məsuliyyət daşıdığını söyləyib.