Türkiyədə Elçibəylə bağlı kitab nəşr edildi

Türkiyədə Elçibəy üçün “Atatürkün əsgəri Elçibəy” adlı kitab nəşr edildi. “Yaxın Plan” nəşrlərindən oxucuya təqdim edilən kitabın müəlllifi Şövkət Talha Apuhan kitabla əlaqədar “Azadlıq”a danışıb:
“Elçibəy bizim atamız, liderimiz və heç ölməyəcək idealımızın bayrağıdır. Onun həyatını yazaraq ona olan borcumuzun heç olmasa kiçik bir hissəsini ödəmək istədim”. O, Elçibəyi Anadolu türklərinə bir daha xatırlatmaq və Anadoluda yaddaşlardan silinməsinin qarşısını almaq istəyi içində olduğunu deyib: “Elçibəy Azərbaycanın ilk prezidentinin adı deyil. O bir mübarizənin, bezməyən idealist insanın, bitmək bilməyən müstəqillik eşqinin, gerçək imanın və gerçək liderin adıdır. Onun adı yaşadıqca Azərbaycan dövləti yaşayacaq, son bayraq enmədən, son əsgər şəhid olmadan və son bacası alovlanan ev də düşmənin ayaqları altında əzilmədən onun adı ürəklərdən silinməyəcəkdir”. Daha sonra Apuhan: “Başbuğ Alparslan Türkeş, 1992-ci ildə Elçibəyin əlini havaya qaldıraraq, ”Türk Dünyasının Lideri Əbülfəz Elçibəydir, Türk Dünyasını Elçibəyə, Elçibəyi də sizə əmanət edirəm” demişdir. Biz də sona qədər bu müqəddəs əmanətə sahib çıxacağıq” dedi.