Rəsul Quliyev – Turqut Ər polemikası səngimir

Eks-spiker barəsindəki ittihamlarla bağlı “Azadlıq”a növbəti məktubunu göndərdi

Türkiyənin Azərbaycandakı sabiq diplomatlarından olan Turqut Ərlə eks-spiker Rəsul Quliyev arasındakı söz atışması səngimir. Xatırladaq ki, Turqut Ər Rəsul Quliyevi 6 rayonun verilməsində suçlu bilmişdi.
Eks-spiker isə türk diplomatı tarixi saxtalaşdırmaqda və hadisələri düzgün qeydə almamaqda ittiham edib və bildirib ki, diplomatın onu 6 rayonun işğalında günahlandırması doğru deyil.
Turqut Ər isə “Azadlıq”a göndərdiyi növbəti məktubda bildirib: “Məgər mən demişəm ki, Rəsul Quliyev torpaq verib? Rəsul Quliyev Heydər Əliyevin satdığı rayonları imza atdığı Bişkək Protokolu ilə rəsmiləşdirib. Bunu danmaq istəyirsə, dansın”.
Rəsul Quliyev də türkiyəli diplomata cavab olaraq redaksiyamıza növbəti məktubunu göndərib. Eks-spikerin yaxdıqlarını oxucuların diqqətinə çatdırırıq:
“Bu mənim Turqut müəllimə verəcəyim sonuncu cavabdır. Bundan sonra istədiyini yaza bilər, daha cavab almayacaq.
Sevr müqaviləsini misal çəkməklə mən anlatmağa çalışmışdım ki, xalq liderin (Atatürkün) arxasında dayananda onu hətta bütün dünya yığışsa belə yıxa bilmir. Amma Turqut müəllim qəfildən özündən çıxıb bu müqaviləyə imza atanların 60-cı ilə qədər Türkiyəyə buraxılmamasından danışır. Bunun mətləbə nə dəxli var. Bir neçə ay ərzində Turqut bəy eyni hadisəyə görə gündə birini günahlandırıb ağır ittihamlar irəli sürür. Və yazdıqları bir birini təkzib edir. Mart hadisələrində hansısa naxçıvanlıları ittiham edir, hansısa rus generallarından danışır. Birdən əsəbiləşib “Məgər Türkiyə səfirliyi gedib omonçuları güllələdi?” deyə sual edir. Bunun cavabını soruşur. Kimdən məlum deyil. Kim demişdi ki, Türkiyə səfirliyi güllələyib onları, başa düşmək olmur. Indi “Mart hadisələrinə Namiq Abbasovla, Nəcməddin Sadıqov cavab verməlidir, onlar hər şeyi bilir” iddiasını irəli sürür.
Sivil ölkələrin səfirləri görüşə gələndə birinci qaldırdıqları məsələ demokratiya və seçkilər idi. Bəs, siz niyə o məsələləri qaldırmırdınız Turqut müəllim? Özünü 21-ci əsrin görkəmli diplomatlarından sayan Turqut müəllimə parlament sədrinin imzaladığı protokolun müqavilə statusu daşımadığını izah etmək olmur. Turqut müəllim hələ də bilmir ki, parlament sədri parlamentin səs verib qəbul etdiyi qanun və qərarlara qol çəkdikdə onun hüquqi statusu olur. Ancaq o qanundursa prezident imzaladıqdan sonra qüvvəyə minir. Turqut müəllim, sizə bir məsləhətim var. Bundan sonra nəsə bir şey yazmaq istəsəniz xahiş edirəm arxiv materiallarından istifadə edəsiniz. Mən əminəm ki, siz o “Bişkek protokolu”nu oxumamısınız. Oxusaydınız ləkə yaxmaqdan xəcalət çəkərdiniz”.