İctimai Palata aksiyalara başlayacaq

Pənah Hüseyn: “Yaxın iki ay ərzində kütləvi aksiyalara başlamaq barədə qərar veriləcək”

“Hesab edirəm ki, yaxın iki ay ərzində Ictimai Palata kütləvi aksiyalara başlanması ilə bağlı qərar verəcək və qərarını icra edəcək”. Bu açıqlamanı APA-ya Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn verib.
P.Hüseyn deyib ki, iki aydır kütləvi aksiyaların keçirilməsində fasilə yaranıb:”Bu məsələ bir neçə dəfə Ictimai Palatanın Koordinasiya Şurasında müzakirə olunub. Hazırda da kütləvi aksiyaların keçirilməsi məsələsi müzakirə mövzusudur. Ictimai Palatada aksiyaların davam etdirilməsi məsələsi gündəmdədir. Aksiyaların yerinin və vaxtının müəyyən edilməsini isə Ictimai Palatanın sessiyası Koordinasiya Şurasına həvalə edib”.
P.Hüseyn kütləvi aksiyaların davam etdirilməsi ilə bağlı Ictimai Palatada ciddi fikir ayrılığının olmadığını da qeyd edib:”Ictimai Palatada bu ilin avqustunda, ən geci isə sentyabrda aksiyaların keçirilməsi barədə təkliflər səslənib. Həmin təklif müzakirə olunur”.