Bank sektoru inhisara alınır

Samir Əliyev: “Bir neçə bank daha da güclənəcək, digərləri sıradan çıxarılacaq”

Məhəmməd Talıblı: “Bank sektoru hakim ailənin kapitalının idarə olunması üçün vasitəyə çevriləcək”

Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı Idarə Heyətinin qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimumuna tətbiq olunan tələb 50 mln. manatadək artırılıb. Yeni normativ 2014-cü ilin yanvarın 1-dən qüvvəyə minir.  
Qeyd edək ki, hazırda fəaliyyətdə olan, habelə yeni yaradılan bankların məcmu kapitalının minimum miqdarına tətbiq olunan tələbnamə 10 mln. manatdır. Göstərilən müddətə qədər məcmu kapitalını artırılan həcmədək qaldıra bilməyən banklar ya birləşmək, ya da “Royal Bank” kimi özünü müflis elan etməli olacaq. Mərkəzi Bank rəhbərliyi dəfələrlə Azərbaycanda bankların sayının azaldılmasının vacibliyini bildirib. Hətta bir çox ekspertlər bu açıqlamaları bank sektorunun tam inhisara alınması üçün hazırlıq kimi qiymətləndirirdi. Artıq bu istiqamətdə addım atıldı və yaxın zamanda Azərbaycanda bankların sayı kəskin şəkildə azaldılacaq. Bunun da arxasında siyasi qərarın olduğu artıq şübhə doğurmur. Ekspertlər də bu qənaətdədirlər.

İqtisadçı-ekspert Samir Əliyev qlobal maliyyə böhranından sonra bankların kapilatallaşması məsələsinin gündəmə gəldiyini deyir. Digər MDB ölkələrində də bu istiqamətdə hazırda proses gedir və bankların nizamnamə kapitalının həcminin artırılması gözlənilir.
Ekspertin sözlərinə görə, MDB ölkələri içərisində Azərbaycan bankların sayına görə Rusiya və Tacikistandan geri qalır. Ancaq bunun heç bir müsbət rolu yoxdur. Çünki ölkədə cəmi 20 bank normal fəaliyyət göstərir. Qalan 23 bankın payı heç 10 faiz də deyil. Onlar daha çox kassa rolunu oynamaqla məşğuldur, insanlara normal xidmət göstərə bilmirlər. Ona görə də iqtisadi baxımdan bankların sayının azaldılması müsbət haldır. Bu, bankların güclənməsinə imkan verəcək. Ancaq qorxulu reallıq ondan ibarətdir ki, bank sektorunda monopoliya daha da güclənə bilər. Əmanətlər əsasən bir neçə bankın əlində cəmləşəcək. Camaat əmanətlərini iri, bağlanma ehtimalı olmayan banklara qoyacaq. Bir neçə bank daha da güclənəcək, digərləri sıradan çıxarılacaq.

İqtisadçı-ekspert Məhəmməd Talıblı hesab edir ki, nizamnamə kapitalını artırmaq məqsədilə birləşəcək bankların səhmlərinin bölünməsi ilə bağlı problemlər yarana bilər. Bu da bankların birləşməsinin qarşısını alacaq və həmin banklar fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaq. Kənardan bu, bank sektorundakı islahatlara xidmət edən addım kimi görünür. Mərkəzi Bank bunun Azərbaycanda bank sisteminin kapitallaşma səviyyəsinin artırılmasına xidmət etdiyini, banklar arasında rəqabət mühitini gücləndirdiyini deyə bilər. Ancaq məsələnin pərdəarxası tərəfi də var.
Ekspert artıq ölkədə bir neçə bankın saxlanılması ilə bağlı siyasi qərarın verildiyini deyir. Iri bankların arxasında dayanan məmurlardan bank sektoruna daha çox vəsait yönəldilməsi tələb ediləcək. Yaxın vaxtlarda Mərkəzi Bankın bu istiqamətdə digər addımlar atacağı da gözlənilir. Bundan sonra bank sektoru hakim ailənin kapitalının idarə olunması üçün vasitəyə çevriləcək.
Ekspertin fikrincə, bu istiqamətdə həyata keçirilən tədbirlərin gerçək mahiyyəti cəmiyyətə açıqlanmalıdır. Azərbaycanda hansı bankların fəaliyyətinə xitam verilməsi Mərkəzi Bankın təsir alətləri ilə deyil, cəmiyyətin tələbləri ilə müəyyənləşdirilə bilər. Ona görə də bu istiqamətdə ciddi maarifləndirmə işləri aparılmalıdır, eyni zamanda bankların real vəziyyəti cəmiyyətə çatdırılmalıdır.  

Fizzə