Liderlər Olimpiya rüsvayçılığından danışdı

london-olimpic“Bütün qələbələrə şərik çıxan İlham Əliyev indi də  məğlubiyyətə görə məsuliyyət daşısın”

“Azərbaycan idmanını bərbad vəziyyətə salan hakimiyyətdən hesabat tələb olunmalıdır”

“Bu, Azərbaycan iqtidarının ”Eurovision”dan sonra ən ciddi siyasi məğlubiyyəti idi”

Azərbaycan idmançılarının Olimpiya oyunlarında ardıcıl məğlubiyyəti, üstəlik ölkəmizin adının rüşvət qalmaqalında hallanması son günlərin ən diqqətçəkən mövzusudur. Partiya liderlərinə müraciət edib bu mötəbər idman yarışında Azərbaycanın yaşadığı rüsvayçılığa onlardan da münasibət öyrəndik.

AXCP sədri Əli Kərimli deyir ki, Azərbaycan hakimiyyəti hər zaman idmançıların qələbəsinə şərik çıxıb, bundan öz təbliğatı üçün istifadə edib: “Buna baxmayaraq biz həmişə idmançılarımızın qələbəsinə sevinirik, azarkeşlik edirik, məğlubiyyətlərinə isə məyus oluruq. Onu da başa düşürük ki, bu idmandır və hər bir yarışda qaliblər kimi, məğlublar da olmalıdır. Nə qələbə, nə də məğlubiyyət daimi deyil və yarışlarda idmançıların daha çox istedadları və hazırlıqları rol oynayır. Amma Azərbaycan cəmiyyətində baş verənlərə istər-istəməz böyük təpki var. Bu təpki də səbəbsiz deyil. Cəmiyyət şahiddir ki, son illərdə Azərbaycanın istedadlı gənclərinin Olimpiya yarışlarında, digər mötəbər yarışlarda əldə etdiyi bütün qələbələrə Ilham Əliyev başda olmaqla indiki rejim sahib çıxıb, şərik olub. Həmin qələbələrdən öz təbliğatı üçün maksimum istifadə edib. Ona görə də cəmiyyətdə çox haqlı sual formalaşıb. Mən də o sualı bölüşürəm ki, nəyə görə Ilham Əliyev son illərin yarışlarının əldə olunmuş qələbələrinə şərik çıxdığı halda bu məğlubiyyətə görə məsuliyyət daşımaq istəmir?”.

“Hakimiyyət ”günah keçisi axtarır”

Ə.Kərimli hesab edir ki, hakimiyyət hər vəhclə məsuliyyəti digər adamların üzərinə atmağa çalışır: “Hökumətə yarınan bəzi adamlar çalışırlar ki, baş vermiş hadisəyə görə ayrı-ayrı nazirlərin, federasiya rəhbərlərinin simasında ”günah keçisi” tapsınlar və bütün məsuliyyəti onun üzərinə qoysunlar. Qələbə olanda həmin nazirlər, federasiya rəhbərləri heç yada düşmürdü. Qələbələrin təbrik, mədhiyyə, yaltaqlıq ünvanı rejim idi, indi məğlubiyyət olanda heç bir məsuliyyət daşımaq istəmirlər. Burada böyük bir ədalətsizlik var və Azərbaycan cəmiyyəti haqlı olaraq bütün qələbələrə şərik çıxmış şəxsin indiki məğlubiyyətə görə də məsuliyyət daşımasını istəyir”.
Ə.Kərimlinin sözlərinə görə, bu məğlubiyyətlər hökumətin idman siyasətinin “gözdən pərdə asmaq” və “pripiska” üzərində quruluduğunu ortaya çıxardı: “Son illərdə müxtəlif olimpiya mərkəzlərinin, idman-təlim mərkəzlərinin tikintisinə, formalaşmasına yüz milyonlarla manat xərclənib. Yüz milyonlarla vəsait mənimsəyiblər və bu da nəticəsi. Bu, istər-istəməz Azərbaycan cəmiyyətində haqlı iradlar yaradır. Azərbaycan hakimiyyətinin ”gözdən pərdə asıb” uğur siyasəti yaratmağı həm də ona görə mənfi qarşılanır ki, Azərbaycanda idmanı həqiqətən də inkişaf etdirib yerli idmançılar yetişdirmək əvəzinə müxtəlif ölkələrdən böyük pullar müqabilində çoxlu sayda insanlar dəvət ediblər. Idmanın inkişafına aidiyyəti olmayan, müxtəlif ölkələrdən gətirilmiş həmin idmançıların hesabına “gözdən pərdə asmaq”a səy göstəriblər. Yəni bahalı və saxta əməliyyat həyata keçirilib”.

“İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır”

AXCP sədrinin fikrincə, budəfəki Olimpiya oyunları Azərbaycan hakimiyyətinin rüşvətxor və korrupsioner mahiyyətini dünya arenasına çıxartdı: “Artıq rejimin nümayəndələri Azərbaycanı dünya miqyasında rəsmən rüsvay edirlər. Hələ bir neçə ay əvvəl BBC aşkarlamışdı ki, Azərbaycanın bir çox tanınmış oliqarxları danışıqlar aparıblar ki, London olimpiadasında Azərbaycan boksçularına pulun müqabilində qızıl medal verilsin. Son günlər bütün dünya mediası ondan bəhs edir ki, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Əbiyev Olimpiada etikasını dəfələrlə pozduğuna görə yarışdan uzaqlaşdırılıb. Bir çox KIV-lərin məlumatına görə, bu işin arxasında Azərbaycan rəsmilərinin Türkmənistandan olan hakimə rüşvət verməsi durur. Azərbaycan rəsmiləri Avropa Şurasının siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Ştrasseri belə, ələ almağa səy göstərmişdilər. Cənab Ştrasser bunu bütün dünyaya bəyan etdi. Eyni zamanda o da faktdır ki, Azərbaycan rəsmiləri bir sıra ölkələrin deputatlarına, o cümlədən Avropa Şurasının onlarla parlamentarisinə rüşvət veriblər və bu da bir müddət əvvəl Britaniya parlamentində dinləmələrin keçirilməsi ilə nəticələnib. Yəni Azərbaycanı bu gün rəsmən təmsil edən adamlar öz rüşvətxorluqlarını artıq dünya arenasına çıxarıblar. Bütün dünya Azərbaycan hakimiyyətinin bu əməllərini beynəlxalq müstəviyə çıxarmasından danışır. Artıq Azərbaycan hakimiyyəti dünya miqyasında öz adını rüşvət və korrupsiya ilə assosiasiya etdirir. Bu da ölkəmiz, millətimiz adına yaraşmayan, dövlətin nüfuzunu aşağı salan hərəkətdir. Ilham Əliyev başda olmaqla Azərbaycan hakimiyyəti bütün bu baş verənlərə görə məsuliyyət daşıyır”.

“Hakimiyyət bütün sahələrdə ölkəyə uğursuzluq yaşadır”

Müsavat başqanı İsa Qəmbər Olimpiya oyunlarını diqqətlə izlədiyini və istər Azərbaycan idmançılarının uğursuzluğuna, istərsə də rüşvət qalmaqalına təəssüf etdiyini deyir: “Bu hakimiyyət Azərbaycandanın bütün sahələrini inhisara alıb və bütün sahələrdə ölkəyə böyük uğursuzluq yaşadır. Idman sahəsini də tam inhisara götürüb korrupsiyalaşdırmaqla ölkəni biabır edirlər. Olimpiada yekunlaşdıqdan sonra nəticələr ciddi müzakirə olunmalıdır. Söhbət, təkcə medalların sayından getmir. Azərbaycan idmanını bərbad vəziyyətə saldığına görə bu hakimiyyətdən hesabat tələb olunmalı, idmanın bu şəkildə idarə edilməsinə etiraz bildirilməlidir”.  

“Mükafatın əvvəlcədən elan olunması idmançıların psixoloji hazırlığını məhv etdi”

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, idmançılarımızın məğlubiyyətinin səbəbkarı hakimiyyətdir. Çünki ölkə rəhbərliyi hələ yarışdan əvvəl onlara bahalı mükafatlar vəd edib: “Hökumət idmançılarımızı yarışa yola salanda mən  dedim ki, Azərbaycan bununla da məhv oldu. Mübarizənin mükafatı əvvəlcədən vəd olunursa və ya düşünülürsə, o insan psixoloji olaraq mübarizə apara bilmir. Mükafatın əvvəlcədən elan olunması idmançıların qələbəyə olan psixoloji hazırlığını məhv etdi. Ora gedən adam artıq onu fikirləşirdi ki, kimdən nə qədər pul, haradan ev, haradan maşın alacaq. Azərbaycanın hər bölgəsində Olimpiya mərkəzi tikilib. Amma mətbuatın da yazdığı kimi, bu mərkəzlər idmanın inkişafına yox, icra başçılarının istirahətinə xidmət edir. Üçüncüsü də, Azərbaycanda hər sahədə qohumluq, tanışlıq rol oynayır. Istedadlı adamın tanışı, pulu yoxdursa, onu heç kim belə yüksək səviyyəli yarışlara göndərməyəcək. Bütün bu amillər birləşdi və mövcud vəziyyətin yaranmasına səbəb oldu. Hesab edirəm ki, bu, ”Eurovision”dan sonra Azərbaycan iqtidarının ən ciddi siyasi məğlubiyyəti idi”.