Binəqədidə evlər buldozerin qabağına verildi

bineqedi-dagilan-evlerİcra başçısı 43 evi  yerlə yeksan etdirdi

Başçısının birinci müavini “mənlik deyil, gedin başçıyla görüşün” dedi; sakinlər Xaləddin İsgəndərovu ittiham etdi

Binəqədi rayonu, Binəqədi şossesində 40-dan artıq ev buldozerin qarşısına verilərək uçurdulub. Olay iyulun 30-da baş verib. Səbəb kimi mənzil sahiblərinin icra hakimiyyətinə dəvət edilməsidir…

Xaləddin İsgəndərov satılan torpaqlardan əlavə haqq istəyir

Ötən gün evlər dağıdılan ünvana yollanıb olayın təfərrüatlarını öyrənməyə çalışdıq.
Iyulun 30-da rayon icra hakimiyyəti başçısının birinci müavini Qəzənfər Novruzov o biri müavinlərlə, rayon polis idarəsi rəisinin müavinləri, sahə müvəkkili, polislərlə birlikdə əraziyə buldozerlə gələrək mənzilləri yararsız hala salıb. Sakinlər bunun səbəbini Qəzənfər Novruzovdan soruşanda “mənlik deyil, icra hakimiyyətinə gəlin, başçıdan soruşun” cavabını verib.
Bura Binəqədi şossesi adlansa da, ərazinin konkret ünvanı yoxdur. Qonaq gəlmək istəyənlərə “”Zəngəzur” restoranının yanında düşün, üzbəüz məhəlləyə girin” söyləyərək yolu göstərirlər.

Kimi buranı Binəqdi şossesi, kimi isə məhəllə dalandırır. Ərazi çox böyükdür. Vaxtilə sözügedən ünvan qamışlıq və göldən ibarət olub. Sonradan təmizlənərək yaşayış massivinə çevrilib. Yaşayış massivi neft ərazisi deyil.
Sakinlər deyirlər ki, iyulun 30-da buldozerlər 43 evə ziyan vurub: “Kiminin hasarı uçurdulub, kiminin qarajı, kiminin də mənzili. Dedikləri də budur ki, icra hakimiyyətinə gəlin, başçı ilə söhbət edin”.
Əhali bu cür hücumun səbəbini yeni icra başçısının pul tələb etməsi ilə əlaqələndirir: “Binəqədinin icra başçısı Alı Qocayev buradan çıxarılandan sonra yerinə Xaləddin Isgəndərov təyin olundu. Indi Xaləddin Isgəndərov satılan bütün torpaqlardan əlavə haqq istəyir”.
Sakinlər onu da bildirdilər ki, yaşayış massivində bələdiyyənin bircə sot da boş torpağı qalmayıb: “Hamısı satılıb. Yeni metoda keçiblər, tikilən evlərə gəlib, bir söz demədən söküb gedirlər. Sonra da deyirlər ki, söhbət üçün icra hakimiyyətinə gəlin”.

Yeni başçı sakinlərə nə vəd etmişdi?

Buradakı evlərin heç birinin “kupça”sı yoxdur. Ancaq icra nümayəndəliyindən, bələdiyyənin icazə kağızı, layihə sənədləri qaydasındadır. Dəfələrlə mənzil sahibləri qeydiyyata düşmək üçün aidiyyəti qurumlara müraciət ediblər. Ancaq heç bir faydası olmayıb. Yaşayış massivində su, işıq, qaz xətləri var: “Hətta bu yaxınlarda qaz sayğaclarını dəyişdirdilər. Yeni ”smartkart”lar quraşdırıldı. Sadəcə bizim kanalizasiya problemimiz var. Xaləddin Isgəndərov Binəqədiyə icra başçısı təyin olunanda bura gələrək sakinlərlə görüşdü. Camaatın qarşısında çıxış edərək söz verdi ki, “Eurovision” musiqi yarışmasından sonra bura kanalizasiya xətləri də çəkiləcək. Musiqi yarışması bitəndən sonra kanalizasiya sistemi çəkilmədi, əvəzində evlərə hücum edib sökdülər”.
Yaşayış massivində bəzi evlərin hasarları, bəzi mənzillərin qapı-pəncərə olan hissəsi uçurdulub. Elə mənzillər var ki, tikilmək üzrədir, eləsinin isə damı örtülüb, ancaq yenə buldozerin qarşısına verilib. Bura hücum edənlər “sahibsiz mənzillərə” daha çox zərər yetiriblər. Kimi evini tikmək üçün işə fasilə verib, kimi damını örtüb Rusiyaya pul qazanmağa gedib – bu cür yiyəsizlikdən indi onların mənzillərinin buldozerin ağzına verilməsi ilə sonuclanıb.  

Ev tikmək üçün kimə nə qədər verməlisən?

Sakinlər deyirlər ki, burada torpağın bir sotu 3-15 min manat arasında dəyişir: “Bələdiyyə bütün torpaqları satıb. Kimsə torpaq almaq üçün fərdlərə yaxınlaşmalıdır. Ev tikmək üçün icra nümayəndəliyinə 500, sahə müvəkkilinə 200-300 manat ödəyiblər. Əvvəllər – Alı Qocayevin vaxtında ev tikmək üçün 1000-2000 manata ev tikmək üçün icazə almaq mümkün idisə, indi bu rəqəm 5 minə qaldırılıb. Bələdiyyə torpaqları satandan sonra da burada tikili ucaltmaq üçün onlardan da icazə almaq lazımdır. Qiymətlər qaraja 300, ev üçün 1000-1500 manat dəyərləndirilib.
Yaşayış massivinin yolları bərbaddır. Kanalizasiya sistemi olmadığından yağış yağanda evlərin altı suyla dolur. Sakinlər dəfələrlə icra hakimiyyətinə problemlə bağlı şikayətə getsələr də günahkar sayılaraq geri qaytarıblar: “Bizə dedilər ki, niyə orada ev tikmisiniz. Biz deyirik ki, kanalizasiya problemimiz var, onu həll edin, icra hakimiyyəti deyir ki, yaşadığınız yerdə niyə ev tikmisiniz? Pulu olan burada ev tikər? Camaat imkansızlıqdan belə yerlərə üz tutub”.
Sakinlər evlərin sökülməsiylə bağlı icra hakimiyyətinə getməyəcəklərini deyirlər: “Biz mənzillərimizi qanuni şəkildə tikmişik. Verilən layihədən, alınan icazədən kənara çıxmamışıq. Hər bir sənədimiz var. ”Kupça” versələr, gedib onu da alarıq. Başqa qəsəbələri “neft ərazisi” adıyla sökürlər, burada neft də yoxdur. Heç vaxt da SOCAR-ın ərazisi olmayıb. Niyə icra hakimiyyətinə getməliyik? Əgər icra başçısının bizə sözü varsa, özü camaatla görüşə gəlsin”.

Deputatlarını görməyən seçicilər…

Yaşayış massivində 2000-dən çox mənzil var. Ərazi həddindən artıq böyükdür. Yəni oranı piyada gəzmək mümkün deyil. Buranın yaşayış şəraiti bir az normallaşsa, hətta şəhər tipli qəsəbə statusunu da daşıya bilər.
Buranın əhalisi deputatları Hacı Madər Musayevi bircə dəfə də olsun görməyiblər: “Onu ancaq telekanallardan görmüşük. Seçki vaxtında da seçicilərlə görüşə gələndə bura gəlmədi. Yəqin yollarımızın bərbadlığı onu qorxudub. Bu cür yollardan qorxmaq lazım deyil. Camaatın hər gün istifadə etdiyi yola baxıb, problemi aradan qaldırmaq üçün aidiyyəti qurumlara müraciət etmək lazımdı. Ancaq Hacı Madər bizdən uzaq olduğu üçün bura gəlmir”.
Camaat onu da bildirdi ki, problemlərinin həlli üçün deputata müraciət etməyiblər. Səbəb isə belə müraciətlərə çox vaxt diqqət yetirilməməsidir.
Sakinlər deyirlər ki, Xaləddin Isgəndərov icra başçısı təyin olunandan sonra problemləri daha artıb.
Xaləddin Isgəndərov Vergilər naziri Fazil Məmmədovun yaxın qohumudur. Fazil Məmmədov isə “fövqəlnazir” Kəmaləddin Heydərovun kurasiyasında olan nazirlərdəndir. Ancaq son günlər Məmmədovun Heydərovdan uzaqlaşıb Paşayevlərə sığındığı deyilir.

***

Binəqədi şossesi adlanan bu ərazi nə ARDNŞ-nin neft ərazisidir, nə də tikilən evlər qanunsuzdur. Hər kəsdə hökumətin verdiyi sənədlər var. Ancaq buldozer bu cür evləri də “tapır”. Belə getsə, hələ çox mənzillər bu qaçdı-tutdu oyununun qurbanı olacaq…

Ramin DEKO