“İlham Əliyev dövləti necə idarə edirsə, Olimpiya Komitəsinə də elə rəhbərlik edir”
Zərdüşt Əlizadə: “Azərbaycanı mütəşəkkil cinayətkar dəstə idarə edir”
Müsahibimiz tanınmış politoloq Zərdüşt Əlizadədir. Zərdüşt bəyə ilk sualımız son zamanlar mətbuatın gündəmində olan ölkədən offşor zonalara 17 il ərzində 48 milyad dollar vəsaitin çıxarılması ilə bağlı oldu. Oxşar hadisə demokratik ölkədə baş versəydi dərhal istefalar dalğası və cəmiyyətin qınağı müşahidə olunardı. Amma Azərbaycanda tam əks-proses yaşandı. Z.Əlizadə baş verənlərin təəccüblü olmadığını söylədi:
– Azərbaycan offşor zonalara çıxarılan kapitalın həcminə görə 3-cü, 4-cü yerdədir. Burada Amerika, Rusiya, Fransa və başqa dövlətlər üstünlük təşkil edir. Vaxtaşırı Fransa Maliyyə Nazirliyi, Maliyyə Polisi Isveçrə banklarını hədələyirlər ki, onlara qarşı tədbir görəcəklər. Nəticədə ona nail olurlar ki, vergidən yayınan varlı fransızların adları açıqlanır. Eyni işi ABŞ da edir. Bu, bütün dünyada geniş tətbiq olunan haldır. Hər yerdə çalışırlar ki, varlılar vergidən yayınsınlar və haram pullarını sabit bölgədə gizlətsinlər. Azərbaycana gəlincə isə, ölkəmiz iyirmi ildir ki, müstəqildir və SSRI-nin maliyyə sistemindən çıxıb. SSRI vaxtı da Azərbaycanda varlı adamlar var idi. Amma indikilərin yanında onlar kasıb sayıla bilərlər. Neft pulları gəlməyənə qədər Azərbaycanın dövlət büdcəsi yüz milyonlarla dollarla ölçülürdü. Indi isə artıq 20 milyarda yaxınlaşır. Bu, neft pullarının təsiridir. Əhalisinin böyük bir qismi minimum istehlak səbətindən az qazanan, vətəndaşlarının çoxu hüquqsuz olan Azərbaycanda hakim zümrənin 48 milyard dollar ölkədən çıxarması, onu göstərir ki, Azərbaycanı mütəşəkkil cinayətkar dəstə idarə edir və bu dəstə 48 milyardla kifayətlənməyəcək. Hələ 150-200 milyard dollar da neft və qazdan gələcək. Onlar bu pulları da oğurlamağa israrlıdırlar. Qərb baş verənlərə çox müsbət baxır. Çünki bu pullar Qərb banklarındadır. Ümumiyyətlə, üçüncü dünya ölkələrində hakim zümrənin oğurladığı bütün pullar Qərbdə gizlədilir. Ona görə Qərb siyasi cəhətdən sistemləri nəzarətdə saxlamaq üçün vaxtaşırı bu məlumatları açıqlayır. Digər tərəfdən, onlar çox maraqlıdırlar ki, bu pullar Qərbin maliyyə qurumlarında saxlanılsın. Qəzzafi devriləndən sonra onun 240 milyard dollarlıq pulu Qərb banklarında saxlanıldı. Iran şahının kifayət qədər böyük pulları dondurulub. Istənilən diktator devriləndə onun pulları Qərb banklarında qalır.
Oğurluqla yoğrulan xəmirdən bişən çörəyin dadı olmaz
– Azərbaycanın Olipiadada iştirakı qalmaqalsız ötüşmədi. Öncə Azərbaycan rəsmisi bilet satışına görə ölkədən çıxarıldı, daha sonra isə Ağacan Əbiyevlə bağlı rüşvət qalmaqalı gündəmə gəldi. Bütün bunlar nə dərəcədə gözlənilən idi?
– Altmışıncı illərdən başlayaraq eyni şəxslər, eyni zümrə hakimiyyətdədir. O illərdə rüşvət verib Özbəkistan pambığını alıb, Azərbaycan pambığı kimi təqdim edirdilər. Nəticədə Keçici Qırmızı Bayraqlar alaraq, Siyasi Büroya seçilirdilər. Indi də başqa ölkələrin idman hazırlığı sistemində yetişmiş idmançıları alırlar və onları bizim bayrağın altında yarışlara salırlar. Həmin o muzdlu idmançılar çox nadir hallarda ürəkdən çalışırlar. Bir çox hallarda xarici ölkələrin ən güclü idmançılarını öz dövlətləri qiymətləndirir və onlar öz dövlətlərinin idman şərəfini qoruyurlar. Azərbaycanın bütün idman federasiyaları haram pullar qazanan məmurlara verilib və oğurluqla yoğrulan xəmirdən də bişən çörəyin dadı olmur. Birincisi, fitri istedadı olan Elnur Məmmədli Pekin Olimpiadasında qızıl medal ala bildi. Amma o da rejimin məngənəsinə düşüb dəyişdi və mübarizə motivasiyasını itirdi. Idmanda uduzmaq ayıb deyil. Amma necə uduzmaq əsas məsələdir. Bir var sidqi-ürəkdən yarışmada iştirak edib, məğlub olasan, bir də var, gəlib bizimkilərə bənzər mərasimdə iştirak edəsən və qayıdasan geriyə. Ağacan Əbiyevi mən əlli ildir ki, tanıyıram. Məktəbli olan zaman gedib onun döyüşlərinə baxırdım. O, orta səviyyəli idman ustası idi. Sonradan Bədən Tərbiyəsi Institutunda boksdan dərs deməyə başladı. Hakim zümrə onu çoxsaylı idmançılar arasından seçdi və təəssüf ki, bu məhşur bokusçunu özünə uyğun dəyişdirdi. Indi bu şəxs hakimiyyətin öyrətdiyi iş üsullarını beynəlxalq arenada tətbiq etmək istəyir. Ağacan Əbiyev kimi vaxtilə məhşur idmançının bu cür olaylarda adının hallanması təəssüf doğurur.
– Yenidən Azərbaycandakı insan haqları və demokratiya porblemləri gündəmə gəlib. “Eurovision” yarışmasında bu məsələlər gündəmə gələndə hakimiyyət Azərbaycanın inkişafını istəməyənlərin əməli adlandırırdı bunları. Bəs London Olimpiadasında baş verənləri kimin ayağına yazmalı?
– Beynəlxalq miqyasda nüfuz və mənafe naminə mübarizə gedir. Bəzən insan haqları və demokratiyadan əks tərəfi döydürmək üçün uğurlu dəyənək kimi istifadə olunur. Məsələn, bir neçə gün əvvəl BMT-nin Baş Assambleyası Səudiyyə Ərəbistanının Suriyanı pisləyən qətnaməsini qəbul edib. Səudiyyə Ərəbistanı hesab edir ki, Suriyada plüralist, çoxpartiyalı və insan haqlarına hörmət edən bir qurum yaradılmalıdır. Səudiyyə Ərəbistanı bunu Suriyadan tələb edir. Bundan böyük kinayə ola bilməz. Səudiyyə Ərəbistanı dünyada ən mürtəce, insanın sıfır dərəcədə qiyməti olan bir ölkədir. Əlbəttə, Suriya da mələk dövlət deyil və orada da insan haqları bərbad vəziyyətdədir. Amma biz bilirik ki, Qərb və ABŞ bəzən insan haqlarını siyasi təzyiq vasitəsi kimi istifadə edir.
Olimpiada da Azərbaycanın insan haqları ilə bağlı adının tez-tez hallanmasına gəlincə, ölkəmizdə qanunun aliliyinə, insan haqlarına etinasızlıq özünü hər zaman göstərib. Əgər məmurun bütün işi-gücü büdcə dağıdıb, rüşvət almaqdırsa, ona hansısa idman növünü tapşırıb, uğur gözləmək mənasızdır.
İlham Əliyev Olimpiadadakı məğlubiyyətə necə reaksiya verəcək?
– Hazırda Londondakı uğursuzluqlara hakimiyyət düşərgəsindən də etirazlar gəlir. Məsələn, Siyavuş Novruzov bildirib ki, uduzanda da şərəflə uduzmaq lazımdır. Hakimiyyətin nəzarətində olan kanallar hətta idmançılarımızı ələ salmaqdan belə çəkinmirlər. Bu nəyin görsənişidir?
– Tülkünün əli ətə çatmayanda deyir ki, ət iylənib, onu yeməyə dəyməz. Azərbaycan idmançıları qızıl medal alsaydılar, bunu hakimiyyətin uğurlu daxili və xarici siyasəti kimi təqdim edəcəkdilər. Bu alınmadığına görə bu cür təbliğat aparırlar. Hər bir ölkədə idman cəmiyyətin inkişaf göstəricilərindən biri sayılır.
– Regionlarda Olimpiya komlekslərinin tikilişinə kifayət qədər pullar xərclənir. Digər tərəfdən, hər nazirə bir federasiya verilib. Amma bütün bu maliyyənin müqabilində nəticə yoxdur…
– Bu şəxslər hər sahədə oğurluqla məşğuldurlar. O cümlədən də idman sahəsində. Idman federasiyalarının məmur-oliqarxlara verilməsi müxtəlif məna daşıyır. Mənalardan biri budur ki, o, etibar edilən, prezidentə yaxın adamdır. Ikinci məna bu iş onlara tapşırıldığına görə, hamı bilir ki, bu şəxslər federasiyaların inkişafına pulu maaşlarından verməyəcəklər. Bu vəsait oğurlanmış dövlət pullarından veriləcək. Ona görə sanki bu nazirlərə müəyyən həddə qədər oğurlamaq limiti verilir. Oğurlanan pulların 80 faizi özlərinə, 20 faizi isə idmana ayrılır. Əgər bu məmur uğur qazanarsa, prezident onun başını sığalayacaq və deyəcək ki, bərəkallah.
– İlham Əliyevin özünün idmana həssaslığı nəzərə alınarsa, onun Olimpiya yığmasının uğursuzluğuna münasibəti nə cür olacaq?
– Bütün diktatorlar Olimpiya Komitəsinin başına oğullarını qoymuşdular. Səddam Hüseynin oğlu Uday Milli Olimpiya Komitəsinə başçılıq edirdi. Liviya diktatorunun oğlu da ölkə futbolunun xas atası idi. Indi Ilham Əliyev neft və idman sahəsindəki işinə görə yox, sadəcə dövlətə rəhbərlik edən şəxs kimi kifayət qədər müstəqilləşib və idmandan asılı deyil. Bəli, idmanda uğur olsaydı, deyərdilər ki, sağ olsun Ilham müəllim, atalıq qayğısı göstərib. Əgər qızıl medal götürməsələr məmurlara müəyyən qulaqburması verəcək ki, gələn oyunlarda medal qazanarıq. Azərbaycan bu Olimpiadada ona görə qızıl medal almağa çalışırdı ki, növbəti oyunlara ev sahibliyi etsin. Bu imkan verəcəkdi ki, onlar 40-50 milyardı birdən oğurlasınlar. Növbəti Olimpiadaya Azərbaycanın namizədliyinin qalib gəlməsi inandırıcı deyil. Amma bu davam edəcək. Çünki bunun vasitəsilə xeyli büdcə pullarını mənimsəmək olar.
– İdmançılarımızı yola salan zaman dövlət başçısı belə bir fikir söyləmişdi ki, mən dövlət rəhbərliyinə idmandan gəlmişəm. Hazırda idmandakı uğursuzluqlar, Azərbaycanın dövlət olaraq uğursuzluqlarını davamı deyilmi?
– Bəli. Ilham Əliyev dövləti necə idarə edirsə, elə Olimpiya Komitəsinə də elə rəhbərlik edir. Azərbaycanın uğurları yalnız Allahın verdiyi neft və qazla bağlıdır. Ilham Əliyev bir dövlət başçısı kimi uğur qazanmayıb.
Qərb Əsədə güzəştə getməyəcək
– Suriya ətrafında vəziyyət olduqca gərgindir. Iran situasiyanı normallaşdırmaq üçün Suriyaya 4 minlik dəstə göndərib. Bundan başqa, Kofe Annanın BMT-də Suriya ilə bağlı problemin tənzimlənməsi ilə bağlı tutduğu postdan istefasından sonra Annan planı iflasa uğradı. Suriyadakı vəziyyətlə bağlı proqnozlarınız necədir?
– Əsədin devrilməsi qlobal planın tərkib hissəsidir. Suriya devriləndən sonra növbə Irana çatacaq. Artıq biz onun işartılarını görürük. Təsadüfi deyil ki, ABŞ Konqresində vahid Azərbaycan haqqında danışılır. Irana qarşı insan haqlarından, milli məsələlərdən, qondarma nüvə proqramından istifadə etmək geosiyasi mübarizənin üsuludur. Son məqsəd də bəllidir; Iranın zəngin neft yataqları üzərində Qərbin nəzarətini təmin etmək. Dünyada Amerika ilə razılaşmayan dövlətlər tədricən yox olmaqdadır. Kubanın sonuna az qalıb, Şimali Koreya təqib olunur, o da çökəcək. Suriya və Iran da tabe olmasa, sonları görünür. Demək istəmirəm ki, Əsəd yaxşı adamdır. O, Suriya xalqının siyasi mədəniyyətinin gerçək təcəssümüdür. Suriya xalqında demokratik ənənələr çox zəifdir. Əminəm ki, Əsəddən sonra gələn rejim də demokratik olmayacaq. Necə ki, Liviyadakı rejim demokratik deyil. Annanın istefa verməsinin bir nəticəsi vardı ki, Qərb artıq birmənalı deyir ki, biz güzəştə getməyəcik.
– Rusiyalı politoloq, Siyasi və Hərbi Analiz Institunun direktoru müavini Aleksandr Xramçixinin fikrincə, Azərbaycan-Ermənistan müharibəsi gec-tez başlayacaq. O hesab edir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün deyil?
– Xramçixin artıq neçənci dəfədir ki, bu cür açıqlama ilə çıxış edir. Məsələ burasındadır ki, Rusiya Qarabağ münaqişəsinin qeyri-dinc həllini əslində istəyir. Müharibədən sonra Rusiya Azərbaycanı da, Ermənistanı da özündən asılı vəziyyətə salacaq. Ona görə onlar heç bir resursu olmayan Ermənistanın arxasında möhkəm dayanıb. Ona görə Rusiya Ermənistana göstəriş verir ki, heç bir qanunu tanıma və Azərbaycan müharibəyə vadar et.
Xəyal