Putin Əsədlə oxşar dəyərləri bölüşür

Amerikalı politoloqun fikrincə, Rusiya hakimiyyəti də üsyandan qorxur

ABŞ-ın Filadelfiya şəhərində yerləşən Xarici Siyasət üzrə Araşdırma İnstitunun baş tədqiqatçısı Deyvid Satter “Amerikanın Səsi” radiosuna müsahibədə Rusiyanın Suriya siyasətini şərh edib. Amerikalı politoloqun sözlərinə görə, Vladimir Putinin hökuməti Bəşər Əsəd rejimi ilə oxşar dəyərlər bölüşür. Rusiyanın Suriya hakimiyyətinə dəstəyi bu iki hökumətlərin diktatorial mahiyyətlərindən qaynaqlanır.

Deyvid Satter əlavə edib ki, Moskvanın Bəşər Əsədə dəstəyi həm də Rusiya hakimiyyətinin ölkədaxili narahatlığında da qaynaqlanır. Onun fikrincə, Rusiyanın Suriyaya dəstəyi məntiqə uyğundur. Çünki Rusiya hakimiyyəti də qeyri-legitimdir. Bu, öz xalqından qorxan rejimdir. Politoloq deyib ki, Putin hakimiyyəti də demokratik seçkilər əsasında formalaşmayıb. Suriyada olduğu kimi bu rejim də Rusiyada oxşar üsyanın baş verəcəyindən qorxur. Buna görə də, Əsəd Moskvadakılara doğma gəlir:“Heç şübhəsiz, onlar xarici təzyiqlər yaxud müdaxilə nəticəsində avtokratik lideri devirmək ideyasını xoşlamırlar. Çünki bu prinsip nə vaxtsa onların özünə qarşı tətbiq oluna bilər”.

Bəşər Əsəd hakimiyyətdən devrildiyi halda Rusiyanın ona sığınacaq verəcəyinə dair iddiaları şərh edən amerikalı ekspert bildirib ki, Suriya diktatorunun Moskvaya sığınması mümkündür:“Ən azı göstərmək üçün ki, Rusiya ilə dost olmağın xeyri var, Rusiya öz dostlarına sadiqdir. Ola bilər ki, onlar Əsəd üçün başqa yer tapsınlar, Məsələn, Belarus, yaxud başqa bir ölkə”.