İsrail qəzeti Əliyev ailəsinin gizli biznesi ilə bağlı xəbəri təkzib etmədi, amma…
İsraildə çıxan Haaretz adlı nüfuzlu qəzet dünən Əliyev ailəsinin bu ölkədəki qaranlıq biznesi haqqında xəbər dərc etmişdi.
Xəbərdə deyilirdi: “İsrailin turizm naziri Yariv Levin Tel-Əvivdə keçirdiyi mətbuat konfransında belə deyib: “Məsələn, bir neçə ay əvvəl Azərbaycan prezidentinin həyat yoldaşı və oğlu Hayfada 6 milyon dollara villa alıb, Azərbaycanın xahişi ilə oranın təhlükəsizliyini bizim təhlükəsizlik qüvvələri qoruyub”.
Nəşrin yazdığına görə, Azərbaycan prezidentinin oğlu Heydər Əliyev artıq bir neçə aydır İsrail həkimlərinin nəzarəti altında bu villada qalır və bu müddət ərzində ağır xəstəlikdən tam sağalıb.
“Azərbaycan prezidentinin ailə üzvləri İsraildə müalicə və turizmlə yanaşı şəxsi aktivlərindən 600 mln. dollar bu ölkənin birjasına yatırıb. Azərbaycan prezidentinin həyat yoldaşı son 5 ildə İsrailə böyük həcmdə investisiya yatırıb və İsrailin xeyriyyə fondları ilə əməkdaşlıq edir”.
Günün sonunda prezidnetin köməkçisi Novruz Məmmədov bu xəbəri qınayan sərt bir açıqlama verdi, xəbəri təkzib etdi.
Haaretz isə təkzibi dərc etmədi, amma əvəzində İsrailli nazirin açıqlamasını öz saytından yerli- dibli götürdü.
İsrailli nazir isə hələ öz açıqlamasını təkzib etməyib.
Haaretz-in yazını nəyin müqabilində qaldırdığı bizə bəlli deyil. Hər halda, əgər Novruz Məmmədovun təkzibinin nəticəsində olsaydı, o zaman qəzet yazını silməz, sadəcə, təkzib verərdi. Üstəlik, izahat da verərdi ki, bu yazı qəzetin araşdırması deyil, İsrail dövlətinin rəsmi təmsilçisinin açıqlamasıdır.
Haaretz-lə əlaqə saxlayıb prosesi diqqətdə saxlamağa çalışırıq.
azadliq.info