Naxçıvanda misli görünməmiş dərəbəylik

Sakinlər muxtar respublika rəhbərliyinin özbaşınalıqları ilə bağlı şok faktlar açıqlayıblar

Naxçıvanda hökm sürən məmur özbaşınalığı hüdud tanımır. Redaksiyamıza müraciət edən muxtar respublikanın bir qrup sakini yerli rəhbərliyin qanunsuz əməlləri ilə bağlı şok faktlar açıqlayıblar.

Çayxanalar və yeməkxanalar niyə bağlanır?

Sakinlərin dediyinə görə, hüquq və azadlıqların illərdir boğulduğu, ayaq altına atıldığı Naxçıvanda son vaxtlar həyat ümumiyyətlə dözülməz olub: “Vəziyyət təsəvvür edə bilməyəcəyiniz qədər pisdir. Camaat sözün əsl mənasında qan ağlayır. Bir neçə gündür, muxtar respublikadakı bütün çayxanalar, yeməkxanalar bağlanıb. Adını da qoyurlar ki, guya, müvafiq sertifikatları yoxdur. Bu kafelər illərdir işləyir, sertifikat birdən-birə yadlarına düşüb? Bağladıqları yeməkxanalardan pul tələb edirlər. Yaxud deyirlər ki, obyektə kafel vurmalı, mebel almalısınız. Bunlar da Vasif Talıbovun monopoliyasında olan mallardır. Inəyi sağanda heç olmasa balası üçün yem qoyurlar. Bunlar elə insafsızdırlar ki, bunu da eləmirlər. Sahibkarların əlində nə varsa, hamısını alırlar.  
Naxçıvanda avtomobillərin qeydiyyat nişanı 85-dir. Avqustun 1-dən göstəriş veriblər ki, nömrəsi 85 olmayanlar ya yeni nömrə almalı, ya da Naxçıvanı tərk etməlidirlər. Camaata on-on beş gün vaxt veriblər. Halbuki adamların çoxu hələ də Bakıdakı banklardan götürdükləri kreditləri ödəyib qurtarmayıblar. Bunları narahat edən odur ki, niyə avtomobil üçün krediti Bakıdan götürüblər. Istəyirlər kreditlər ancaq “Naxçıvanbank”dan götürülsün. Ya da avtomobillər Vasif Talıbovun avtosalonlarından alınsın.
Təkrar nömrə almaq 18 manatdır, bunlar 300 manat tələb edirlər. Dövlət yol polisinin özbaşınalığı bir az da güclənib. Naxçıvan Dövlət Yol Polisi Idarəsinin rəisi Aydın Ağayevin tapşırığı ilə avtomobilləri qanunsuz olaraq saxlayıb haqq tələb edirlər. Bugünlərdə bir nəfəri yol polisindən şikayət etdiyinə görə həbs etdilər”.

“Azadlıq” qəzetinə qadağa qoyulub

Şikayətçilərin dediyinə görə, son günlər mətbuatda Vasif Talıbovun Gürcüstanda otel tikdirdiyi ilə bağlı xəbərlər yayılandan sonra bəzi qəzetlərin Naxçıvana girişinə qadağa qoyulub: “Konkret olaraq ”Azadlıq” qəzeti Naxçıvana girə bilməz. Birbaşa “AZAL”a, həmçinin Naxçıvan aeroportuna tapşırıblar ki, “Azadlıq” qəzeti Naxçıvana gətirildiyi an müsadirə olunmalıdır. Ümumilikdə üç gündür Naxçıvana müxalifət qəzetləri gəlmir. Problemləri saymaqla bitirmək olmur. Üç gün əvvəl Naxçıvana güclü yağış yağdı. Şahbuza, Babək rayonunun bəzi kəndlərinə sel gəldi. Adamlara heç bir yardım göstərilmədi. Analoqu olmayan inkişafdan danışırlar. Üç gündür içməyə su tapmırıq. Bütün bunlar Naxçıvanı boşaltmağa hesablanıb. Istəklərinə çatırlar, artıq Naxçıvan boşalır. Insanlar dözə bilmirlər. Bəziləri çarəsizlikdən özünə qəsd edir. Təsəvvür edin ki, Bakıya təyyarə bileti 50 manatdır, bunlar yalandan deyirlər ki, bilet yoxdur və qiyməti süni şəkildə 132 manata qaldırırlar. Bakıya xeyir işə gəlməli olan adamlar da, məcbur olub bileti həmin qiymətə alırlar. Yaxud Bakıdan gələndə əlində bir çanta gətirirsən. Çantanın içindəkinə görə gömrük rüsum tələb edir. Deyir ki, satmaq üçün gətirmisən. Belə çıxır ki, Bakıdan Gəncəyə gedən mallara görə də rüsum istənilməlidir”.

“İlham Əliyevi saya salan yoxdur”

Sakinlərin sözlərinə görə, Naxçıvan rəhbərliyi Ilham Əliyevi açıq-aşkar saya salmır: “Azərbaycanın prezidentini saya salan yoxdur. Son vaxtlar gömrüyü də ayırıblar ki, bu da separatizmə aparır. Bu, Naxçıvanın Azərbaycandan ayrılması deməkdir. Biz Azərbaycandakı siyasi partiyalara, vətəndaş cəmiyyəti qurumlarına müraciət edib onlardan dəstək istəyirik. Yoxsa bu gedişlə Naxçıvanda bir adam da qalmayacaq”.

Informasiya şöbəsi