Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Əslində, bütün bu məqamlar barədə daha geniş danışmaq olar. Amma ehtiyac yoxdur. Sadəcə bir-iki kiçik və dəqiq misallarla, “Qanun”un ruhunu təsəvvür etmək mümkündür. Əvvəla məhkum, qəti şəkildə, xəbərçilik etməməlidir. Ən əsası da hakimiyyət təmsilçisinə. Adi bir xəbərçilik həmin məhkumun sonrdan “stukaç” ləqəbilə ömürlük damğalanmasına səbəb olacaq; Ikinci, dustaq yoldaşların arasında dedi-qodu ilə məşğul olmaq çox böyük günahdır; Üçüncü, oğurluq etmək olmaz, xüsusən də dustaq yoldaşının ərzağını. Və ərzağı gizlətmək də eyni günah qrupuna aiddir. Beləsi “srok”unun sonunacan “krısa” adlanır; Dördüncü, fiziki gücündən istifadə edərək heç kimə, xüsusən də zəif dustaqlara əl qaldırma, özünü “baklanlığa” qoymuş olarsan; Beşinci, cəza çəkdiyin inzibati binada işləmək olmaz. Xüsusən də “ment”lərin görəcəyi işləri görməməlisən. Bu işi görənləri ömür boyu “kozyol” damğası qarabaqara izləyir; Altıncı, qumarda və digər pullu oyunlarda uduzdunsa, çalış borclu qalmayasan. Əks halda, hamı səni “fuflo” adlandıracaq. Əvvəllər bu, daha sərt cəzalandırıla bilərdi.
Bundan başqa, çalış kiminləsə cinsi əlaqədə də olma, əks halda “pedor” ayaması səndən əksik olmayacaq. Ümumiyyətlə, “pedor”la heç vaxt kontakt yaratma, onlarla oturub-durma, onlara əl vermə, salamlaşma! Qeyri-insani əməllərdən də çəkin, yoxsa məhkum yoldaşların səni “qad” deyə çağıracaqlar. Məhkumluqda şəxsi rifahın naminə məişət işləri ilə də məşğul olma, yoxsa sənə “şustryak”, “şnır” deyəcəklər.
Bunlar hamısı özünəməxsus “kodeks”dən “çıxarışlar”dır. Bu məqamları pozan şəxslər həm də ümumi “Qanun”a qarşı çıxanlardır, onun müddəalarını pozanlardır. Və bu hərəkət məhkumlar arasında, bağışla məni, “fahişəlik” kimi qiymətləndirilir. “Fahişəlik” isə hətta ölümlə cəzalandırıla bilər.
Oğru dünyasının illərdir bir institut kimi mövcudluğunun əsas səbəblərindən biri də bu ehkamların qorunub saxlanması və onlara riayət olunmasıdır. Illərdir milyonlarla şəxs bu qanunları qoruyub saxlayır, onların hörmətdən düşməsinə imkan vermir. Bu məcəllə və bu məcəllədə ehtiva olunan məqamlar həm də cinayət aləminə qədəm basan cinayətkarlar üçün yüksək ədalətin təcəssümü hesab edilir…
Yəqin ki, həbsxana həyatı yaşayanlar 17-ci “zon”un – “qara”, yoxsa “qırmızı” “zon” olduğunu bilmək istəyərlər; Həbsxanada olmayanlar üçünsə ümumiyyətlə, bu “qara-qırmızı”nın nə demək olduğu maraqlıdır.
“Qara zon” – dustaqların müəyyən etdiyi qanunların rejim qaydalarını üstələdiyi, bəzən hətta tamamilə yox etdiyi həbs düşərgəsidir, türmədir. “Qırmızı zon” isə rejim qaydalarının oğru qaydalarını üstələdiyi və ya tamamilə yox etdiyi yerdir. Amma hər iki halda maksimalist olmaq lazım deyil. Hər iki kuralların yaşamaq haqqı var, axı!
17-ci zonda qanuni oğru yox idi. Orada keçmiş qanuni oğru var idi. Belələrinə “proşlyak” deyirlər. Eldar adlı bu “proşlyak” “oğru” olanda da, indi də “Elektrik” ləqəbi ilə fərqləndirilib. Onun “oğru” titulunun əlindən alınmasının maraqlı tarixçəsi var. Bu addan, o, Rusiyada məhrum edilib. Zatən, oğru tacını da orada qəbul edibmiş. Deməli, bunun yaşadığı evə “bratva”sı ilə birgə bir oğru gəlir (Onun kimliyi yadımdan çıxıb). “Elektrik” qonaqlardan tələb edir ki, evə girəndə ayaqqabılarını çıxarsınlar: “Biz müsəlmanıq, yaşadığımız evə ayaqqabı ilə girmərik”, – deyir. Qonaqlar, təbii ki, ev yiyəsinin şərtini sözsüz qəbul edirlər. Amma söhbətin şirin yerində “Elektrik”in məşuqəsi də evə gəlir və qapını da öz açarı ilə açıb içəri keçir. Bu da yol verilən haldır və ev yiyəsi öz açarını kimə istəsə, etibar edə bilər. Amma qızın ayaqqabılarını çıxarmadan evə daxil olması, az qala, bütün otaqları gəzərək, söhbətin getdiyi otaqda lövbər salması qonaqları heyrətləndirir. Qonaq “oğru” ayağa durub, “Sən müsəlman olaraq qalmağında davam et, amma növbəti ”sxodka”da “oğru” olaraq qala biləcəyin sual altındadır”, – deyir və “bratva”sı ilə birlikdə evi tərk edir. Növbəti “sxodka”da “Elektrik” “qanuni oğru” titulundan məhrum edilir.
17-ci zonda belə bir “proşlyak”ın olması rejim və dustaq qaydalarının tənasübünə heç bir təsir göstərə bilməzdi, təbii! O, artıq “heç kim” idi və dustaq mühitində “proşlyaklara” isti münasibət göstərilə bilməz. Bu zonda, hətta “stremlyaqa”lar, avtoritetlər, “blatnoy”lar da yox idi. Oğru iyerarxiyasına doğru üzü yuxarı hərəkət eləmək istəyənlər ya bu zona girmir, “kars”dan qapalı həbsxanaya gedir, ya da karantində “ment”lərin tələbləri ilə uyğunlaşaraq iddialarından məhrum olurdular. Amma “zon” “mujik”lərdən ibarət idi və onlar yerli davranış qaydalarının müəyyənləşməsində fəal iştirak edirdilər. Əlbəttə, mən burada konkret olaraq kimin hansı xidmətlərinin olduğunu yaza bilmərəm, bu, “ədəbi işverənlik” kimi qiymətləndirilə bilər: axı, həbsxana əhlinin, ən azı, yetmişin həndəvərində olan faizi buralara daimi olaraq gedib-gəlir. Bütün hallarda, “zon”, hətta “qara” da olsa, qarşılıqlı münasibətləri daşlaşmış, vahid standartlar üzərində cızılmış qəlib yoxdur. Belə qəliblər “maloletka”larda – azyaşlılar üçün həbsxanada çox zəhlətökən formada biçilir və mənim bəxtim gətirib ki, həddi-buluğa çatana qədər qəzetçiliklə məşğul olmamışam, hamı kimi məktəbə gedib-gəlmişəm və buna görə də adamı həbs eləmirlər.
Mən, əlbəttə, təsvir edildiyi kimi “tünd qara” və “tünd qırmızı” zonların əleyhinə ola bilərəm. Mənə elə gəlir ki, həbsxanadakı inzibati kurallar dustaqların birgəyaşayış qaydaları ilə harmonik şəkildə uzlaşmalıdır. Məqsəd insanları daha ağıllı və daha uyumlu həyat üçün islah etməkdirsə, o zaman həbsxanalardakı idarəetmə qaydaları da işgəncə notları üzərində köklənməməlidir. Indiki halda, rəsmi inzibati qaydalar işgəncəyə meyllidir və həbsxana əməkdaşları üzərində heç bir əqli-psixoloji məsuliyyət yükü qoymur.
“Qara zon”lardakı qaydalar da bu və ya digər dərəcədə inzibati çevrələrin razılığı və ya iştirakı ilə qurulur. Həbsxana işçiləri də insandır, onların da özlərinə görə həyatı var. Əgər həbsxana divarlarından kənarda cinayətkar aləmin davamlı fəaliyyət mexanizmi varsa, o zaman bu mexanizm həbsxana əməkdaşlarına ən azı, psixoloji təsir göstərir, düşərgə daxilindəki həyatın nizamlanmasında onlardan “yardım” tələb edir. Bu, psixoloji təsir olmaya da bilər. Həbsxana rəisini pulla da ələ almaq olar. Onsuz da istisnasız olaraq bütün həbsxanalarda inzibati heyət dustaqların hesabına yaşayır. Həbsxanalarda isə iri pullar dövr edir və biz bir az sonra bu pulları da hesablamağa çalışacağıq. Amma pardon, biz başqalarının pullarını deyil, içəridəki qardaşlardan qoparılan pulları hesablayacağıq. Mənim buna haqqım var. Ən azı ona görə ki, içəridə olduğum müddətdə onlarla adam öz pullarını mənə etibar edib…
ardı var