“Sözümü deyirəm, məni məhkəmə zalından çıxarırsız”
Merin oğlu ilə iş adamının məhkəmə çəkişməsi davam edir
1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəmədə hakim Vüsalə Baxışovanın sədrliyi ilə iş adamı Maqsud Mahmudovun Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu Israfil Abutalıbova qarşı iddiasına dair ötən gün hazırlıq iclası keçirildi.
Proses başlayandan sonra I.Abutalıbovun vəkili Ələsgər Məmmədov iddianın geri qaytarılması haqda vəsatətlə çıxış etdi. Vəsatətini belə əsaslandırdı ki, iş materiallarında tərəflər arasında bağlanan müqavilənin əsli əvəzinə surətidir. Vəkil həmçinin iş materiallarında olan müqavilənin Maqsud Mahmudovla deyil, onun şəriki Qurban Mahmudovla bağlandığını və həmin müqavilənin vaxtının bitdiyini məhkəmənin diqqətinə çatdırdı.
Maqsud Mahmudov:
– Qurban Mahmudovu qorxutdular, qaçdı getdi. Müqavilə onun da, mənim də adıma olub. Çağırın Bəxtiyarı bura, desin hər ay pulu kimdən alıb? Icarə haqqını hər ay Israfilin adamı Bəxtiyara mən vermişəm. Işin içində bunu təsdiq edən sənədlər də var.
Hakim isə vəkilin diqqətinə çatdırdı ki, hazırki vəsatət hazırlıq iclasında verilməli olduğundan təmin olunmur.
Bundan sonra M.Mahmudovun vəkili Ilham Əsədov isə I.Abutalıbovun adamı, “Spektr” MMC-nin direktoru Bəxtiyar Məmmədovun prosesə dəvət olunması haqda vəsatətlə çıxış etdi.
Vəkil Ə.Məmmədov isə B.Məmmədova bildiriş göndərilməsinə etiraz etmədiyini dedi.
Maqsud Mahmudov vəkilin diqqətinə çatdırdı ki, Bəxtiyar Məmmədovun məhkəməyə gəlməsinə imkan vermirlər.
Bundan sonra I.Əsədov mübahisə obyekti olan ofisdə təmir işləri aparmış ustaların məhkəmədə dindirilməsini istədi.
Vəkil Ə.Məmmədov isə Ali Məhkəmədə prosesi olduğunu söylədi və şahidlərin növbəti prosesdə dindirilməsini məhkəmədən xahiş etdi. Iş adamı isə ustaların əllərinin zəhməti ilə pul qazandıqlarını, buna görə də tez-tez məhkəməyə gələ bilməyəcəklərini söylədi. Ali Məhkəmənin hakimləri kimi imkanları olmadığını söyləməklə onların dindirilməsini məhkəmədən xahiş etdi:
– Adamları niyə incidirik. Sizin də vaxtınız gedir, bizim də. Bir kəlmə desinlər ki, bəli, sən düz deyirsən, mən elə burada iddiamı geri götürüb, çıxıb gedirəm. Haramçılıq etməsinlər, xərc çəkmişik, pulumuzu versinlər. 35 min Hacıbala Abutalıbov üçün nə puldur? Biz dədə-babadan ticarətçi olmuşuq, halal-haram söhbətlərinə əməl etmişik. Pulumuzu versinlər…
Hakim:
– Bura bazar deyil, oturun.
M.Mahmudov:
– Bura bazardır, ancaq siz bazar adamı deyilsiz. Yenə də deyirəm, mən ticarət adamıyam, 59-cu maddə belə getdi, elə gəldi… mənə lazım deyil. Bir kəlmə desinlər ki, haramçılıq edib pulunu vermirik, mən də işimin-gücümün dalınca gedim. Vəkil buradadı, qoy desin ki, ötən prosesdən sonra mənə 24 min təklif etməyib. Qoy qalxsın, desin ki, belə deyil. Belə söhbət olub?
Ə.Məmmədov:
– Söhbət olub, hallalıq üçün təklif etmişik.
– Əgər mən ora xərc çəkməmişəmsə, niyə mənə o pulu təklif edirdiz?
– Qoy məhkəmə qaydasında sübut olunsun.
– Onda belə çıxır ki, kimisə təhqir etsələr, papağına tüpürsələr, gedib məhkəməyə müraciət etməlidir ki, məni söyüblər? Bəs mənlik, kişilik hara getdi? Sözümü deyirəm, məni məhkəmə zalından çıxarırsız. Sözümüzü harada deyək? Allah qarğa deyil ki, haramçılıq edənin gözünü çıxarsın. Adamda vicdan, kişilik olar.
M.Mahmudovun bu sözlərindən sonra hakim onu məhkəmə zalından yenə çıxardı. Iş adamı üzünü hakimə tutaraq “prosesin əvvəlində sizə dedim ki, məni düz söz dediyimə görə zaldan çıxaracaqsız” deyərək məhkəmə zalını tərk etdi.
Bundan sonra I.Əsədov mübahisə obyekti olan ofisdə məhkəmə təmir-tikinti ekspertizasının keçirilməsi haqda vəsatətlə çıxış elədi.
Ə.Məmmədov isə vəsatətə etirazını bildirdi. Dedi ki, iddiaçı ofisdəki təmir-tikintini özünün iş şəraitini yaxşılaşdırmaq üçün aparıb.
Hakim isə bildirdi ki, vəsatətə iş üzrə şahidlər dindiriləndən sonra baxılacaq. Proses 8 avqust 15:00-a kimi təxirə salındı.
Ramin DEKO