Keçmiş diplomat: “Sevr anlaşmasını imzalayanlar bir daha Türkiyəyə dönmədilər və hakimiyyət iddiasına düşmədilər”
“Məgər mən onun PKK rəhbərlərini qarşılamasından danışıram ki, o özünü Rəsul Quliyevi dəstəkləməyə borclu bilir?”
Eks-spiker Rəsul Quliyevlə Türkiyənin Azərbaycandakı sabiq diplomatlarından olan və Əliyevlərin arzuolunmaz şəxs elan etdiyi Turqut Ər arasında polemika davam edir. Rəsul Quliyev türk diplomatı tarixi saxtalaşdırmaqda və hadisələri düzgün qeydə almamaqda ittiham edib və bildirib ki, diplomatın onu 6 rayonun işğalında günahlandırması doğru deyil.
Turqut Ərin yazdıqlarına ADP sədri Sərdar Cəlaloğlu da cavab verib. ADP sədri də deyib ki, Rəsul Quliyevi 6 rayonun verilməsində ittiham etmək doğru deyil. Turqut Ər isə “Azadlıq”a göndərdiyi növbəti məktubda deyir: “Məgər mən demişəm ki, Rəsul Quliyev torpaq verib? Rəsul Quliyev Heydər Əliyevin satdığı rayonları imza atdığı Bişkək Protokolu ilə rəsmiləşdirib. Bunu danmaq istəyirsə, dansın. Azərbaycan xalqını öz torpaqlarını işğaldan azad etmək imkanından məhrum edib. Məgər OMON-çu gəncləri və polkovnik Cavadovu Türkiyə səfiri güllələyib ki, Rəsul Quliyev onu ittiham edir? Rəsul Quliyevin Naxçıvandan gətirdiyi milliyyəti məlum olmayan dəstələr və sonradan Əliyevlə birgə medal verdikləri rus generalların gördüyü işi ört-basdır etmək mümkün deyil. Bu olayları o zamanın MTN rəhbəri Abbasov və ordunun baş qərərgah rəisi Sadıqov hamıdan yaxşı xatırlayar. Bunun hesabı verilməlidir. Sevr anlaşmasını misal gətirməklə Rəsul Quliyev özünü biabır etmiş olub. O bilsin ki, 1920-ci ildə Sevr müqaviləsinə qol çəkənlər 1960-cı ilə qədər Türkiyəyə gələ bilmədilər və hakimiyyət iddiası xəyallarından da keçmədi. Çünki səhv etdiklərini anlamışdılar. Nə yazıq ki, Rəsul Quliyev Bişkək Protokoluna imza atmağın səhv olduğunu anlamır. Hələ hansısa iddialara da düşür”. Turqut Ər sonra Sərdar Cəlaloğluna bir cümləlik sualla cavab verib: “Məgər mən onun PKK rəhbərlərini qarşılamasından danışıram ki, o özünü Rəsul Quliyevi dəstəkləməyə borclu bilir?”.