Bu adamlar azərbaycanlıları niyə bu qədər fransız hesab edirlər?
Fransadan Azərbaycana aparılan, orada yüksək titullarla təqdim edilən «tanınmış şəxslər»in kimliyi hər zaman diqqət çəkir. Bəzən də «tanınmış Fransız qəzetlərində» dərc edilən, Azərbaycanın mövqeyinə uyğun yazılar da bizim ölkə mətbuatında xüsusi lobbi uğuru kimi təqdim edilir. Məsələn, iki yaşlı Zəhranın öldürülməsindən sonra Fransanın tanınmış Le Monde qəzetində yayılan bir yazı təqdim edilmişdi. Biz ötəri araşdırdıq, məlum oldu ki, bu yazının Le Monde-a dəxli yoxdur. Adicə bir bloq yazısı idi. Azərbaycanın Dostları adlı assosiasiyanın yaratdığı bir bloq. Və nə qədər qəribə də olsa, həmin bloqda əsasən Liviya və Azərbaycan tematikasına aid yazılar yerləşdirilir. Görünür, həmin bloqu quranların həm də bir Liviya üçün tanıtım işləri öhdəliyi var və iki işi birləşdirib Le Monde adı ilə həm Liviyada, həm də Azərbaycanda sırıyırlar. Bizim təxminimizə görə həmin bloqu Fransada «Azərbaycanın dostları» adlı Cəmiyyətin sədri olan deputat Jean François Mancel yaradıb, ya da hər halda, onun rəhbərlik etdiyi təşkilatdan kimsə.
http://juliepravot.blog.lemonde.fr/2017/05/05/jean-francois-mancel-ce-8-mai-noublions-pas-choucha/
Məsələ belədir ki, Le Monde özünün loqosu və lemonde.fr keçidi ilə bloq qurmaq istəyənlər üçün pullu xidmət təklif edir. Daha doğrusu, loqosunu və keçidini satır. Bu, kimlər üçünsə prestijdir, amma əslində Le Monde-a heç bir dəxli yoxdur.
Buna bənzər başqa bir xəbər, yenə də Azərbaycanın dostları Assosiyasiyasının baş katibi və Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva haqqında yayıldı. Guya xanım Fətəliyeva Fransanın «tanınmış» Aljanoubia kanalında “Qafqazın Mirvarisi” adlandırılan verilişin qonağı olub. Verilişdə «M.Fətəliyeva Dağlıq Qarabağ məsələsi, Xocalı soyqırımı, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti və BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmaması, 1 milyona yaxın qaçqın və məcburi köçkünün hüquqlarının tapdalanması, erməni icmasının niyə o ərazidə çoxluq təşkil etməsinin səbəbləri, bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında Fransa ictimaiyyətinə geniş və ətraflı məlumat verib. Xüsusilə, son illər iki ölkə arasında əlaqələrin inkişafından da bəhs edib».
Bu məlumata youtube linki də əlavə edilmişdi və həmin linki biz də buraya əlavə edirik: https://www.youtube.com/watch?v=nOOHoZZy7dA
Gördüyünüz kimi, bu «Aljanoubia» kanalı bir ərəb kanalıdır və Fransaya heç bir aidiyyəti yoxdur.

«Aljanoubia» Tunisə aid olan bir telekanaldır, fransız dilində də proqramlar yayır. Ümumiyyətlə, Afrikanın bir çox ölkələrində fransız dili geniş işlək dillərdən biridir, çünki həmin ölkələr uzun zamanlar ərzində Fransanın müstəmləkələri olublar.
Buna görə də, Qafqazlılar və Orta Asiyalılar Rusiyaya, Moskvaya getdikləri kimi Afrikalılar da Fransaya daha çox axışırlar.
Yəni, az əvvəl qeyd etdiyimiz bloq Le Monde olmadığı kimi, bu telekanal da bir fransız televiziyası deyil.
Lap bu günlərdə başqa bir fakt diqqətimizi çəkdi.
«Tanınmış fransız yazıçısı…» Mətbuat Şurasında olub, orada kimlərləsə nə barədəsə söhbətlər edib. Söhbət, Jerard Kardon adlı bir fransızdan gedirdi ki, bizim yerli mətbuat onu «tanınmış fransız yazıçı» kimi təqdim edib.
Müsyö Cardonne Gerard fransızdır, ictimai fəaliyyətləri olan adamdır, məhdud çevrələrdə qadın haqları ilə bağlı problemlərin araşdırılması ilə məşğuldur, amma «tanınmış fransız yazıçı» deyil, axı. Fransada kitab dükanlarından hansına, hətta ən populyar kitab dükanlarına girib belə bir «tanınmış yazıçı» soruşsaz, sizə yumşaq və nəzakətli şəkildə anlaşılmaz sual mimikası ilə baxarlar. Çünki Fransada belə bir «tanınmış fransız yazıçı» yoxdur.

Baxın, Azərbaycanda multikulturalizmlə bağlı müsyö Gerard Cardonne- nin dedikləri təəccüblüdür: “Azərbaycanda multikulturalizm əsrlərdir mövcud olan həyat tərzidir, oturuşmuş dəyərlər sistemidir. Azərbaycanın dövlət siyasətində multikulturalizm aparıcı xətt kimi gözə çarpır və bu, çox təqdirəlayiqdir. Fransada multikulturalizm ənənələrinin yaşı gəncdir – son 50 ili əhatə edir».

Ümumiyyətlə, onun bu sözləri deyib- demədiyi sual altındadır, çünki Azərbaycan mətbuatı əcnəbilərin adlarından onların heç zaman demədiyi sözləri yazmaqda israrlıdırlar. Bu sözləri fransız dilinə tərcümə edib müsyö Cordenne- nin özünə oxusan, yəqin ki, onun özü də heyrətlənər ki, bu sözləri hansı təzyiq və təşviq altında deyib, yaxud da, ümumiyyətlə deyibmi ? Qoca kişidir, bəlkə də deyib,amma yadından çıxıb.

Amma axı, müsyö Gerard Cordonne tanınmış fransız yazıçı deyil axı. Onun heç, Azərbaycanı da düz- əməlli tanıdığını iddia eləmək olmaz. 3 il əvvəl Strasburqda Azərbaycan konsulluğu Xocalı soyqırımı ilə bağlı bir tədbir təşkil edib və oraya «Fransanın tanınmış yazıçısı» statusunda olmasa da, hər halda müsyö Jerar Kordunu da dəvət edib. Axı, bu cür adamları Azərbaycanda «məşhur fransız yazıçısı» kimi təqdim eləmək olar, Fransada yox. Müsyö Kordona həmin tədbirdə söz veriblər. O da çıxışında qeyd edib ki, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalını Türkiyənin Kipri işğal etməsi kimi dəyərləndirir və bunların hər ikisini ittiham edir.
Tədbirin təşkilatçılığında iştirak edən Türkiyə konsulluğunun əməkdaşları bu «tanınmış fransız yazıçısı»nın çıxışından əsəsbiləşərək oradan qeyri- diplomatik şəkildə çıxıb gediblər…
azadliq.info