İlqar Əliyev Xırdalanda tikdirdiyi mərkəzə görə köhnə bazarı yerlə-yeksan etdirir
Obyekt sahiblərinə heç bir kompensasiya verilmir; sahibkarlar pul olmayacağı təqdirdə yolu bağlayacaqlarını, yürüş edəcəklərini deyirlər
Xırdalan şəhərində yerləşən, 28-ci məhəllə adlanan ünvanda köhnə kalxoz bazarı kimi tanınan bazarı sökürlər. Sözügedən ünvanı niyə görə və kim sökür? – bu barədə heç bir sahibkarda məlumat yoxdur. Ötən gün Xırdalana gedib, sahibkarlarla söhbət etdik.
Sökülən bazarın yerində nə tikilir?
Burada 31 ticarət mərkəzi sökülür ki, sahiblərinin heç birinə kompensasiya verilmir.
Bu il mayın 2-də Abşeron rayon icra hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəsi Fikrət Orucovun imzasıyla obyektlərə məktub göndərilib. Şəhərin baş planının yenidən qurulacağı bildirilən məktubla sahibkarlar mayın 15-də icra nümayəndəliyinə görüşə dəvət edilib. Sahibkarlar görüşə gedəndən sonra onlara deyiblər ki, daha baş plan məsələsi ləğv olunub: “Bizə dedilər ki, ”Eurovision” musiqi yarışmasına görə Xırdalanı abadlaşdırmaq niyyəti vardı. Ancaq sonradan bu plandan vaz keçdilər. Dedilər ki, Heydər Əliyev prospektində yerləşən 8 obyekt sahibindən işıqlandırma sisteminin quraşdırılmasına görə 300-400 manat pul alınıb. Indi isə gəlib deyirlər ki, dükanlar sökülməlidir. Niyə sökülür, nə üçün sökülür – bunu bizə izah edən yoxdur”.
Sahibkarlar deyirlər ki, söküntü işlərinə bazarın sahibi Gülnarə Sadıqovanın həyat yoldaşı Nizami Əhmədov başçılıq edir: “Gülnarə Sadıqova gah burada ticarət mərkəzinin, gah da hündür mərtəbəli binanın tikiləcəyini deyir. Ancaq heç bir halda sahibkaralara kompensasiya ödənilməyəciyini söyləyir”.
Boş torpaq 1500, obyekt isə 3000 manatdır
Dükan sahibləri deyirlər ki, Xırdalanda yeni ticarət mərkəzi tikilib. Bu mərkəzin sahibi Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevdir. Ilqar Əliyev mərkəzi tikdirəndən sonra bütün ticarətçiləri ora cəlb etməyə çalışır. Hətta sökülən bazardakı ət dükanları məcburən ora köçürməyə nail olub. Başqa sahibkarları ora cəlb etmək üçün gah cəlbedici təkliflər edirlər, gah da təzyiqlər.
Indi sahibkarlar deyirlər ki, onlara kompensasiya verilməsə, sona qədər mübarizə aparacaqlar: “Biz Xırdalanın abadlaşdırılmasının və yaxud burada nəyin tikilməsinin, ya da bazarın köçürülməsinin əleyhinə deyilik. Istəyimiz bircə şeydir, bazar qiymətlərinə uyğun kompensasiya verilsin. Burada bir kvadrat metr boş torpağın qiyməti 1500 manatdan az deyil. Obyekt kimi isə kvadratı 2500-3000 manatdır. Yeni kiçik ticarət mərkəzi açılıb. Orada satılan dükanların kvadratı 3000 manatdan aşağı deyil”.
Sahibkarlar onu da bildirdilər ki, Ilqar Əliyevin ticarət mərkəzində bir kvadrat yerin qiyməti 1500-2000 manatdır: “Ya dükanı alıb hər ay yer haqqı ödəyirsən, ya da yer götürüb ikiqat pul ödəyirsən. Bir sözlə, heç bir halda orada işləmək indiki zamanda bizə sərf etmir. Hansı pulla orada özümüzə dükan alaq? Gərək bu dükanların sahiblərinə kompensasiya verilsin ki, gedib başqa yerdə obyekt götürsünlər”.
Sahibkarlar kompensasiya tələb edirlər…
Əsas narazılıq edən 31 obyektin sahibidir. Onların sözlərinə görə, dükanlarının bütün sənədləri var: “Hər ay vergi, kommunal xidmət haqqı, bazarın pulunu ödəyirik. Sənədlərimizin hamısı qaydasındadır. Heç bir işimizdə nöqsan yoxdur. Qanunsuz tikilməyib. Icazəylə dövlətin aidiyyəti qurumlardan sənəd almaqla özümüzə çörək pulu qazanmaq üçün obyekt tikdirmişik”.
Sahibkar Ağarza Həşimovun 2 dükanı var. Hər iki dükanın ümumi sahəsi 30 kvadrat metrdi. O deyir ki, kompensasiya verilmədiyi halda dükanından çıxan deyil: “Yalandan deyirlər ki, sizə kompensasiya veriləcək. Nə vaxt? Kim verəcək? Buranı sökəni tanımırıqsa, pulu bizə kim verəcək?”.
Valeh Əliyarovun 46 kvadratmetrlik obyekti var. Onun sözlərinə görə, bazar rəhbərliyi sahibkarlara deyib ki, buranı sökən sonra nəyin tikiləcəyi ilə bağlı tender elan edəcək: “Bunu heç cür başa düşə bilmirik. Anlamaq olmur. Adam sökməmişdən öncə nə tikəcəyini müəyyənləşdirər, sonra işə başalayar. Bunlar işlərini kəllə-mayallaq görürlər”.
450 kvadratmetrlik iki obyektə sahib olan Parisə Əsgərova kompensasiya tələb edir: “Bazar qiymətlərinə uyğun pul istəyirik. Sonra burada nə tikirlərsə, tiksinlər. Villa, imarət, ticarət mərkəzi – Allah xeyirlərini versin. Ancaq pulumuzu vermək şərti ilə”.
Şəhid ailəsi olan Hümmətovların 160 kvadratlıq obyekti var. Iki mərtəbəli olan dükan Gülsüm Hümmətovanın adınadır. Oğlu Səyavuş Hümmətov deyir ki, obyektləri bağlıdır: “Dükanımız sökülməyib, ancaq bağlıdır. Ətrafımızda olan dükanları söküblər. Yaxın günlərdə növbə bizə çatacaq. Burada dükan işlədən heç bir sahibkar hökumətin heç bir layihəsinə etiraz etmir. Ancaq obyektlərinin sökülməsinə görə öz haqqını istəyir”.
Zakir Fərəcov İlqar Əliyevin qəzəbinə tuş gəlməmək üçün…
Sahibkarların hüquqlarını müdafiə edən hüquq müdafiəçisi Ələkbər Məmmədovun sözlərinə görə, sökdürülən oyektlərin sahibkarlara məxsus olması ilə bağlı onların əlində sənəd var: “Söküntü işlərinin icrası ilə məşğul olan Nizami Əhmədov prezidentin əmisi oğlu Ilqar Əliyevin (Aqil Əliyevin oğlu – red.) adından istifadə edərək, sahibkarlara hədə-qorxu gəlir. Bundan başqa, onlar başqa məmurların da adından sui istifadə edərək öz çirkin işlərini görürlər”.
Ələkbər Məmmədov baş verən hadisələrdə Abşeronun icra başçısı Zakir Fərəcovu günahlandırır: “Zakir Fərəcov Xırdalan şəhərində bazar tikmək üçün Ilqar Əliyevə yer verib. Ancaq bazar tikintisi sona çatdıqdan sonra bazardan obyekt götürənlərin sayı az olub. Bir sözlə, Ilqar Əliyevin qoyduğu pul batıb. Indi Zakir Fərəcov Ilqar Əliyevlə üz-üzə gəlməkdən ehtiyat etdiyi üçün sahibkarların obyektlərini sökdürür ki, hamı ora üz tutsun. Heç kim də buna etiraz etmir. Ancaq hamı kompensasiya istəyir. Bazar qiymətlərinə uyğun pul versələr, hər şey qaydasında olacaq və sahibkarlar Ilqar Əliyevə məxsus ticarət mərkəzində də yer götürə bilərlər”.
Hüquq müdafiəçisi onu da bildirdi ki, sahibkarlara Xırdalan şəhər icra nümayəndəsi Fikrət Orucov da təzyiqlər edir, hədə-qorxu gəlir.
Sahibkarlar heç bir halda geri çəkilməyəcəklərini söyləyirlər. Onlar deyirlər ki, ya kompensasiya olacaq, ya da obyektlərində qalıb işləyəcəklər: “Əgər obyektləri söksələr, yolu bağlayacaqlar, Prezident Administrasiyasına yürüş edəcəklər. Məqsədlərinə çatmaq üçün qanunun icazə verdiyi bütün tədbirlərə əl atacaqlar”.
***
28-ci məhəllədəki dükanların yarısı sökülüb, qalanları da yaxın günlərdə buldozerin ağzına veriləcək.
Ilham Əliyevin əmisi oğlu öz bazarını “xodovoy” etmək üçün başqasının bazarını bağlatdırır.
Nə deyirik, Allah bazar versin…
Ramin DEKO