Bəşər Əsədə öldürücü zərbə

Tarixi Hələb qalası müxaliflərin əlinə keçdi

Suriyada Bəşər Əsəd rejimi öldürücü zərbə alıb. Hakimiyyət üçün mühüm əhəmiyyət kəsb edən, ölkənin siyasi və iqtisadi cəhətdən strateji şəhəri Hələb müxaliflərin nəzarətinə keçib. Müxalif hərbçilərin yaratdığı “Azad Suriya Ordusu” Hələb qalasını və şəhər mərkəzini ələ keçirdiyini açıqlayıb. Bölgədəki yerli mənbələr “Azad Suriya Ordusu”nun bir neçə gündür hökumət qüvvələri ilə girdiyi şiddətli döyüşlərdən sonra şəhərin mühüm nöqtələrini və tarixi Hələb qalasını aldığını təsdiqləyib.

Hələbdə gün boyu Səlahəddin və ətraf bölgələrdə tərəflər arasında küçə döyüşlərinin intensivləşdiyini deyən mənbələr Əsəd rejiminə sadiq əsgərlərin müxaliflərin əlinə keçən yerləri geri qaytarmaq üçün bütün qüvvələrini səfərbər etdiyini bildirib. Mənbələr üsyançıların Hələbdəki strateji hərbi nöqtələrə hücum etdiyini və bölgələrə nəzarətini ələ aldığını deyib. Əsəd rejimi Hələblə yanaşı müxaliflərin əksəriyyət təşkil etdiyi şəhər və vilayətlərdə hücumlarını artırıb. Müxtəlif bölgələrdə hökumət qüvvələrinin hücumları nəticəsində 130 nəfərdən çox insanın öldüyü bildirilib.