ABŞ-da yaşayan azərbaycanlı professor Tofiq Şahtaxtinski Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyovu Milli Kino Günü münasibətilə təbrik edib. Şahtaxtinskinin “Azadlıq” qəzetinə göndərdiyi məktubu olduğu kimi dərc edirik:
HAKİMİYYƏTİ İFŞİA EDƏN “BİR VALIN İKİ ÜZÜ…”
Hörmətli Rüstəm bəy!
Milli Kino Gününün 114- cü il dönümü münasibətilə Sizi, Azərbaycan kino sənətinin aparıcı siması, türk dünyasından ilk dəfə olaraq “Oskar” mükafatına laiq görülmüş bir şəxs və Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi ürəkdən təbrik edirəm.
Siz bir dramaturq, ssenarist və rejissor kimi dünya mədəniyyətinə özünüzü, deməli ana vətənimiz Azərbaycanı tanıtdırıb göylərə qaldırmaqla yanaşı, onu daima səmimi qəlbdən sevmisiniz. Bu gün ölkəmizdə tüğyan edən rüşvətə, korrupsiyaya, yaltaqlığa YOX (!), azadlığa, demokratiyaya HƏ (!) deyərək apardığınız ictimai fəaliyyətiniz də bunu bir daha təsdiqləyir. Çox təəssüf edirəm ki, Sizin dəyərlərinizə zidd konsepsiyalar üzərində qurulmuş buğünki hakimiyyət fəaliyyətinizdən təşvişə düşərək, bir qrup peşəkar riyakarları məntiqsiz uydurma “ittihamlarla” üzərinizə göndərib. Bunlar təbii ki, AZADLIQ eşqilə əlovlanan gənclərimizin ciblərinə narkotik maddələr qoyaraq şərləyən “adamlar” qrupundandırlar…
İctimaiyyətin, görkəmli şəxslərin və eləcə də Sizin özünüzün konkkret faktlarla zəngin cavablarınız artıq bu riyakarları ifşia etsə də, mən maraqlı bir faktı da burada göstərmək istəyirəm. Hamıya İnternetdə “HEYDƏR ƏLİYEV İBRAHİMBƏYOVU NECƏ TƏRƏNNÜM EDİB?” adlı video yazıya baxmağı tövsiyə edirəm. Burada söhbət keçmiş prezidentinin onun hakim olduğu respublikanı dünyaya tanıdan görkəmli kino ədibini yüksək təriflərlə göylərə qaldırmasından getmir. Göz qabağında olan bu dəyərləri ölkə prezidenti deməyə bilməzdi. Söhbət elimizin həmişə çəkdiyi “BİR VALIN İKİ ÜZÜ OLARMIŞ” məsəlindən gedir…
Ağızlarından düşməyən “Ulu öndərlərini” həmişə irəli verərək onun sözlərini “bayraq” edən bu riyakarlar, indi “VALI O BİRİ ÜZÜNƏ” çevirərək “Ulu öndərlərini” də danırlar – onun dediklərinin TAM ƏKSİNƏ danışırlar… Deməli bu “adamlar” aldıqları müzda ğörə İSTƏNİLƏN VAXT, İSTƏNİLƏN MAHNINI OXUYA BİLƏRLƏR! Görün ölkəmizin taleyi kimlərin əlindədir…
Əzizim Rüstəm bəy, Sizə atılan uydurma böhtanlara öz cavabınızı veribsiniz. Sizə nəinki belə adamlarla dialoqa girməyi rəva bilmirəm, hətta ADINIZIN belə riyakarlarla eyni cümlədə hallanmasını da Sizə laiq bilmirəm. Tarixi romanlar müəllifi kimi Siz çox yaxşı bilirsiniz ki, belə adamların cəzasını tarix özü verir…
Sizə dərin hörmət bəsləyən professor Tofiq Şahtaxtinski, Vaşinqton.