sulheddin

Xəzər sahilində 7 RLS nə üçün yerləşdirilir?

Sülhəddin Əkbər: “Xəzər sahilində radarların yerləşdirilməsi Azərbaycanın beynəlxalq təhlükəsizlik sisteminə üzv olmasının görsənişidir”

Üzeyir Cəfərov: “Xəzərdə bu tip qurğuların yerləşdirilməsi Azərbaycanın maraqlarına uyğundur”

Azərbaycan Xəzər sahilində 7 RLS quraşdıracaq. Bu RLS-lər kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması proqrammı əsasında Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliyə uyğun olaraq gerçəkləşəcək. ABŞ Dövlət Departamentinin 2011-ci ildə dünyada terrorçuluğa qarşı mübarizəyə dair hesabatında bu barədə vurğulanır.
Bir sıra ekspertlər RLS-lərin quraşdırılmasının qonşu dövlətləri, xüsusilə Iran və Rusiyanı qıcıqlandıracağını düşünür. Digər tərəfdən, quraşdırılan radarların qonşu dövlətləri izləməyə də müəyyən dərəcədə imkan verəcəyini düşünənlər var.
Avro Atlantik Şuranın sədri Sülhəddin Əkbər bildirdi ki, ABŞ Cənubi Qafqazı, Xəzər regionunu 98-ci ildən özünün məsuliyyət zonası elan edib. Məhz bu dönəmdən başlayaraq ABŞ-ın müəyyən mərhələlərlə bu bölgədə tədricən özünün siyasi və hərbi nüfuzunu artırdığını deyən S.Əkbər bildirdi ki, bir müddət sonra gedən prosesə eyni zamanda NATO da qoşuldu. ABŞ-ın bölgəyə marağının artmasına qonşuluqda Iran və Rusiyanın da yerləşməsinin təsir etdiyini deyən S.Əkbər bildirdi ki, bütün bunlar eyni zamanda Azərbaycanın da önəmini artırır: “ABŞ Cənubi Qafqazda Gürcüstan və Azərbaycanla bağlı ciddi maraqlarının olduğunu gizlətmir. Azərbaycanın neft və qaz resursları ilə zəngin Xəzərin sahilində yerləşməsi isə bu zonanın ciddi mühafizəsini zəruri edir. Azərbaycanın vasitəsilə ABŞ Mərkəzi Asiyaya, Əfqanıstana yük daşıyır. Hazırda regionumuzda olduqca önəmli geosiyasi hadisələr cərəyan edir. Bu hadisələrin fonunda, xüsusilə Iranla bağlı ölkəmizin önəmi yüksəlməkdədir. Bütün bunlar isə Azərbaycanın beynəlxalq təhlükəsizlik sisteminə daxil olmasını zəruri edir. Ona görə də Xəzər sahilində radarların yerləşdirilməsi Azərbaycanın bu sistemə üzv olmasının görsənişidir”.


Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, Xəzərdə bu tip qurğuların yerləşdirilməsi Azərbaycanın maraqlarına uyğundur. Bu istiqamətdə danışıqların uzun müddətdir aparıldığını deyən Ü.Cəfərov vurğuladı ki, Azərbaycanın bu yöndə öhdəlik götürməsi də regionla bağlı Qərbin maraqlarından irəli gəlir: “Bu radarlar birbaşa Irana qarşı yönəlməyib. Həmin qurğular Azərbaycanın ərazi sularına nəzarət etməyə imkan verəcək. Bu, beynəlxalq terrorçuluqda, qaçaqmalçılıqda, bioloji silah daşınmasının qarşısının alınmasında Azərbaycanın Dövlət Sərhəd Xidmətinə, Dəniz Qüvvələrinə yardımçı olacaq. Əgər bu qurğular hər hansı başqa dövlətə qarşı yönəlibsə, o zaman bütün Xəzəryanı dövlətlər özünü hədəfdə görməlidir. Bu qurğular sadəcə olaraq 100 kilometrlərlə məsafədə sahilə nəzarət etməyə imkan verir”.

Xəyal