Prezidentin əmisi oğlu sahibkarları ayağa qaldırdı

İlqar Əliyev Xırdalanda 31 obyekti sökdürərək yerində ticarət mərkəzi tikdirmək istəyir

Dünən Xırdalandan olan bir qrup sahibkar mətbuat konfransı keçirərək bildirib ki, Abşeron rayonunun bu inzibati mərkəzində abadlıq işləri adı altında ticarət obyektləri dağıdılır. Sahibkar Ağarazi Həşimovun sözlərinə görə, şəhid ailələrinə, müharibə veteranlarına və birinci qrup əlillərə məxsus 31 obyekti sökmək istəyirlər.
Mətbuat konfransının iştirakçıları qeyd ediblər ki, Icra Hakimiyyəti öz hərəkətini abadlıq işləri ilə əsaslandırıb, lakin sonradan məlum olub ki, obyektlərin yerində Ilqar Əliyevə (dövlət başçısının əmisinin oğlu) məxsus bazar tikiləcək. Məmurlar söküləcək obyektlərin sahiblərinə bildiriblər ki, yeni ticarət mərkəzində obyektlər ayda min manata icarəyə veriləcək. “Biz özəlləşdirdiyimiz obyektlərin yerində tikilmiş sahələrin icarəyə verilməsinə razı deyilik. Belə olan halda qoy, prezidentin bəyan etdiyi kimi, ədalətli kompensasiya versinlər (bir kv. metrə görə 1,5 min manat), – sahibkarlar bildiriblər. Onlar bir dəfə Bakı-Sumqayıt yolunu bağlayıblar, Prezident Administrasiyasının qarşısında yürüş keçiriblər.
Sahibkarlar dünən KIV vasitəsilə hakimiyyətə və ictimaiyyətə müraciət ediblər, gələn həftə isə etiraz aksiyası keçirməyi planlaşdırırlar.