Çingiz Hüseynov: “İstəyirlər Azərbaycandan ancaq bir nəfər, dövlət başçısı tanınsın”
Hakimiyyətin tanınmış kinorejissor, Azərbaycan Kinematoqrafçılar Ittifaqının sədri, Ziyalılar Forumunun üzvü Rüstəm Ibrahimbəyova qarşı apardığı çirkin kampaniya davam etməkdədir. Iqtidar mənsubları və onlara xidmət edən mətbuatın Ibrahimbəyova hücumları səngimək bilmir.
Ancaq bütün bunlar cavabsız qalmır. Ölkənin tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri Rüstəm Ibrahimbəyova qarşı başlayan bu hücumları pisləyir və hakimiyyəti bu əməlindən əl çəkməyə çağırır. Moskvada yaşayan tanınmış yazıçı Çingiz Hüseynov da bu çirkin kampaniyaya qarşı çıxış edib.
“Ucala bilənin əl-qolunu, dilini bağlamağa çalışırlar”
“Azadlıq”a açıqlamasında o, hakimiyyətin Rüstəm Ibrahimbəyovun əleyhinə səsləndirdiyi fikirləri ilk növbədə iqtidar mənsublarının mentaliteti ilə əlaqələndirdi: “Bir azərbaycanlı dünya miqyasında tanınmağa, görünməyə başlayanda onun qarşısını kəsirlər. Istəmirlər kimsə ucalsın. Ucala bilənin əl-qolunu, dilini bağlamağa çalışırlar. Çünki istəyirlər Azərbaycandan ancaq bir nəfər, dövlət başçısı tanınsın, görünsün. Bu mentalitet bizdə əvvəl də olub, indi də davam edir. Rüstəm Ibrahimbəyov dünyada tanınıb, onunla hesablaşırlar. Onu müdafiə etməkdənsə, vururlar ki, görünməsin. Bu bizim xüsusiyyətimizdir və illərdir davam edir”.
Ç.Hüseynov R.Ibrahimbəyova görə dünyada azərbaycanlılara hörmət edildiyini, lakin hakimiyyətin bunun da qarşısını aldığını deyir: “Başqa bir azərbaycanlı dünya miqyasında görünəndə, əsərlərini təqdim edəndə deyirlər, bu, Rüstəm Ibrahimbəyovun millətindəndir. O adama tamamilə başqa münasibət olur. Ancaq biri də var desinlər, bu adam bir-birini qıran millətdəndir”.
“Dövlət mədəniyyət xadimi ilə bu dildə danışmamalıdır”
Tanınmış yazıçı Rüstəm Ibrahimbəyovun ünvanına səslənən ittihamlara da toxundu: “Bu məsələni iki yerə bölməliyik. Birincisi, biznes məsələsidir. Deyilənlərdən baş aça bilmirəm. Deyə bilmərəm kim haqlıdır, kim günahkar. Bunu məhkəmə həll etməlidir. Biri də var etika və estetika məsələsi. Bədii yaradıcılıq müzakirə olunmur deyə, estetika məsələsinə toxunmayaq. Əgər toxunsalar, onda o barədə danışaram. Amma indi söhbət etikadan gedir. Dövlət xadimi mədəniyyət adamı ilə o dildə danışmamalıdır. Belə danışmaq olmaz. Heç tanınmış, dünya miqyaslı olmasın, adi mədəniyyət xadimi də olsa, dövlət bu dildə danışmamalıdır. Bu dildə danışmaq yasaq olunmalıdır”.
“Müxalifətin ağzını bağlamaq istəyirlər”
Ç.Hüseynov Azərbaycan iqtidarının müxalifəti, yad fikri yasaqlamaq istədiyini və Ziyalılar Forumuna qarşı kampaniyanın da bununla bağlı olduğunu deyir: “Iqtidar müxalifətin olmasını istəmir, onu yasaqlamaq, müxtəlif yollarla ağzını bağlamaq istəyir. Rusiyada da vəziyyət eynilə Azərbaycanda olduğu kimidir. Ona görə də Ziyalılar Forumunu bəyənmirlər, onun fəaliyyətini istəmirlər. Ümumiyyətlə, Azərbaycanda müxalifəti sevmirlər, istəmirlər müxalifət olsun. Bizim xalqın mentaliteti belədir. Birinci şəxs nə deyirsə, hamı onun sözünə qulaq asmalıdır. Ona görə də Ziyalılar Forumuna cavab olaraq Rüstəmi tənqid edirlər”.
“Prezidentin tapşırığı olmadan heç kim bu işə qoşulmaz”
Ç.Hüseynov baş verənlərin ölkə başçısının tapşırığı ilə həyata keçdiyini də qeyd etdi: “Rüstəm özü də, başqaları da nədənsə iqtidar deyəndə prezidenti kənara qoyurlar. Guya prezidentin xəbəri yoxdur. Necə yəni xəbəri yoxdur? Bütün tapşırıqlar ondan gəlir. Heç kim prezidentsiz bu işə qoşulmaz. Rüstəm özü də bəzən iqtidarı iki hissəyə bölür, məmurlar və prezident. Belə ola bilməz”.
Fizzə