İlham Əliyevin 48 milyard məsələsindən xəbəri var

q alibeyli“Bu pullar ən yüksək səviyyədə, dövlət başçısı səviyyəsində ölkədən çıxarılıb”

Qulamhüseyn Əlibəyli: “Hakimiyyət deyir alimsən, şairsən, dramaturqsan dəxli yoxdur, mən nə deyirəmsə onu deməlisən, demirsənsə, deməli düşmənsən. Bu bir az faşist təfəkkürüdür”

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli gündəmin aktual məsələlərilə bağlı “Azadlıq”ın suallarını cavablandırır:    

Bu dəfə hakimiyyət qəfil yaxalanıb

– Qulamhüseyn bəy, bu gün ən çox müzakirə olunan məsələlərdən biri 1993-2010-cu illərdə Azərbaycandan offşor zonalara 48 milyard dollar pul ötürülməsidir. Bu fakt Britaniya parlamentinin himayəsiylə yaradılan “Tax Custice Network” (“Ədalətli Vergi Sistemi”) təşkilatının hesabatında əks olunub. Sizcə, normal ölkələrdə belə bir faktla bağlı nələr baş verərdi?
– Normal ölkələrdə cəmiyyət dərhal hakimiyyətdən izahat tələb edər və hakimiyyət də öz mövqeyini bildirərdi. Azərbaycan da normal ölkə olsa idi biz ən azı hakimiyyətin izahatını eşitməli idik. Bundan başqa Milli Məclis dərhal toplanmalı və istintaq komissiyası yaradılmalı, hakimiyyətin verdiyi izahatdan asılı olmayaraq məsələ ciddi şəkildə araşdırılmalı idi. Hesab edirəm ki, hətta indiki vəziyyətdə belə, hökumət, ölkə başçısı bu məsələyə reaksiya verməli idi. Amma susdular. Bu isə o anlama gəlir ki, dövlət başçısı baş verənlərdən xəbərdardır. Bu o deməkdir ki, həmin pulları ölkə başçısının özü, təbii ki, məmurları tərəfindən Azərbaycandan çıxarıb.

– Hesab edirsiniz ki, hakimiyyətin susqunluğu yalnız deyilənlərin həqiqət olması ilə bağlıdır?
– Bəli, hakimiyyətin susması onunla bağlıdır ki, bu əməliyyatı özü həyata keçirib. Bu pullar ən yüksək səviyyədə, dövlət başçısı səviyyəsində ölkədən çıxarılıb.

– Axı bundan əvvəl də oxşar açıqlamalar olub, həqiqət olmasına baxmayaraq hakimiyyət ciddi-cəhdlə deyilənləri təkzib etməyə çalışıb.  
– Doğrudur, bundan əvvəl oxşar hallar baş verib və hakimiyyət susmayıb. Amma nəzərə almaq lazımdır ki, bu dəfə hakimiyyət qəfil yaxalanıb. Hakimiyyətin baş verənləri sükutla izləməsində bu amilin də rolu olub. Hələ bilmirlər nə desinlər, vəziyyətdən necə çıxsınlar. Yəqin ki, yaxın vaxtlarda bir söz tapıb deyəcəklər, həmin Britaniya təşkilatına hücuma keçəcəklər.

Bu cəmiyyət bu gün sussa da ayağa qalxa bilən cəmiyyətdir

– Bu açıqlamanın ardı ola bilərmi? Yəni, Britaniya təşkilatı ümumi rəqəmdən detallara keçə bilərmi?
– Tamamilə mümkündür. Əgər yekun nəticə açıqlanıbsa, deməli bu rəqəm havadan götürülməyib və təşkilat pulların necə, kimlər tərəfindən çıxarılması barədə faktlara malikdir. Ola bilsin ki, həmin detallar da açıqlansın.

– Bu hadisəyə cəmiyyətin reaksiyası da sönük oldu. Bunun səbəbini nə ilə izah edərdiniz?
– Azərbaycan cəmiyyəti təkcə bu məsələyə deyil, son dövrdə özündə və ətrafında baş verən hadisələrə ya ümumiyyətlə reaksiya vermir, ya da çox sönük şəkildə mövqeyini bildirir. Bu gün bütövlükdə Azərbaycan cəmiyyəti susqun vəziyyətdədir. Hər şeyə laqeyddir cəmiyyət. Insanlar sadəcə olaraq gündəlik çörək pulu qazanmaq uğrunda mübarizə aparırlar. Ölkədə və ya ölkə ilə bağlı baş verənlərlə ya maraqlanmırlar, ya beziblər, ya da bu işləri xatalı hesab edirlər. Əlbəttə ki, burda təzyiqlərin də rolu var. Hakimiyyətin siyasətinə etiraz edənlərə qarşı ciddi təzyiqlərin olması insanlarda bir qədər xof yaradıb. Amma onu da vurğulamaq vacibdir ki, cəmiyyətin susqunluğuna arxayın olub hər şey etmək olmaz. Azərbaycan cəmiyyətinin reaksiyasından ehtiyat etmək lazımdır. Hakimiyyət düşünməlidir ki, bu cəmiyyət bu gün sussa da ayağa qalxa bilən cəmiyyətdir.

Əliyev dialoqun hansı şəkildə aparılacağının anonsunu verib

– Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov yenə müxalifətlə dialoqdan danışıb. Əli Həsənov bundan əvvəl də hakimiyyətin dialoqa hazır olduğunu bəyan etmişdi. Amma bu bəyanatdan sonra Ilham Əliyev müxalifəti təhqir etdi. Sizcə, ölkə başçısının məlum çıxışından sonra hakimiyyətin növbəti dialoq çağırışlarını səmimi saymaq olarmı?
– Əslində dialoq məsələsi yeni məsələ deyil. Hakimiyyət təxminən 20 ildir ki, dialoqdan danışır. Amma ortada heç bir nəticə yoxdur. Doğrudur, onlar dialoqun mahiyyətini özlərinə məxsus şəkildə izah edirlər. Məsələn kimsə bir yazı yazır və ya parlamentdə çıxış edir, deyirlər bu dialoqdur. Lakin cəmiyyətin gözlədiyi bu dialoq deyil. Dialoq fərdlərin öz mövqelərini açıqlaması anlamına gəlməməlidir. Dialoq o halda olur ki, cəmiyyətin bütün ictimai-siyasi qüvvələri bir masa arxasında oturub ölkənin problemlərini müzakirə edir, ortaq məxrəcə gəlirlər. Ən pis halda sadəcə müzakirə edirlər. Amma bu yoxdur axı. Nə vaxta qədər ki, dialoq xatirinə dialoq təşkil ediləcək belə olacaq. Əli Həsənov deyir ki, payızda müxalifət qüvvələri ilə dialoq olacaq. Lakin bundan əvvəl Ilham Əliyev müxalifəti təhqir edib və əslində dialoqun hansı şəkildə aparılacağının anonsunu verib. Belə dialoq isə nə hakimiyyətə, nə müxalifətə, nə də cəmiyyətə heç bir fayda verməyəcək.

Hakimiyyət korrupsiya ilə bağlı araşdırmaların qarşısını almaq istəyir

– Hakimiyyət “Informasiya əldə etmək haqqında” qanuna mürtəce dəyişikliklərdən sonra Nazirlər Kabineti bu dəyişikliklərə istinad edərək informasiya sorğusunun təmin edilmə şərtlərini və qaydalarını təsdiq edib. Informasiya sorğusunun pulla təmin edilməsi məsələsi cəmiyyətdə böyük narazılıqla yaranıb. Hesab edilir ki, əslində qanuna dəyişikliklər və onun əsasında Nazirlər Kabinetitinin qəbul etdiyi qərar informasiya azadlığının məhdudlaşdırılmasıdır. Bu fikirləri bölüşürsünüzmü?  
– Mən müəyyən məlumatların pulla verilməsini məqbul sayıram. Lakin bu qərarı, həmçinin “Informasiya əldə etmək haqqında” qanuna edilən dəyişiklikləri informasiyanın məhdudlaşdırılması kimi dəyərləndirirəm. Doğrudur, məlumatların pulla verilməsinin müəyyən qaydalarını müəyyənləşdiriblər. Lakin biz Azərbaycanda yaşayırıq və məmurların bu dəyişiklikdən şəxsi maraqları üçün geninə-boluna istifadə edəcəyi gün kimi aydındır. Fikrimcə, bu dəyişikliklər hakimiyyətin korrupsiya əməliyyatları ilə bağlı araşdırmalarının qarşısını almağa xidmət edir. Xüsusilə Azadlıq Radiosunun əməkdaşı Xədicə Ismayılın araşdırmaları hakimiyyəti belə tədbirlər görməyə məcbur edib. Amma hakimiyyət çətin ki, istəyinə nail olsun. Azərbaycan kimi ölkədə nəyisə gizlətmək mümkün deyil. Bir hadisə baş verən kimi 1-2 saatdan sonra hamı bilir.

Hakimiyyətin təfəkkürü 30-cu illərdə qalıb

– Ziyalılar Forumuna, xüsusilə tanınmış dramaturq Rüstəm Ibrahimbəyova qarşı kampaniyanı necə dəyərləndirirsiniz?
– Bu hakimiyyətin təfəkküründən irəli gəlir. Azərbaycan hakimiyyətinin idarəetmə təfəkkürü 30-cu illərdə qalıb. Bu bir qədər faşist təfəkkürünə yaxın bir şeydir. Hakimiyyət tutaq ki, Rüstəm Ibrahimbəyovun, Rafiq Əliyevin, Cəmil Həsənlinin cəmiyyətdə tutduğu mövqeyinə, elminə əhəmiyyət vermir. Deyir alimsən, şairsən, dramaturqsan dəxli yoxdur, mən nə deyirəmsə, onu deməlisən, demirsənsə, deməli düşmənsən. Bu bir az faşist təfəkkürüdür. Hakimiyyət anlamır ki, ziyalı xalqı narahat edən problemləri deməlidir. Ziyalı hakimiyyətin güzgüsüdür. Bizim ziyalılarımız nə deyir?! Deyir ki, korrupsiya olmasın, insanların siyasi və mülki hüquqları pozulmasın, seçkilər saxtalaşdırılmasın, ölkənin 48 milyard dollar pulu xaricə aparılmasın, bir qrup adam büdcənin hesabına varlanmasın və s. Hakimiyyət isə bu deyilənləri həzm edə bilmir. Çünki ziyalı aynasında özünü olduğu kimi görür. Bu baxımdan da ziyalılara qarşı kampaniya aparır, onlara təzyiq göstərir. Lakin bu kampaniyanın hakimiyyət üçün uğurlu nəticəsi olmayacaq. Bu gün kimlərsə Rüstəm Ibrahimbəyova qarşı danışa bilərlər, amma onlar deyil, məhz Rüstəm Ibrahimbəyov tarixdə qalacaq. Hakimiyyət anlamalıdır ki, bu təfəkkürlə ölkəni idarə etmək olmaz.

2013 hakimiyyət üçün çətin olacaq

– 2013-cü ildə keçirələcək prezident seçkisindən gözləntiləriniz nədir?
– Hesab edirəm ki, 2013-ci ildə cəmiyyət aktivləşəcəyi təqdirdə ciddi dəyişikliklərin şahidi olacağıq. Mən hesab edirəm ki, bu aktivlik olacaq. Çünki internet əsridir. Sosial şəbəkələr var və orada ciddi fəallıq müşahidə olunur. Fikrimcə, virtual aləmdəki fəallıq cəmiyyətə transfer ola bilər. Lakin təkcə bununla kifayətlənmək olmaz. Hesab edirəm ki, xalqla canlı ünsiyyət qurulmalıdır. Hər bir halda 2013-cü il seçkisi hakimiyyət üçün çox çətin olacaq.

Vidadi