Qərb mediası Azərbaycan rəsmisinin Olimpiadadan rüşvətə görə qovulduğunu yazır
Azərbaycanın adı Olimpiya oyunları tarixində görünməmiş rüsvayçı olaya bulaşıb. London Olimpiadasında boks üzrə yarışlarda şübhəli vasitələrlə qələbə qazanmaq istəyinə görə Azərbaycan Boks Federasiyası cəzalandırlıb. Federasiyanın vitse-prezidenti Ağacan Əbiyev Olimpiadadan kənarlaşdırılıb.
Sonradan qələbəsi ləğv olunan azərbaycanlı bokçu Məhəmməd Əbdülhəmidovu qalib elan etdiyi üçün Türkmənistandan olan referi İşanquli Meretniyazov da London Olimpiadasından qovularaq geri göndərilib. Qərarları Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) verib.
Məhəmməd Əbdülhəmidov rinqə avqustun 1-də çıxıb. Türkmənistandan olan referi onu xal hesabı yaponiyalı rəqibi üzərində qalib elan etsə də, sonradan AİBA nəticəni ləğv edib. Bununla bağlı AİBA-nın yaydığı rəsmi açıqlamada göstərilib ki, döyüşün videosuna baxdıqdan sonra azərbaycanlı boksçunun 3-cü raundda 6 dəfə yerə yıxıldığı məlum olub. Qaydalara əsasən, hakimlər ən azı 3 belə halı nəzərə almalıdırlar. AİBA qaydalarına əsasən, bu zaman hakim döyüşü dayandırmalı və texniki nokaut qərarı verməlidir. Beləliklə, Yaponiya tərəfinin apellyasiyası qəbul olunub və döyüşün nəticəsi ləğv edilib.
“Box Rec News” saytı yazır ki, Türkmənistanlı referi məhz AİBA-nın qaydalarını pozduğuna görə dərhal Olimpiya yarışlarından kənarlaşdırılıb. Eyni zamanda onun həmin döyüşə hakimlik edən almaniyalı həmkarına avqustun 6-na qədər, yəni 5 gün müddətinə yarışlara çıxmaq qadağan edilib.
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyevin konkret hansı əmələ görə, dərhal London Olimpiadasından xaric edildiyi açıqlanmasa da, AİBA-dan bildirilib ki, Azərbaycan rəsmisi davranış kodeksini bir neçə dəfə pozub. Oyunlar zamanı texniki heyətin, xüsusilə milli federasiyalardan olan şəxslərin yarışma ilə bağlı kiminləsə kontaktda olması qadağandır. Ağacan Əbiyev isə öz ölkəsinin idmançıları və federasiya rəsmiləri ilə ünsiyyət qaydalarını pozdub.
Ağacan Əbiyevin Olimpiadadan xaric edilməsi təklifini AİBA prezidentinə Olimpiada Komitəsi tövsiyə edib. AİBA-nın prezidenti Çing Kuo Vu bəyan edib ki, belə bir qərar verməyə məcbur olmalarına təəssüf edirlər. “Bizim başlıca vəzifəmiz yarışlarımızın bütövlüyünü və dürüstlüyünü qorumaq olub, bundan sonra da belə olacaq. Mən bunun möhkəmlənməsi üçün bütün mümkün addımları atacam”, – deyə AİBA prezidenti bildirib.
“CBS Sports” bildirib ki, Olimpiya rəsmiləri Azərbaycanın qızıl medal üçün rüşvət ödəmiş ola biləcəyi barədə iddaları araşdırırlar.
Tamamilə təbiidir ki, bu hadisə hələ Olimpiadadan xeyli əvvəl meydana çıxmış qalmaqalı bir daha gündəmə gətirəcək.
Olimpiadadan çox əvvəl BBC-nin “Newsnight” proqramı iki qızıl medal üçün Azərbaycanın 9 milyon dollar rüşvət ödədiyini iddia etmişdi
Olimpiya Oyunlarının təşkilatçılarından biri olan AİBA Azərbaycan vətəndaşının quruma yarışlarından biri üçün sponsor kimi 9 milyon dollar ödədiyini təsdiq edib.
“The Guardian” yazır ki, 2011-ci ilin dekabrında AİBA iddiaların araşdırılması üçün beş nəfərdən ibarət komissiya təşkil etsə də, təhqiqatın nəticələri elan edilməyib.
Ağacan Əbiyev isə Olimpiadadan uzaqlaşdırılması barədə xəbəri dolayısı ilə təsdiq edib. O bu barədə “Azadlıq” radiosuna bildirib: “Mənə telefonla deyiblər. Mən o qərarı heç görməmişəm (yarışdan uzaqlaşdırılması barədə qərarı nəzərdə tutur – red). İndi yarış olacaq, mən özüm AİBA-nın prezidentinə yaxınlaşacam soruşacam. Mənə heç bir söz deməyiblər. Özləri üçün yazıblar, qoy yazsınlar”.
ABŞ-da yayımlanan “The New York Post” qəzeti isə yazır ki, türkmən hakimin yarışlardan uzaqlaşdırlmasına səbəb rüşvət olub. Türkmənistanlı hakim Meretniyazova rüşvəti isə Ağacan Əbiyev təklif edib. O, rüşvət qarşılığında azərbaycanlı boksçunun zəif çıxışına baxmayaraq onu qalib elan edib.
İnformasiya şöbəsi