Ayman əl Zəvahirinin kiçik qardaşı son dəfə böyük qardaşıyla Bakıda görüşdüyünü deyib
Dünyanın bir nömrəli terrorçusu Üsamə ben Ladenin ABŞ xüsusi təyinatlıları tərəfindən öldürüldükdən sonra “Əl-Qaidə” terror şəbəkəsinin lideri seçilən Ayman əl Zəvahirinin kiçik qardaşı Məhəmməd əl Zəvahiri CNN-ə müsahibəsində maraqlı faktlar açıqlayıb. Əlavə edək ki, Məhəmməd əl Zəvahiri hazırda Misir paytaxtı Qahirədə yaşayır. O, Mübarək rejiminə qarşı etirazlar zamanı həbs olunmuşdu və bu ilin martında azadlığa buraxılmışdı.
Əl Zəvahiri CNN-ə müsahibəsində Yaxın Şərq və Şimali Afrika ölkələrini bürüyən üsyan dalğası, Mübarək rejiminin devrilməsi, böyük qardaşı Ayman əl Zəvahirinin “Əl-Qaidə” lideri seçilməsindən və ABŞ-ın terrorizmlə mübarizəsindən danışıb. “Əl Qaidə” liderinin kiçik qardaşı təşkilatın terrorizmdə günahlandırılmasıyla razılaşmayıb. O, islam və ədalət uğrunda mübarizə apardıqlarını bildirib.
1974-cü ildə Qahirə universitetinin məzunu olan Məhəmməd əl Zəvahiri Misirin keçmiş prezidenti Ənvər Sadatın öldürülməsinə görə ittiham edilənlərdən biri olub. O, 3 il həbs yatdıqdan sonra bəraət alıb və Misiri tərk etmək öhdəliyi götürüb. Bundan sonra o, “Əl-Qaidə” terror təşkilatına üzv olub. Əl Zəvahiri qardaşı “Əl-Qaidə”nin yeni lideri Ayman əl Zəvahiri ilə birlikdə bir müddət Sudanda yaşayıb. Sonradan Misirə qayıdan Əl Zəvahiri böyük qardaşı ilə müxtəlif ölkələrdə görüşüb.
Məhəmməd əl Zəvahiri CNN-ə müsahibəsində deyib ki, qardaşı ilə sonuncu dəfə 1996-ci ildə Azərbaycanda görüşüb. Məhəmməd müxtəlif illərdə olduğu ölkələrdə həbs edildiyini deyib. O, Yəmən və Birləşmiş Ərəb Əmirliklərində olduğu vaxt həbs edildiyini söyləyib. Maraqlı burasındadır ki, səfər etdiyi bütün ölkələrdə həbs olunan Məhəmməd əl Zəvahiri Azərbaycanda rahatlıqla hərəkət edə bilib. Üstəlik “Əl-Qaidə” terror təşkilatının rəhbərliyində təmsil olunan böyük qardaşı Ayman əl Zəvahiri ilə də görüşməyi bacarıb.
Turan