Azərbaycan kamalistləri

Kamalizm Türkiyədə bir ideoloji yöndür, onun daşıyıcıları özlərini Mustafa Kamal Paşanın ideyalarının tərənnümçüsü, davamçısı hesab edirlər. Özlərini bu ideyaların həyata keçirilməsindən yükümlü sayırlar.
Azərbaycan kamalistlərini isə onlarla əsla və əsla heç nə bağlamır. Heç bizim milli kamalistlərimizin ilham mənbəyi də Mustafa Kamal Paşa deyil, elə bizim öz Kamalımızdır – Kəmaləddin Heydərov. Onlar Heydərovun çeşidli media orqanlarında – saytlarda-maytlarda, qəzetlərdə-məzetlərdə, agentliklərdə-magentliklərdə çalışırlar, babat maaş və qonorar alırlar. Azərbaycan kamalistlərinin həmçinin öz partiyaları var, xeyli ekspert-mekspert, deputat-meputat, politoloq-molitoloq da göstərə bilərik ki, onlar milli kamalizmin görkəmli nümayəndələridir. “Jalə” şirələrinin keşiyində möhkəm dayanıblar, onların qorxusundan, hətta yanğınsöndürənləri, dəniz xilasedicilərini tənqid etmək belə, mümkün deyil.
O cümlədən, biz Kəmaləddin müəllimin uzatdığı yardım əlini öpərək, vətəndaş mövqelərini donduran, ictimai fəallıqdan imtina edən bir çox yaradıcı adamları da tanıyırıq, onlar özləri də bunu söyləməkdən çəkinmirlər artıq.
Türkiyə kamalistlərindən fərqli olaraq, Azərbaycan kamalistləri Cümhuriyyətçi deyillər, məsələn, tam əksinə, Heydərovun saytlarında, qəzetlərində xeyli imza göstərə bilərəm ki, onlar Xalq Cümhuriyyətini, onun müdafiə etdiyi dəyərləri böyük şövq və zövqlə söyürlər. Rəsulzadə haqqında “ingilis agenti”, “milli satqın” kimi bəhs edirlər.
Türkiyə kamalistlərinin ilkələrindən biri xalqçılıq olduğu halda, Azərbaycan kamalistlərinə xalq, onun ağrı və acıları yaddır. Bunlar xalqı əzən rejim qarşısında səssiz, təpkisiz qalıb, ölkədə baş verənlərə görə bütün suçu, günahı ortadakı iki-üç partiyaya, bir-iki qəzetə, beş-altı yazara yükləməklə məşğuldurlar. Məsələn, xalqın Çovdar yatağındakı qızıllarının talan edilməsinin hesabını heç vaxt istəməzlər, Dubaydakı mülkləri, Panamadakı offşor şirkətləri sorğulamazlar, di gəl, hansısa tənqidçi, müxalif qələmin yazısında cümlə səhvi axtararlar.
Türkiyə kamalistlərinin başqa bir ilkəsi inqilabçılıqdır (devrimçilik), Azərbaycan kamalistləri isə “inqilab” sözünə nifrət edirlər, hər cür dəyişikliyə qarşıdırlar. Onların fikrincə, Azərbaycan belə gəlib, belə də getməlidir, xalq və onun sərvətləri qiyamət gününədək bir ovuc adam tərəfindən talan olunmalı, sümürülməli, süründürülməli, heç kim də çıxıb buna qarşı güldən ağır söz deməməlidir. Hamı taleyilə razı olub oturmalı, uzaqbaşı haqsızlıqla ürəyində barışmamalı, amma bunu əsla üzə vurmamalıdır. Çünki bizim Qarabağ kimi dərdimiz var, dünyanın hər köşə-bucağı Azərbaycanı istəməyən qüvvələrlə doludur, gərək onların əlinə bəhanə verməyək.
Azərbaycan kamalistləri, hətta JEK müdirini belə, tənqid etmək səlahiyyətinə malik deyillər. Onların yalnız yas yerlərində stolun üstünə banan qoyulmasını, toylarda musiqinin yüksək səslə verilməsini, məhəllə dükanlarında vaxtı keçmiş ərzaq satılmasını tənqid etməyə icazələri var.
Azərbaycan kamalistlərinin arasında hər ideolojidən olan varlıqlara rast gələ bilərsiniz – liberal da, sosialist də, millətçi də, dinçi də, ateist də. Çünki onları hansısa yüksək mənəvi dəyərlər, ideallar birləşdirmir, onları birləşdirən tək dəyər yüksək maaş, babat qonorardır.
Maarifçi kimi görünməkdən ötrü sinov gedirlər, guya cəmiyyətin yeganə xilasını savadlanmaqda görürlər, amma təzəlikcə universitetlərə qəbul balları 150-yə salınanda, beləliklə, Azərbaycanda savadsızlığın, cəhalətin qələbəsi rəsmiləşəndə birinin də təpkisini eşitmədik, görmədik.
Guya dəhşətli dərəcədə tərəfsizdirlər, yaxşıya yaxşı, pisə pis deyirlər, amma indiyədək onların müxalifətdən başqa kiməsə pis dediklərini nə gördük, nə eşitdik.
Əksəriyyəti dönüklərdir, vaxtilə indi bəyənmədikləri, aşağıladıqları düşərgənin irəlidə gedənlərindən olublar. Bir zamanlar xeyli adamı susmaqda, vətəndaş mövqeyi bildirməməkdə, zülmə züy tutmaqda ittiham ediblər. Indi özləri onların yolu ilə gedir, hələ bu da azmış kimi, vicdanları sızlamadan susmayanları da suçlaya bilirlər. Çox üzsüz məxluqlardır, adam heç onlara deməyə söz də tapmır.