Tunis inqilabı bütün regionu yerindən oynadıb

 

Tunisdə koalisiya hökuməti qurulur; Qərb “həqiqi demokratiya”ya dəstək verir

 

Tunisin yeni rəhbərliyi milli birlik hökuməti formalaşdırır. Yanvarın 15-də and içmiş müvəqqəti prezident Fouad Mebazza baş nazir Mohammed Ghannouchidən koalision hökumət formalaşdırmağı xahiş edib. Yeni hökumətə bəzi müxalifət partiyalarının da daxil olacağı bildirilir.

Müxalifət liderləri, o cümlədən, Najib Chebbi və Mustafa Ben Jaafar baş nazirin onlarla əlaqə saxladığını təsdiqləyib: “Cənab Ghannouchi bizə milli birlik hökumətinin yaranmasında iştirak etməyi təklif edib. Bu hökumət demokratik qüvvələr, yəni, bizim partiya və digər iki partiya üçün açıq olacaq”.

Chebbinin sölərinə görə, o 6, ya da 7 ay ərzində parlament seçkilərinin keçirilməsini istəyib.

Başqa bir müxalifət lideri, İslam Partiyasının mühacirətdə olan rəhbəri Rached Ghannouchi bir neçə həftəyə ölkəyə dönəcəyini bildirib.

Tunisin Konstitusiyasına əsasən, ölkədə 2 ay ərzində yeni prezident seçkiləri keçirilməlidir.

QƏRBDƏN REAKSİYA

Qərb liderləri, o cümlədən, Fransa prezidenti Nicolas Sarkozy və Almaniyanın kansleri Angela Merkel Tunisi azad və ədalətli seçkilər keçirməyə çağırıb. Merkel deyib ki, Avropa Birliyi Tunisdə “həqiqi demokratiyanı” dəstəkləyəcək.

TUNİS HADİSƏLƏRİ REGİON ÜÇÜN NÜMUNƏ OLA BİLƏR

Tunisdəki hadisələri ərəb dünyası çox diqqətlə izləyir. “Facebook”, “Twitter” kimi sosial şəbəkələrdə və bloqlarda Tunis xalqına dəstək və təbrik mesajları göndərilir.

Ərəb dünyasında bəzi müxalif siyasətçilər Tunisdə avtoritar prezidentin devrilməsinə gətirib çıxarmış küçə nümayişlərinin region üçün nümunə ola biləcəyini, başqalarını da həvəsləndirəcəyini proqnozlaşdırırlar.

Küveytdə müxalifətçi deputat Ahmad al-Saadun bildirib ki, Tunis hadisələri regionun bütün xalqları üçün dərs olmalıdır: “Tunis xalqının tiranlığa qarşı qiyamı regionun ən böyük tiranının və azadlığın ən böyük düşməninin – Səddam Hüseynin müttəfiqlərindən birinin ölkədən qaçmasına gətirib çıxardı”.

Küveytin başqa bir müxalifətçi deputatı Waleed al-Tabtabai isə bildirib ki, öz xalqını istismar edən bütün rejimləri eyni tale gözləyir.

MİSİRDƏ AKSİYA KEÇİRİLİB

Yanvarın 16-ı Misirdəki Tunis səfirliyi qarşısında mitinq olub. Mitinqçilər Misirlə qonşu Tunis arasında paralellər apararaq bildiriblər ki, uzun müddətdir avtoritar prezidentlərin idarə etdiyi hər iki ölkə korrupsiyadan, kasıbçılıqdan və azadlığın olmamasından əziyyət çəkir.

Mitinqdə çıxış edənlər deyiblər ki, Tunisdə baş verənlər onlarda ümid yaradıb. Onlar da tezliklə Tunisdəki kimi diktaturanı yıxacaqlar.

Misir prezidenti Hosni Mubarak 30 ildir ki, ölkəni idarə edir.

Bəhreyndə isə Tunis səfirliyi qarşısında oxşar mitinqə icazə verilməyib. Regionun uzun müddət hakimiyyətdə olan başqa avtoritar rəhbəri, Liviya prezidenti Muammar Gaddafi Tunisdəki hadisələri pisləyib. Bildirib ki, o baş verən hadisələrdən məyus olub (“Azadlıq” radiosu).