Məni ən çox heyrətə gətirən cənabımızın xalqa, millətə göstərdiyi dəhşətli diqqətin, atalıq qayğısının təzahürləridir. Bu “təzahürlər” qəflətən, gözlənilmədən, bədahətən elə yerlərdən fontan vurub çıxır ki, Hacıbala müəllimin özü belə çaş-baş qalır.
Özünüz deyin, hansı prezident cəmi-cümlətani 15 kilometrlik kənd yolunun açılışını etmək üçün ölkənin bu başından vurub, o biri başından çıxar?
Yalnız Ilham Əliyev kimi xalqın himayədarı olan prezident! Cənabımız 15 kilometrlik Cəlilabad-Sadatlı yolunun açılışında şəxsən iştirak etmək üçün bu qorabişirən ayda, 42 dərəcə istinin altında, ərinmədən, çəkinmədən 300 kilometr yol gedirsə, bu, qayğı deyil, bəs, nədir?
Məhz və məhz bu qayğıkeşlik siyasətinin məntiqi davamıdır ki, ilk dəfə olaraq olimpiadada 14 idman növü üzrə 53 idmançımız iştirak edir. Bu, rekord göstəricidir, hələ heç vaxt Azərbaycandan olimpiadaya 53 idmançı yollanmayıb.
Idmançıların sırasına baxanda adam mütəəssir olmaya bilmir: Yevgeni Lazuka, Yelena Vıstropova, Valentin Demyanenko, Yelena Tsalx, Sergey Bezuqlıy, Maksim Propokenko… kimi adlar, legionerlər göz oxşayır. Idmana nə təhər qayğı göstəririksə, bütün dünyadan legionerlər Azərbaycanın adını qaldırmaq üçün yığışıb gəlirlər.
Əslində, mən özüm də Azərbaycanda idmanın inkişafını belə görürəm. Nəyimizə lazımdır ki, ölkəmizin vətəndaşı hansısa ağırlığa güc eləsin. Güc verər, birdən, Allah eləməmiş, bağırsağı-zadı partlayar, bir vətəndaşımızın həyatı təhlükəyə düşər. Heç Ilham Əliyev kimi qədirbilən xalqımızın qədirbilən prezidenti razı olarmı ki, Azərbaycan vətəndaşı dəmiri başının üstünə qaldırmaq üçün əziyyət çəksin?
Ona görə də hörmətlimiz olimpiadaya əcnəbiləri göndərməklə çox düzgün bir siyasi xətt yürüdür!
Əsas puldur! Ver pulunu, tut idmançını, qoy gedib səninçün ağırlıq qaldırsın! Amma təbii ki, pulu verəndə aldığın “mala” da baxmalısan. Hesab edirəm ki, möhtərəmimizin idmana səpələdiyi pulları bəzi yaramazlar göyə sovurmaqla məşğuldurlar. Valentin Xristova pul vermişdik ki, gedib bizə qızıl medal gətirsin, bürüncü güc-bəla ilə aldı.
Hələ Xristova şükür! O birilərinə verdiklərimiz pul gözlərindən piltə-piltə tökülsün! Zəhmət çəkmişik, neft pullarına 27 ədəd legioner tutmuşuq ki, olimpiadaya gedən idmançılarımızın statistikasını 53-ə çatdıraq və bütün dünyanın gözünə soxaq ki, bizdə idman inkişaf edir, onlar da gedib, medal gətirmək əvəzinə bir qapaza sıradan çıxırlar.
Yazıq Azad Rəhimov “bizi bir neçə qızıl medal qane edə bilər” deyib də bunları olimpiadaya yola salmadımı? Demədimi ki, gedin, Azərbaycana qızıl medal gətirin? Indi neyləsin Azad Rəhimov? Keçirdiyi mətbuat konfranslarında dediyi gurultulu sözlərə görə xalqın möhtərəminin üzünə necə baxsın? Ay müxənnətlər, adamın inamının içinə də belə zəqqum doğrayarlar?
Yeri gəlmişkən, nə sirri-xudadırsa, bu neft pullarının duzu olmur. Yaxşı, 3 milyona at aldıq, gedib dombalaq aşdı, dinmədik ki, atdır – nə qanır ki, buna 3 milyon neft pulu saymışıq? Bəs, adama nə deyirsən? Yəni 27 legioner manqurtdur ki, onlara bu xalqın sərvətinin peşkəş edildiyini qanmasın və olimpiadanın elə ilk qarşılaşmasındaca uduzub sıradan çıxsın?
Ümumiyyətlə, bu nə deməkdir, axı: at alırıq, dombalaq aşır; legioner tuturuq, rinqdə kəlləmayallaq olur… Işə bax ki, yol çəkirik – uçur, körpü tikirik – dağılır… Hətta Dubayda 4 yanaşı villa alırıq – onun da tualeti çökür.
Belə dərd, belə zillət olmaz. Idmana, xalqa bu qədər qayğı göstərəsən, əvəzində heç bir nəticə görməyəsən… Daha buna söz tapa bilmirəm.
Hesab edirəm ki, möhtərəmimizin qayğısını gözü götürməyənlərin bəd nəzəri səbəbindən idmanımızın sürətli inkişafında yeraltı silkələnmələr qeydə alınmaqdadır. “Akademik avarçəkmə” yarışlarında iştirak etməyən, amma ölkənin siyasi dolanbaclarında akademikcəsinə avar çəkən hörmətli akademiklərdən məsləhət almaq lazımdır ki, bu nankorların bəd nəzərindən yayınmaq üçün görək, nağayraq, nə təhər edək?

İdmana qayğını gözü götürməyən nankorlar
•