Koordinasiya Şurasının iclasında hakimiyyətə mətbuata qarşı təzyiqlərə son qoymağa çağırış edildi
Ictimai Palatanın Koordinasiya Şurasının dünən keçirilən növbəti iclasında əsas müzakirə mövzusu mətbuata qarşı təzyiqlər olub. Bu barədə qəzetimizə Koordinasiya Şurasının üzvü AXCP sədri Əli Kərimli məlumat verib.
Onun sözlərinə görə, iclasda “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin cərmlənməsi azad mətbuata təzyiq kimi dəyərləndirilib. Həmçinin “Yeni Müsavat” qəzetinin veb-səhifəsi də daxil olmaqla, bir çox xəbər portallarına xaker hücumunun məqsədli şəkildə təşkil edildiyi bildirilib. “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin satışına Naxçıvan Muxtar Respublikasında qadağa qoyulmasının da azad mətbuatın susdurulmasına yönəlik addım olduğu bildirilib. Koordinasiya Şurası baş verənləri pisləyib və hakimiyyəti mətbuata qarşı təzyiqlərə son qoymağa çağırıb.
Daha sonra iclasda təhsil sistemindəki acınacaqlı vəziyyət müzakirə edilib. Koordinasiya Şurası bu məsələ ilə bağlı növbəti həftə dinləmələrin keçirilməsi barədə qərar qəbul edib.
Ictimai Palatanın işinin təşkili ilə bağlı da müzakirələr aparılıb. Qurumun 9 rayonda yerli təşkilatının yaradılması qərara alınıb.