Olimpiada medalları, daha doğrusu onların qazanılmaması gündəmin əsas mövzusudur. Çünki Azərbaycanın şanlı hakimiyyəti bu medallara o qədər önəm verirdi ki, guya onlar olmasaydı, biz batardıq. Illərdir xalqın başını bu kimi şeylərlə yozurlar. Mənasız musiqi və idman yarışlarındakı bəzi uğurların siyasi mədhiyyələri cəmiyyəti zinhara gətirib. Klassik “tamaşa və çörək” oyunudur, amma internet dövründə klassik məqsədə də yaramır.
Birincisi, YAP hakimiyyəti anlamır ki, bu cür idarəetmə ilə heç idman sektorunu da qaldırmaq mümkün deyil. Baxın, idman federasiyalarına da korrupsioner məmurlar rəhbərlik edir, onların düşüncəsi isə yalnız pulla xaricdən legioner almağa yetər. Bu nə oyunbazlıqdır, nazirin işi-gücü yoxdur ki, idman federasiyasına başçılıq edir? Onlar idmançıdır məgər? Yaxşı pul yığmaq insanda idmançılıq göstəricisidir?
Idmanın inkişafı ölkənin həqiqi inkişafından qaynaqlanmalıdır. Bu ölkədə normal xəstəxana yoxdur, normal orta məktəb yoxdur, ədalət və sağlam rəqabət yoxdur. Axı təkcə binalarla inkişaf olur? Özünün idman ənənələri olan ölkələr var, amma yalnız güclü və rifahlı cəmiyyət qurmaqla müasir idman ənənələri olan ölkə yaratmaq mümkündür. Ikincisi, vacib məsələ odur ki, idman uğurları özü ikinci dərəcəli bir şeydir. Hələ elə bir ölkə yoxdur ki, orada insanlar olimpiada medallarının olmamasının dərdini çəksinlər. Məsələn, çıxıb mitinq eləsinlər buna görə, yaxud bunu milli problem elan etsinlər. Götürək, Braziliyanı. Ən birinci futbol ölkəsidir, amma eşidibsinizmi ki, yaxşı yaşayış dalınca gedən bir kimsə o ölkəyə üz tutsun? Əksinə, braziliyalılar Avropada yaşamaq üçün əldən-ayaqdan gedir, hətta ən yaxşı futbolçuları.
Soruşa bilərsiniz ki, bəs birinci dərəcəli uğurlar nədir? Uğurların dərəcəsi olurmu? Bəli, uğurların da önəmlisi var. Hazırda dünyada müasirlik indeksi deyilən bir anlayış var. Bu anlayışa bir çox indekslər daxildir. Bunlar insan inkişaf indeksi, şəffaflıq indeksi, siyasi azadlıqların vəziyyəti, söz azadlığı indeksi, Katon Institutunun müəyyən etdiyi bəzi iqtisadi indekslər, təhsil, səhiyyə, sağlamlıqla bağlı göstəricilərdir. Bunları da nüfuzlu qeyri-hökumət təşkilatları, BMT-nin qurumları və digər beynəlxalq təşkilatlar müəyyən edir. Həmin hesabatlar istənilən ölkə üçün bir mayakdır. Normal hökumətlər və cəmiyyətlər bu hesabatlar əsasında yola çıxır…
Amma adı bu hesabatlarda ən pis yerlərdə olan Azərbaycanın hakimiyyəti həmin sənədləri düşmən ittihamı sayır. Bundan sonra min dərdin içində boğulan, azadlıq eşqi ilə yanan azərbaycanlılar həmin hökumətin idman medalı eşqinə bir “dütdülü”, yaxud saqqal darağı eşqi kimi baxmazmı?
Bir neçə gün öncə Şimali Koreyadan olan idmançı ağırlıqqaldırmada dünya və olimpiada rekordunu qırdı, amma sevinəcək bir ölkələri varmı onun həmvətənlərinin?! Məsələ budur.
Dünən bu haqda Facebook-da yazılanlar
Əli Quliyev: Azərbaycanda idmana, musiqiyə olan dövlət qayğısının mində biri elmə, təhsilə niyə qoyulmur?!
Rahim Namazov: Elnur başqa ölkədə sənətinə davam etsəydi, yenə də əməlli-başlı uğur qazanardı…
Mirzə Sakit: O idmançı ki, idmanın və dövlətin şərəfini qorumaqdan çox hakimiyyətin əl-qoluna dönüb meydanlarda xalqı döyməklə lovğalanacaqsa, xalqın ah-naləsi idmançıya hər zaman məğlubiyyət gətirəcək.
Bəşir Süleymanlı: Ilham Əliyev heç olmasa Olimpiya Komitəsinin prezidentliyindən istefa versin…
Kənan: AzTV-də keçən ilin uğurlarını göstərirlər, bu ilin uğursuzluqlarını ört-basdır etmək üçün, hansı əxlaqa sığır bu?
Cəmil Məmmədli: Idman ili Azərbaycana düşmədi….
Kamran Süleymanov: Imtahanda 700 bal toplayan 2 abituriyentdən biri Siyəzəndə evlərini satıb Məhəmmədi kəndində qalır, o birisi ailəvi yataqxanada. Üçüncü yerə çıxan bolqara isə 200 min manat verəcəksiniz, bəs bu yetimlərə nə veriləcək? Hansılar dövlətimizə çox xeyir verəcək?

Azadlıq hesabatlarında ən pis yerlərdəyiksə, idman medalları nəyi dəyişəcək?
•