Qanunun səddindən kənardakı dünya

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Talehlə mənimlə söhbəti davam etdirir:
– Sən onsuz da söyüş söyən adam deyilsən və bu, həbsxanada çox ciddi şərtlərdən biridir. Başqasını söyüşlə təhqir etmək olmaz. Söyüşü qəbul etmək də olmaz. Birisi söyürsə, onun ağzının üstündən dərhal vurmaq lazımdır. Yedinsə, sənindir demək. Söyüşü qəbul etmək özünü həmin söyüşlə ifadə edilən davranışa layiq saymaq deməkdir. Bunun nəticəsi olur. Bir müddət sonra səninlə hamı elə davranır – qəbul etdiyin söyüşün mahiyyətinə uyğun. Söyüş söyən adamı vurmamaq da olar. Amma bundan ötrü onu dediyinə peşman edən başqa variantlara baş vurmaq lazımdır. Məsələn, bir qrup adamın qarşısında ondan tələb etmək olar ki, söydüyü söyüşə görə haqlı olduğunu əsaslandırsın, “obosnovat” eləsin. Bu, həbsxanalarda ən çox rast gəlinən və ən qəddar mübahisə başlanğıcıdır. Əgər əsaslandıra bilməsə, yalnız bundan sonra onu vurmaq, – ölümünə yox, elə-belə, yüngülvarı və təhqiramiz formada vurmaq – olar. Əgər sonu bu cür qurtarmayacaqsa, o halda “əsaslandır!” tələbini irəli sürən adamın, sadəcə, bir “lox” olduğu, öz ləyaqətini qorumaq üçün riskə hazır olmayan birisi olduğu üzə çıxacaq. Buna görə də birinci halda vurmaq daha effektiv vasitə sayılır. Amma səbəbsiz və ya haqsız olduğun halda, kiminsə kiməsə əl qaldırması böyük qəbahət sayılır. Yetərincə əsasın və açığı, sənin mövqeyini dəstəkləyəcək çevrən yoxdursa, haqlı olduğun halda əl qaldırmaq da eyni cür qiymətləndiriləcək. Bu halda, səni sorğulayacaq tərəfə “sizin nə haqqınız var?” tələbi irəli sürə bilərsən, amma bunun üçün də güclü arqumentlərin olmalıdır. Ağzından çıxan bütün sözlər sənin əleyhinə istifadə edilə bilər. Buna görə də mübahisə zamanı hökmən soyuqqanlı olmalısan. Əsəbiləşib deyə biləcəyin əsassız söz iftira kimi yozula bilər. Mübahisə zamanı mübahisə predmetini genişləndirmə, mübahisə etdiyin tərəfin başqa, daha hansısa qəbahətlərini bildiyini göstərməyə çalışma. Bu da adamın əleyhinə işlənən şeydir. Birincisi, soruşa bilərlər ki, bu adamın belə bir qəbahəti vardısa, vaxtında niyə demədin? Ikincisi, daha çox qəbahəti sübut etmək üçün daha çox arqument tələb olunur… Amma bütün bunlar sənə lazım olmayacaq.
– Niyə elə fikirləşirsən?
– Mən bu xarabada təcrübəli adam sayıram. Bundan sonra burada on il də qalsan, bu bir-iki həftədə götürdüyün start səni axıra qədər izləyəcək. Əgər dəhşətli bir “çp” baş verməsə, kimsə sənə qarşı gəlməyəcək. Səndən tələb etməyəcəklər. Səndən xahiş edəcəklər. Buna əminəm.
Taleh həbsxanalarda vaxtını boşuna keçirməmişdi, ağıllı savadlı, zəkalı və geniş mühakimə qabiliyyətinə sahib adam idi. Böyük mütaliəsi və zəngin həyat təcrübəsi vardı. Bu həyat təcrübəsinin yalnız həbsxana həyatını əhatə etdiyini isə sonralar biləcəkdim. Amma həbsxanada olduğum müddətdə ona dəstək verəcəyimi qətiləşdirdim. Ən azından, burada yeganə adam idi ki, mənim istədiyim bütün məsələlər barədə onunla söhbət etmək, müzakirə açmaq, hətta mübahisə etmək olardı. Bu korpusda başqa belə bir adam yox idi və olacağını da gözləmirdim…
Əlbəttə, bunu mən ondan xahiş etdim, “həbsxana qaydaları, oğru qanunları haqqında danış”, – dedim. Təbii, Taleh Sokrat deyildi və mən də onun məktəbinin müdavimi olmağa hazırlaşmırdım. Bu söhbət ayaq üstə, “tasovka” zamanı baş tuta bilərdi. 2-ci korpusun balaca həyətini o baş-bu başa var-gəl edə-edə Talehin mühazirələrini dinləməyə başladım. O, çox rəvan – yarı rusca, yarı türkcə danışırdı. Ruscası daha səlist idi – orta məktəbi rus dilində bitirib təhsilini Rusiyanın həbs düşərgələrində “davam etdirdiyinə” görə, yəqin ki! Amma türkcəsi də gözəl və savadlı idi:
– Qanun elə bir səddir ki, onu aşandan sonra yeni, bambaşqa bir dünya başlayır. Qanunun səddindən kənardakı dünyanın da öz iyerarxiyası, öz kodeksi və öz monarxları mövcuddur. Qanundankənar cinayətkar dünya cəngəlliklərdə olduğu kimidir; hər kəs bacardığı kimi sağ qalmağa çalışır və hər kəs yalnız özünə cavabdehdir. Iki dünya arasında doğru səddi müəyyənləşdirmək üçün səddin hər iki tərəfində hökm sürən qanun və qanunsuzluğu, həyat şəraitini, hakimiyyət rıçaqlarını düzgün təsəvvür etməyi bacarmaq lazımdır.
Cinayətkar aləmdə “oğru” nominasiyası var. Bir əsrə yaxındır ki, dildən-dilə ötürülür, qorunub saxlanılır. Onlara həyatın və qanunun verdiyi ad – “qanuni oğrular”dır. Qanun mükəmməlliyin ən yüksək zirvəsidir. Bu zirvəyə yüksələndən sonra cəmiyyət ətraf dünya tərəfindən sayılmağa, hörmət görməyə başlayır. Qanun – hər bir cəmiyyətin gücüdü və köhnə qul təfəkkürüylə hər kəs güc qarşısında diz üstə çökür. Qanuna hörmət etmək istəyənlər isə güc başlanğıcının şüur səviyyəsinə müraciət edirlər. Həmin bu gücün ali başlanğıca nə dərəcədə tabe olduğunu, nə dərəcədə ondan doğduğunu, onun vasitəsinə və xidməti silahına çevrildiyini müəyyənləşdirmək və təyin etmək lazımdı…
“Oğru qanunu” nədi? Bu da ali başlanğıca bağlı bir gücdümü? Oğru aləminin və ideyasının onurğa beynini təşkil edən “qanun” ən başından çox sərt və qəddar idi. Başqa cür ola bilməzdi. Əks təqdirdə, inzibati hakimiyyətin və taleyin təzyiqi altında əzilən yeni cəmiyyət xarici təzyiqlərlə və eyni zamanda, daxili çəkişmələrlə necə mübarizə apara bilərdi?! Mərhəmətə, nəvazişə, “ayı” nəzakətinə və zəifliklərə bu cəmiyyətdə yer yox idi. Cinayət aləminin elitasına yalnız hiylə, məkr, dəqiq hesab və yırtıcı duyumu hökmran idi. Taleyin hökmü və cinayət aləminin qərarı ilə “zakonnik” tituluna layiq görülmüş avtoritetli oğru bu dünyanın həm üzvünə, həm də patriarxına çevrilirdi. Onun taleyi və həyatı hamı üçün nümunə olurdu və daim təhlükə altında qalırdı. Qanuni oğru məsuliyyət sahibiydi və cinayət aləminin hər bir vicdanlı üzvünün taleyinə və şərəfinə görə cavabdehlik daşıyırdı. Oğrunun harda, hansı şəraitdə olmasından asılı olmayaraq, təqdim etdiyi qanunla cinayət aləminin vicdanlı qisminin qayğısına qalmağa və insan haqlarını qorumağa borclu idi.
Oğru patriarxsa da, kütlə də əmin olmalı idi ki, oğru qanunları hamı üçün birdi və hər kəs bu qanun qarşısında istisnasız bərabərdi. Öz canını qurtarmaqdan ötrü və kommuna naminə! Qardaşın qardaşı öldürdüyü, “pavlik morozov”ların təbliğ olunduğu, qardaşı və ya oğlu “oğru” olduğu üçün bacıların, anaların güllələndiyi, bütün millətlərin düşünən beyinlərinin, cəmiyyətin görkəmli nümayəndələrinin sümükləri üzərində “Belamor” kanallarının çəkildiyi, Maqadan və Sibir “zek”lərinin canı-qanı bahasına beşillik proqramları 200 faizlik norma ilə başa vuran ölkənin “donos”lar və “anonimka”lar içində boğulduğu o zamankı gedər-gəlməzi və cəhənnəmi xatırladan cinayət aləminin “zek”lərinin qəlblərində şahın qanun deyil, qanunun şah olduğuna dair möhkəm əminlik, inam yaranmalıydı.
Bu baxımdan, “qanun”un niyə belə mərhəmətsiz, qəddar formalaşdığını başa düşmək olar. “Oğru dünyası” hakim qaydalarla amansız döyüşə girməli olmuşdu. Oğruların özünəməxsus qanunlar toplusu hakim qurumlara qarşı müharibədə əsas vasitələrdən birinə çevrildi.

Ardı var