Misirlə İsrail arasında məktub böhranı

Təl Əviv Mursinin Peresə təbrik məktubu yazdığını, Qahirə isə əksini iddia edir

Misir ilə İsrail arasında məktub böhranı yaşanır. Misir prezidenti Məhəmməd Mursinin israilli həmkarı Şimon Peresə Ramazan ayı münasibətilə təbrik məktubu göndərdiyi bildirilsə də, rəsmi Qahirə məktubun uyrduma olduğunu açıqlayıb. Mübarək rejiminin devrilməsində xüsusi rolu oynamış “Müsəlman Qardaşları”nın siyasi qanadını təmsil edən və seçki kampaniyası boyunca İsrail əleyhinə bəyanatlar səsləndirən Mursinin Şimon Peresə ünvanladığı məktubun İsrail mətbuatında yer almasından sonra Misir prezidenti xəbərləri təkzib edib.

Türkiyənin “Anadolu” agentliyinə danışan Misir prezidentinin sözçüsü Yasir Əli İsrail mətbuatında yayılan xəbərlərin əsassız olduğunu söyləyib və olayı “böhtan” adlandırıb”. Məktubun gerçək olduğunu israr edən İsrail rəsmiləri isə məktubun Misir rəhbərliyinin məlumatı daxilində media ilə paylaşıldığını bildirib. Qalmaqala səbəb olan məktubda Məhəmməd Mursinin Şimon Peresə Yaxın Şərqdə sülh prosesinin yenidən nəzərdən keçirilməsi istiqamətində rəsmi Qahirənin əlindən gələni etməyə hazır olduğu dediyi iddia olunur.

Əlavə edək ki, Mursinin iqtidara gəlməsindən bu yana İsrail ilə əlaqələrin zədələnəcəyi iddia olunurdu. Ancaq Mursi Misirin keçmiş prezidenti Ənvər Sədatın 1979-ci ildə İsrail ilə imzaladığı sülh razılaşmasını referenduma çıxarmadığı kimi Qəzzanı mühasirədən qurtaracaq Rifah sərhəd darvazasını da açmadı.